Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-212/2022 08.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndləsi və vəkili X12, Cavabdeh cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin təmirinə görə çəkilmiş xərclərin alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı “mənzilin təmirinə görə çəkilmiş xərclərin alınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin 68 nömrəli mənzilinin təmirinə görə çəkdiyi 32500 (otuz iki min beş yüz) manat məbləğində xərcin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlliləri Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı halhazırda qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin 68 mənzilinə olan istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinə, İddiaçı və nikahlı arvadı X3 uşaqları - 02 sentyabr 2009-cu il təvəllüdlü X9 və 24 noyabr 2010-cu il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin 68 mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin 68 mənzili atası X4 Bakı Çinar Soyuducuları zavodunda işlədiyi üçün zavod işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə verilmişdir. Atası xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra o, özünə düşən miras payını anası Cavabdeh bağışlamışdır. O, 1987-ci ildən həmin mənzildə yaşayır. xx.xx.2008-ci il tarixində o, X10 ilə rəsmi nikaha daxil olmuş və sonuncu həmin mənzilə gəlin köçmüş, özünün cehiz əşyalarını da həmin mənzilə gətirmişdir. Nikaha daxil olduqdan sonra onların övladları - 02 sentyabr 2009-cu il təvəllüdlü X9 və 24 noyabr 2010cu il təvəllüdlü X7 dünyaya gəlmişdir. Hal-hazırda o, öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin 68 mənzilində yaşayır. Mənzildə yaşadığı dövr ərzində mənzilin bütün kommunal xidmətlərini vaxtı-vaxtında ödəmiş, bir neçə dəfə mənzili təmir etmiş və buna görə vəsait xərcləmişdir. Belə ki, o, 2007-ci ildə və 2013-2014-cü illərdə 2 dəfə mənzili əsaslı təmir etmişdir. Mənzilin təmiri zamanı mənzilin bütün qapıları və pəncərələri iddiaçının şəxsi vəsaiti hesabına yenisi ilə əvəz olunmuşdur. Yaşadığı mənzil bərbad vəziyyətdə olduğu üçün mənzili təmir etməyə zərurət yaranmışdır. Buna görə də mənzildə sanuzel sistemi də daxil olmaqla mənzil yenidən iddiaçının şəxsi vəsaiti hesabına əsaslı təmir olunmuş, təmir üçün lazım olan bütün tikinti materialları iddiaçının vəsaiti hesabına alınmış, mənzili təmir edən ustaların haqqı şəxsi vəsaiti hesabına iddiaçı tərəfindən ödənilmişdir. Bunun üçün də iddiaçı mənzilin təmir xərclərinə görə ümumilikdə 32500 manat məbləğində vəsait sərf etmişdir. İddiaçı hal-hazırda anasının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin 68 mənzilinin təmirinə görə 32500 manat məbləğində vəsait xərcləmişdir. Anası isə onun və ailə üzvlərinin sözügedən mənzilə istifadə hüquqlarına xitam verilməsi və onun həmin mənzildən çıxarılmasının tələbi ilə məhkəməyə müraciət etmiş və hal-hazırda iddiasını müdafiə etməkdədir. Belə olduğu halda hesab edir ki, onun da mənzilin təmirinə görə xərclədiyi vəsaiti cavabdehdən tələb etmək üçün subyektiv hüququ vardır. Ona görə də iddia tələbində göstərdiyi vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Tərəflərin izahatları İddiaçı iddia ərizəsini müdafiə edərək, izahatında iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndləsi və vəkili X20 iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, bildirdi ki, iddiaçı həmin evdə yaşayırdı və evdən çıxarılacağından xəbərsiz idi. Evdən çıxarıldığını bildiyi andan məhkəməyə müraciət etimşdir. Odur ki, iddia müddətinin tətbiqi barədə ərizə təmin edilməməlidir. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin 68 saylı mənzili özünün xüsusi mülkiyyətindədir. İddiaçı onun oğludur. O, öz iddia ərizəsində göstərir ki, guya mənzili 2007-ci ildə və 2013-2014-cü illərdə iki dəfə əsaslı təmir etdirmişdir. Halbuki, həmin mənzil əri X4 məxsus olmuş, həmin mənzil bir dəfə 2007-ci ildə iddiaçı ailə qurduğu ərəfədə əri tərəfindən əsaslı təmir edilmiş, həmin ərəfədə də, iddiaçı həmin təmirə heç bir məbləğdə xərc çəkməmişdir. Mənzilin təmirinə bütün xərcləri əri özü çəkmişdir. Həmin ərəfədə isə iddiaçının mənzili təmir etdirmək üçün kifayət qədər gəliri olmamışdır. 2013-2014-cü illərdə isə mənzil əsaslı təmir edilməmiş, həmin dövrdə, mənzilin yalnız divar kağızları dəyişdirilmişdir. Buna çəkilən xərci də əri qarşılamış, həmin dövrdə də iddiaçı qeyd edilən mənzilə hər hansı bir məbləğdə xərc çəkməmişdir. Sadəcə olaraq həmin zaman iddiaçı özü üçün mebel avadanlığı almışdır. Ona görə də belə hesab edir ki, iddiaçının mənzilin təmirinə çəkilmiş xərclərin ondan tələb etməsi hüququ yoxdur. Hazırki iddia tələbinə baxan zaman əsassız varlanma obyektini qaytarmaq hüququnun müddətin keçməsinə görə qüvvədən düşməsi halına diqqət yetirilməlidir. İddiaçı öz iddiasını Mülki Məcəllənin 1091-ci maddəsi ilə əsaslandırdığına görə, məhkəmə iddia tələbi üzrə kəsici müddətlərin keçməsinə də qiymət verməlidir. Belə ki, iddia ərizəsindən də görünür ki, iddiaçı ona məxsus mənzili 2007, 2013-2014-cü illərdə iki dəfə təmir etməsinə əsaslanır. Yəni iddiaçının əsasına görə mənzili təmir etdiyi sonuncu tarixdən 7 il müddət keçmişdir. İddiaçı tərəfindən xərclənməsi istinad edilən pul vəsaitini bu vaxta qədər iddiaçı ondan tələb etməmiş, bütün bu müddət ərzində hüquq sahibi kimi iddiaçı hərəkətsiz qalmışdır. Yəni ona hazırki iddia tələbi üzrə əsassız varlanma obyektini qaytarmaq hüququ 2014-cü ildən məlum olmuş, lakin keçən bu müddət ərzində o bu hüquqdan istifadə etməmiş və Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən onun bu hüququ müddətin keçməsinə görə qüvvədən düşmüşdür. Belə olduqda isə onun bu tələbinə kəsici müddət təbiq edilməlidir. Yəni bu zaman iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsi zərurəti yoxdur, çünki iddiaçının belə hüquqla məhkəməyə iddia irəli sürmək hüququ artıq qüvvədən düşmüşdür. Qeyd edilən mənzil xüsusi mülkiyyət hüququ ilə onun əri X1 məxsus olmuş, əri xx.xx.2014-cü il tarixdə ölmüş, əri öləndən sonra bununla əlaqədar vərəsəlik işi açılmış, o, bir vərəsə kimi öz miras payını qəbul etmiş, iddiaçı və digər oğlu da qəbul etdiyi miras paylarını ona bağışlamışlar. Yəni iddiaçı əgər həmin mənzili təmir etməsinə əsaslanırsa, nəzərə almalıdır ki, o, mənzili ona təmirli vəziyyətdə bağışlamışdır. Bu baxımdan da belə hesab edir ki, həmin iddia tələbi də əsassızdır və təmin edilə bilməz. Odur ki məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, izahatında iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, cavabdeh onun həm baldızıdır, həm də xalası nəvəsidir. 2006-2007-ci illərdə evin hamamının kafel işini və sanitar qovşağının truba işlərini o, görmüşdür. Evin bütün təmir işlərini iddiaçının atası aparmışdır. O, 2013-cü ildə həmin mənzildə işləməmişdir, iddiaçının atasının xərc çəkdiyinin şahidi olmuşdur. 2008-ci ildə iddiaçının atası mənzilin qapılarını dəyişdiyindən qapılar üçün borca pul istəmişdir. 2007-ci ildə edilən təmir yerindədir, divar kağızını sonradan dəyişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, tarixi dəqiq yadında deyil, o, mənzili təmir etmiş, lambirin, suvaq və malyar işlərini görmüşdür. Bu işlərin hamısını o, etmişdir. Həmin vaxt Ruslanın atası sağ idi. Qohumdurlar, Fərrux bacısı Xədicənin yoldaşıdır. Evin təmir işlərinə pul almamışdır. Təmir işlərini iddiaçının atası edirdi. Həmin vaxt Ruslan işləmirdi. Ola bilər ki, nə isə almağa Ruslanı gördərsinlər. Materialları Ruslanın atası alırdı və o da işləyirdi. Gördüyü işlərin əziyyət pulunu Ruslanın atası vermişdir. Parketin rəngi boza çalan rəng idi. Metlaxın rəngi yadında deyil. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində göstərdi ki, ərizəçi ilə bir massivdə yaşayır. O, ustadır, ümumi evi götürüb təmir edir. O, öz bloknotunda ümumi yazmışdır ki, rəngsaz, elektrik, santexnik, qapı-pəncərə işi görüləcəkdir. O, Ruslanla danışmışdı və o, alıb gətirirdi, onunla razılaşmışlar. O, lazımi materialları almağa Ruslanla getmişdir. O, mənzilin kosmetik işlərini görmüşdür. laminatları və ümumiyyətlə hər şeyi özü etmiş, təmir işləri 3 otaq, dəhliz və eyvanın hamısını əhatə etmişdir. O, Ruslanla danışmışdır ki, mənzilin zəhmət haqqı 5 min manatdır. 2014-cü ildə təmirə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, o, ustadır və mənzilin qapılarını dəyişib. 4 qapı və şkaf qapısı yığmışdır. Sifarişi Ruslan vermişdir. O, 2008-ci ildə Ruslanın qohumunda iş görmüş və Ruslan onu orada tanıyırdı. Ruslan onun əl işini bəyənmişdir. Qapıların birini təxmini yadına gəlir 450 manat məbləğində yığmışdır. Taxta qapıları çökə taxtasında yığılmışdır. Qapıların ödənişi ilə bağlı çek verməmişdir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2195/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı və X6 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna iddiaçı Cavabdeh tərəfindən ona 3000 (üç min) manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və onun həmin mənzildən çıxarılması, cavabdeh X11 və uşaqları ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 400 manat məbləğində mütəxəssis xidməti haqqı cavabdehlər İddiaçı və X2 müştərək qaydada tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1409/2022 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2195/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilən apellyasiya şikayətindən imtina qəbul edilmiş və ona münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri və şahidləri dinləyib, işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçı cavabdehin oğludur və onlar birlikdə mübahisəli mənzildə yaşamışlar. Cavabdeh iddiaçı və onun ailə üzvlərinə qarşı iddia qaldırmış və kompensasiya ödənilməklə onların istifadə hüquqlarına xitam verilməsini xahiş etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2195/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Hazırda iddiaçı mənzilin təmirinə 2007 və 2014-cü illərdə olmaq şərtilə 32500 manat məbləğində çərx çəkdiyini iddia edir və həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh tərəf iddia tələbini qəbul etmir və təmirin mərhum əri Fərrux Səfərəliyev tərəfindən aparılmasını bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddianın və tərəflərin iddiaya olan əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcələnin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Həmin Məcəllənin 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi, vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Hazırkı iddia tələbi üzrə iddiaçı 2007 və 2014-cü illərdə olmaq şərti ilə 2 dəfəyə 32500 manat məbləğində xərc çəkdiyini, lakin hazırda məhkəmə qətnaməsi əsasında cavabdehin onun istifadə hüququna kompensasiya ödənilməklə xitam verildiyini əsas gətirir və mənzilin təmirinə çəkdiyi xərcin cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh tərəf iddia tələbini qəbul etmir və mübahisəli mənzilin 2007-ci il tarixdə iddiaçının mərhum atası tərəfindən təmir edildiyini, 2014-cü il tarixdə isə sadəcə divar kağızlarının dəyişdiyini, bütün təmirin iddiaçının mərhum atasının vəsaiti hesabına olunduğu iddia edir və məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non negantiincumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda mübühisəli mənzili 2007 və 2014-cü illərdə iki dəfə təmir etdirdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, məhkəmə iclasında mübahisəli mənzilin onun tərəfindən təmir etdirilməsinə və təmirə 32500 manat məbləğində xərc çəkməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. O, yalnız məhkəməyə 2 şahid gətirməklə kifayətlənmişdir ki, məhkəmə həmin şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul edə bilməz. Belə ki, əvvəla cavabdeh tərəf həmin şahidlərin mənzilin təmirində iştirak etməsini qəbul etməmiş, eyni zamanda şahidlərin həmin mənzilin təmirində iştirak etməsi ilə bağlı iddiaçı da heç bir sübut təqdim etməmişdir. Eyni zamanda cavabdeh tərəfin şahidləri də iddiaçı tərəfin şahidlərinin dediklərinin əksinə ifadə vermişlər ki, bu da bütün şahidlərin ifadələrini şübhə altına alır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddia edir ki, o, 2007 və 2014-cü illərdə təmirə xərc çəkmişdir ki, həmin vaxtda da iddiaçının mərhum atası sağ olmuş və məhkəmə iclasında müəyyən edilmişdir ki, 2007-ci il tarixdə aparılan təmir iddiaçının toyu ilə bağlı aparılmışdır. Beləliklə, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin təmirinə görə çəkilmiş xərclərin alınması” tələbinə dair iddia tələbi təmin edilməsin. İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-212/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-212/2022
08.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver