Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-213/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı “X4 Kompani S.A.” şirkətinin nümayəndəsi X1 Cavabdeh iştirakları ilə, İddiaçı “X4 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Kompani S.A” Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 39 T 416242.00 m B 4475023.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X4 Kompani S.A.”şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. “X4 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X4 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişə əsasən ARDNŞ “X4 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. “X4 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququları mövcuddur. Son illər istifadələrində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsələr də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X4 Kompam S.A.” şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 39 T 416242.00 m B 4475023.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyəyə qaldırılması məsələsi qoyulmuş və buna uygün proqram hazırlamışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda geyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində qeyd olunanları təsdiqləyərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli ev həmin torpaq sahəsində çoxdan inşa olunmuş və həmin evi o 2002-ci ildə almışdır. O 2002-ci ildən ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır və həmin fərdi yaşayış evi illər öncə inşa edildiyindən onun dam örtüyü qəzalı vəziyyətə düşmüşdür. O Qarabağ müharibəsi veteranıdır və fərdi yaşayış evinin dam örtüyünün dəyişdirilməsi ilə bağlı olaraq Suraxanı İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı İcra Hakimiyyətinin nümayəndələri tərəfindən həmin ünvana baxış keçirilmiş və uzun illər öncə inşa edilmiş fərdi yaşayış evinin dam örtüyünün qəzalı vəziyyətdə olması müəyyən olunmuş və rəsmi olaraq dam örtüyünün dəyişdirilməsinə etiraz olunmamışdır. O yalnız fərdi yaşayış evinin dam örtüyünü dəyişdirmiş, orada başqa tikinti işləri aparmamış və buna görə də iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında mövcud olan “X4 Kompani S.A” Şirkəti tərəfindən 22 noyabr 2017-ci il tarixdə verilmiş ümumi etibarnamədə Panama Respublikasının qanunları əsasında qanuni olaraq təsis olunan şirkətin Direktorlar Şurasının qərarı ilə şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə direktor (menecer) vəzifəsinə təyin edilmiş Pakistan vətəndaşı Pervaiz Naveedə Şirkətin adından 16 bənddən ibarət işlərin yerinə yetirilməsi üçün səlahiyyət verilmişdir. İşə əlavə edilmiş 22.01.2020-ci il tarixli aktdan müəyyən olunur ki, 4 saylı neft və qazçıxarma sexin ərazisi olan Yeni Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi ünvanında Cavabdeh məxsus 40 kv.m ölçüdə olan sahədə qanunsuz olan otaq artırılması işləri aşkar olunmuş, bununla bağlı vətəndaş Cavabdeh tikilinin qeyri-qanuni olması barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş, Yeni Suraxanı qəsəbəsi, İnzibari Ərazi İdarəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23.01.2020-ci il tarixli yaşayış yeri üzrə arayışın surətindən müəyyən olunur ki, Cavabdeh ünvan 4 ünvanına ailəsi ilə birlikdə 13.06.2006cı ildən qeydiyyata düşərək yaşayırlar. İş materiallarına əlavə olunmuş Suraxanı İcra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 16.10.2020-ci il tarixli C-62-151 saylı məktubun surətindən müəyyən olunur ki, yerində baxış zamanı uzun illər öncə inşa edilmiş fərdi yaşayış evinin dam örtüyünün qəzalı vəziyyətdə olması müəyyən olunmuşdur. Sözügedən fərdi yaşayış evinin dam örtüyünün öz hesabına və mövcud ölçülərdən kənara çıxmamaq şərti ilə metal keramika və ya ondulin ilə dəyişdirilməsinə etiraz olunmamışdır. Suraxanı Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli 2(010)-3531/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.03.2021-ci il tarixli 10/4208 nömrəli rəyi 06.04.2021-ci il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, “X4 Kompani S.A.” şirkətinə ayrılmış torpaq sahəsinin sərhədləri daxilində yerləşən mübahisəli tikiliyə dair mülki iş materiallarında hər hansı bir sənəd olmadığına görə həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 nömrəli qərarına əsasən tikinti norma və qaydalarına uyğun inşa olunmadığı müəyyən olundu. Mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Həmin torpaq sahəsi və tikili “X4 Kompani S.A.” şirkətinə ayrılmış torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Mübahisəli torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində olub, sənaye təyinatlı neft torpaqlarına aiddir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı tərəf cavabdehin dövlət tərəfindən onlara ayrılan torpaq sahəsində qanunsuz tikili inşa etməsi barədə tələbini onunla əsaslandırır ki, yuxarıda qeyd edilmiş koordinatlar onlara ayrılan ərazinin hüdudları daxilində yerləşir və cavabdeh də məhz həmin sahədə özünün əvvəl mövcud olduğu evinə 40 kv.m artırma etmişdir. Bu artırma ərazi onların balansına veriləndən sonra edildiyinə görə qanunsuz hesab edilməli və sökülməlidir. Cavabdeh tərəfin iddiaya etirazı ondan ibarətdir ki, fərdi yaşayış evinin dam örtüyünün dəyişdirilməsi ilə bağlı olaraq Suraxanı İcra Hakimiyyətinə müracət etmişdir. Suraxanı İcra Hakimiyyətinin nümayəndələri tərəfindən həmin ünvana baxış keçirilmiş və uzun illər öncə inşa edilmiş fərdi yaşayış evinin dam örtüyünün qəzalı vəziyyətdə olması müəyyən olunmuş və dam örtüyünün dəyişdirilməsinə etiraz olunmamışdır. O yalnız dam örtüyünü dəyişmiş və həmin evdə artırma ilə bağlı tikinti işləri aparmamışdır. Mübahisənin mahiyyəti cavabdehə məxsus fərdi yaşayış evinin bütünlüklə sökülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sadalanan normaların tələblərindən göründüyü kimi, daşınmaz əmlaka məhdud əşya hüququ əldə etməyin üsullarından biri qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquqdur. Hazırkı işdə cavabdehin istifadəsindəki olan torpaq sahəsində tikinti işləri uzun müddət öncə aparılmış və hazırda uzun illər öncə inşa edilmiş fərdi yaşayış evinin dam örtüyünün dəyişdirilməsinə Suraxanı İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir. İddia tələbinin dəlilinə gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdehin 40 kv.m sahədə özbaşına tikili (evə artırma) inşa etməsi halı işə əlavə edilən sənədlərlə və işin halları ilə təsdiq edilmir. Belə ki, Suraxanı İcra Hakimiyyəti tərəfindən Cavabdeh verilmiş məktubun surətindən müəyyən olunur ki, yerində baxış zamanı uzun illər öncə inşa edilmiş fərdi yaşayış evinin dam örtüyünün qəzalı vəziyyətdə olması müəyyən olunmuşdur. Sözügedən fərdi yaşayış evinin dam örtüyünün öz hesabına və mövcud ölçülərdən kənara çıxmamaq şərti ilə metal keramika və ya ondulin ilə dəyişdirilməsinə etiraz olunmamışdır. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri işin halları ilə öz təsdiqini tapmır və iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat iddiaçı “X4 Kompani S.A.” şirkətindən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X4 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat iddiaçı “X4 Kompani S.A.” şirkətindən alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-213/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-213/2021
03.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver