Məhkəmə qərarları › İş №2(010)-214/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-214/2022

13.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-214/2022 13.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X9 iclas katibliyi, İddiaçılar Abdullayev Şakir və İddiaçı1, İddiaçıların nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər Abdullayeva Cəmilə və Cavabdeh1 iştirakları ilə, İddiaçılar Abdullayev Şakir və İddiaçı1 cavabdehlər Abdullayeva Cəmilə və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçılar Abdullayev Şakir və İddiaçı1 cavabdehlər Abdullayeva Cəmilə və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Abdullayeva Cəmilə və Cavabdeh1 təmirlə bağlı çəkdiyi 27000 manat məbləğində xərcin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 Safura Ramiz qızı ilə 2003-cü il tarixində nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından üç uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 88-də yaşamışlar. Yaşamaq üçün ev çox əlverişsiz olmuşdur. Anasının xahişi ilə X6 evi tam təmir etdirmiş, 15000 manat pul xərcləmişdir. Ev xalası Cavabdeh1 adına olmuşdur. Əslində isə anası Cavabdeh2 məxsus olmuşdur. Anası Gürcüstan vətəndaşı olduğu üçün həmin evi xalasının adına almışdır. 2011-ci il tarixində anası həmin evi satmış, onları evdən çıxartmışdır. Bundan sonra anası Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, DUDA- 3-də dörd otaqdan və aynabənd, mətbəxtdən ibarət ev almış, həmin evi də bacısı Cavabdeh1 adına rəsmiləşdirmişdir. Ev özbaşına tikilidir. Ev yenə yararsız vəziyyətdə olmuş, təmirə ehtiyac olmuşdur. X6 evin bir oğlu olduğundan anası və xalası onu məcbur edərək həmin evə ailəsi ilə birlikdə köçürmüş, X2 yaşamamaq üçün razılaşmışdır. 2019-cu ildə X3 anası və xalası evi təmir etdirmiş, 12000 manat təmirə pul xərcləmişdir. 2020-ci ilin avqust ayında X4 ailəsi ilə birlikdə evdən qovmuş, təmir pulunu isə ona qaytarmaqdan imtina etmişlər. O, başa düşmüşdür ki, anası Cavabdeh2 və xalası Cavabdeh1 onu aldadaraq evə çağırmış, evi ona təmir etdirmış və sonra baha qiymətə satmışdır. Hesab edir ki, təmirə çəkdiyi xərclər, yəni 15000 manat və 12000 manat pulun cəmi 27000 manat məbləğində pul cavabdehlərdən alınaraq ona verilməlidir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçı Abdullayev Şakir iddianı qismən müdafiə edərək bildirdi ki, anası Abdullayeva Cəmilənin iddianı qismən etiraf etməsini nəzərə alaraq, cavabdeh Abdullayeva Cəmilədən 20000 manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasına etiraz etmir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 iddianı qismən müdafiə edərək bildirdi ki, cavabdeh Abdullayeva Cəmilənin iddiaçı Abdullayev Şakirə 20000 manat məbləğində pul ödəməsinə dair qətnamə çıxarılmasına razıdır. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi (vəkili) Vəkil iddianı qismən müdafiə edərək cavabdeh Abdullayeva Cəmilənin iddiaçı Abdullayev Şakirə evlərin təmirinə çəkdiyi xərcin əvəzi olaraq 20000 manat məbləğində pul ödəməyi qəbul etməsini nəzərə alaraq, iddianın etiraf olunan hissədə - qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Abdullayeva Cəmilə məhkəməyə ərizə verərək bildirdi ki, iddianı qismən qəbul edir və iddiaçı Abdullayev Şakirə 20000 manat məbləğində pul ödəməyə etiraz etmir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, onun, ümumiyyətlə bu mübahisəyə aidiyyəti yoxdur. Belə ki, o, hər iki evi də iddiaçı Abdullayev Şakir və anası Abdullayeva Cəmilənin birlikdə təmir etdirdiyini bilir, lakin iddiaçının bunun üçün nə qədər xərci çıxmasından məlumatlı deyil. Hər bir halda cavabdeh Abdullayeva Cəmilənin evin təmirinə çəkdiyi xərcə görə iddiaçı Abdullayev Şakirə 20000 manat məbləğində pul ödəməsinə etiraz etmir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. İş materialları. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24.08.2021-ci il tarixli, 1671 nömrəli arayışdan görünür ki, İddiaçı1 həqiqətən Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi döngə 4, 3 saylı evdə qeydiyyatdadır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 23.08.2021-ci il tarixli arayışdan görünür ki, Abdullayev Şakir həqiqətən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 48Z saylı evdə müvəqqəti yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 10.11.2021-ci il tarixli, 05/5316 nömrəli məktubdan görünür ki, Gürcüstan vətəndaşı, 05.02.1965-ci il təvəllüdlü Jamila Osmanovanın sonuncu dəfə ölkədə müvəqqəti olma müddəti 17 iyul 2020-ci il tarixədək uzadılmış və ünvan 1 ünvanında qeydiyyata alınmışdır. ünvan 2 İsgəndərov Ramin adından verilmiş ərizədə qeyd edilir: “Mən, yuxarıda qeyd etdiyim ünvanda ailəmlə birlikdə yaşayıram. Bildirirəm ki, Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsində yerləşən 88-də Abdullayev Şakir ailəsi ilə birlikdə xeyli yaşamışdır. Ev Cavabdeh2 evi olmuşdur. Azərbaycan vətəndaşı olmadığı üçün evi bacısı Cavabdeh1 adına olmuşdur. Ev çox pis vəziyyətdə olmuşdur. Şəxsən mən şahidəm ki, həmin ev Abdullayev Şakir tərəfindən təmir edilmişdir. Sonradan, yəni təmir bitdikdən sonra onu ailəsi ilə birlikdə həmin mənzildən sıxışdırıb çıxartmışdır”. Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi, ev 96-ın sakini X7 adından verilmiş ərizədə qeyd edilir: “Mən, yuxarıda qeyd etdiyim ünvanda ailəmlə birlikdə yaşayıram. Bildirirəm ki, Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsində yerləşən 88-də Abdullayev Şakir ailəsi ilə birlikdə xeyli yaşamışdır. Ev Cavabdeh2 evi olmuşdur. Azərbaycan vətəndaşı olmadığı üçün evi bacısı Cavabdeh1 adına almışdır. Ev çox pis vəziyyətdə olmuşdur. Şəxsən mən şahidəm ki, həmin ev Abdullayev Şakir tərəfindən təmir edilmişdir. Sonradan, yəni təmir bitdikdən sonra onu ailəsi ilə birlikdə həmin mənzildən sıxışdırıb çıxartmışdır”. Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi, ev 88-in sakini X8 adından verilmiş ərizədə qeyd edilir: “Mən, yuxarıda qeyd etdiyim ünvanda ailəmlə birlikdə yaşayıram. Bildirirəm ki, Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsində yerləşən 88-də Abdullayev Şakir ailəsi ilə birlikdə xeyli yaşamışdır. Ev Cavabdeh2 evi olmuşdur. Azərbaycan vətəndaşı olmadığı üçün evi bacısı Cavabdeh1 adına olmuşdur. Ev çox pis vəziyyətdə olmuşdur. Şəxsən mən şahidəm ki, həmin ev Abdullayev Şakir tərəfindən təmir edilmişdir. Sonradan yəni təmir bitdikdən sonra onu ailəsi ilə birlikdə həmin mənzildən sıxışdırıb çıxartmışdır”. On iki ədəd fotoşəkildən yarı təmirli vəziyyətdə olan bir yaşayış evi, yaşayış mənzilinin içərisi, uşaqlar və başqa şəxslər olduğu görünür. Məhkəmə iclasında şahid kimi izahat vermiş X8 bildirmişdir ki, həm iddiaçılar, həm də cavabdeh qonşusu olmuşdur. Belə ki, onların yaşadıqları ev Maya xanımın adına olsa da ev Cəmilə xanımın olmuşdur. Onlar həmin evə köçən vaxt ev dörd divar qara suvaqdan ibarət olmuş, iddiaçı Şakir bu evi təmir etdirmiş, evə qaz, su xətti çəkdirmiş, həyətə daş düzdürmüşdür. Bu işlərin hamısını Şakir görmüşdür, çünki evlərində ondan başqa heç kim işləməmiş, Şakir də ticarətlə məşğul olmuşdur. Məhkəmə iclasında şahid kimi izahat vermiş Musaev Seiruman bildirmişdir ki, iddiaçı Abdullaev Şakir onun iş yoldaşı, şərikidir. Safura isə Şakirin arvadıdır. O, “Xalqlar Dostluğu” bazarında bizneslə məşğuldur və 2016-cı ildən etibarən Şakirlə birlikdə işləyir. Onlar Şakirlə işləməyə başlayanda o, kirayədə olmuş, işləyəndən sonra isə pul yığmışdır. Şakirin atası rəhmətə gedəndən sonra anası tək qalmasın deyə, həmçinin anasının təkidi ilə ailəsi ilə birlikdə anasının yanına köçmüşdür. O, köçməzdən əvvəl evi təmir etdirmişdir. Belə ki, ev təmirsiz ev olmuş, darvazası, balkon üstü olmamışdır. Şakir bütün evi, eləcə də həyəti təmir etdirmiş, evin qapılarını dəyişmiş, darvaza almış, pilləkənləri düzəltdirmiş, sanuzel və sanitar qovşağı təmir etdirmişdir. Bunları ona görə bilir ki, bütün bu hadisələrin şahidi olmuş, hətta ev üçün darvazanı birlikdə 800 manata almışlar. O, evin təmirsiz vaxtında da həmin evdə olmuş, evin vəziyyətini görmüşdür. İşin faktiki halları. İddiaçı Abdullayev Şakir cavabdeh (anası) Abdullayeva Cəmilə və cavabdeh (xalası) Cavabdeh1 qarşı iddia qaldıraraq, Suraxanı rayonu və Xəzər rayonunda yerləşən iki evin iddiaçı Abdullayev Şakir tərəfindən təmir edildiyini, hər iki evin təmiri üçün ümumilikdə 27000 manat məbləğində pul xərclədiyini, buna baxmayaraq, cavabdehlərin onu ailəsi ilə birlikdə bu evlərdən çıxardığını, sonra evləri satdıqlarını, lakin ona satışdan heç bir pul vermədiklərini iddia edərək, evlərin təmiri üçün çəkdiyi 27000 manat məbləğində pulu cavabdehlərdən tələb etmişdir. Cavabdeh Abdullayeva Cəmilə iddianı qismən etiraf edərək, evlərin təmiri üçün çəkdiyi xərc əvəzinə oğlu iddiaçı Abdullayev Şakirə 20000 manat məbləğində pul verməyə razı olduğunu bildirmiş, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Öz növbəsində Cavabdeh1 isə iddianı özünə münasibətdə qəbul etməsə də iddianın digər cavabdeh Abdullayeva Cəmilənin etiraf etdiyi hissədə təmin edilməsinə etirazı olmadığını bildirmişdir. İş üzrə iddiaçılar Abdullayev Şakir və arvadı İddiaçı1 da məhkəməyə ərizə verərək, cavabdeh Abdullayeva Cəmilənin iddiaçı Abdullayev Şakirə 20000 manat məbləğində pul verməsinə, beləliklə, iddianın qismən təmin edilməsinə etirazları olmadıqlarını bildirmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 76. Sübutlar. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi. İşin faktiki hallarından göründüyü kimi iddia Abdullayev Şakir və arvadı İddiaçı1 tərəfindən cavabdehlər Abdullayeva Cəmilə və Cavabdeh1 qarşı qaldırılsa da əslində tələb yalnız iddiaçı Abdullayev Şakir tərəfindən sadəcə cavabdeh Abdullayeva Cəmiləyə qarşı yönəlmişdir. Belə görünür ki, İddiaçı1 iddiaçı Abdullayev Şakirin arvadı olduğuna və ərinin iddia etdiyi evləri təmir etdirməsi birgə nikah dövrünə təsadüf etdiyinə, Cavabdeh1 isə təmir edilən evlərin sahibi (iddiaçılar belə iddia edir) olduğuna görə iş üzrə tərəf kimi qeyd edilmişdir. Hər bir halda nəzərə alınmalıdır ki, cavabdeh Abdullayeva Cəmilə iddianı qismən – ondan 20000 manat məbləğində pul tutularaq iddiaçı Abdullayev Şakirə ödənilməsi hissəsində etiraf etmiş, bununla bağlı məhkəməyə ərizə vermişdir. Digər Cavabdeh1 da buna etirazı olmamışdır. Öz növbələrində iddiaçılar Abdullayev Şakir və İddiaçı1 da məhkəməyə ərizə verərək iddianın qismən – cavabdeh Abdullayeva Cəmilənin etiraf etdiyi şəkildə təmin edilməsinə etirazları olmadıqlarını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddianın cavabdeh Abdullayeva Cəmilə tərəfindən qismən etiraf edilməsi təsdiq edilməlidir. Belə ki, hər nə qədər iddianın əsaslılığını təsdiq etmək üçün kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş olsa da nəzərə alınmalıdır ki, cavabdeh iddianı qismən etiraf etmişdir. Üstəlik, bu etiraf qanuna zidd deyil, eyni zamanda hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Bundan başqa, cavabdehə iddianı qismən etiraf etməsininin məhkəmə tərəfindən təsdiq ediləcəyi halda bunun iddianın qismən təmin edilməsi ilə nəticələnəcəyi izah edilmiş, cavabdehin buna heç bir etirazı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsinin təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Bu isə iddianın etiraf olunan hissədə qismən təmin edilməsi, yəni 20000 (iyirmi min) manat məbləğində pulun cavabdeh Abdullayeva Cəmilədən tutularaq iddiaçı Abdullayev Şakirə ödənilməsinə dair qətnamə çıxarılması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, iddia qalan hissədə təmin edilə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən iddianın əsaslılığını təsdiq edəcək heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Verilmiş şahid ifadələrindən isə iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə yalnız iddianın cavabdeh Abdullayeva Cəmilə tərəfindən etiraf olunan hissədə təmin edilməsi nəticəsinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Abdullayeva Cəmilədən 20000 (iyirmi min) manat məbləğində pul tutularaq iddiaçı Abdullayev Şakirə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Abdullayeva Cəmilədən 20000 (iyirmi min) manat məbləğində pul tutularaq iddiaçı Abdullayev Şakirə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar