Məhkəmə qərarları › İş №2(010)-2141/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2141/2023

17.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2141/2023 17.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi X8 iştirakı ilə Ərizəçi Ömərova (Qurbanova) Gülşiraz Ziyatxan qızının maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti olmaqla onun Azərbaycan Respublikasında 1991-ci ildən daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizə.

1. Ərizəçi Ömərova (Qurbanova) Gülşiraz Ziyatxan qızı “ölkə ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasında 1991-ci ildən daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin dəlilləri.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Ömərova (Qurbanova) Gülşşiraz Ziyatxan qızı xx xxxxxx 1971-ci il tarixdə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuşdur. O, 03 sentyabr 1991-ci ildə Mövlud Ömərov ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin vaxtdan onun soyadı Ömərovaya dəyişdirilmişdir. O, 1991ci ildə Azərbaycan Respublikasına gəlmişdir. Burada xx.xx.1993-cü il təvəllüdlü Qasımova (Ömərova) Günay Mövlud qızı və X10 adlı əkiz qızları dünyaya gəlmişdir. Bu barədə müvafiq sənədləri iddia ərizəsinə əlavə etmişdir. Onun Gürcüstan Respublikasında doğulmuş oğlu xx.xx.1990-cı il təvəllüdlü X12 Azərbaycan Respublikasında müddətli hərbi xidmətdə olmuşdur. Uşaqları Azərbaycan Respublilası ərazisində orta təhsillərini başa vurmuşlar. xx.xx.2022-ci ildə Dövlət Miqrasuya Xidmətinə müraciətinə cavab olaraq mənsubiyyət arayışı almışdır ki, Azərbaycan Respublikasının vətəndaşı deyildir. Daha sonra xx.xx.2023-cü ildə Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vətəndaşlığın olmaması ilə bağlı arayış almışdır. Bəlli olmuşdur ki, faktiki heç bir dövlətin vətəndaşı deyildir. O, Azərbaycan Respublikasında 1991-ci ildən daimi fasiləsiz olaraq yaşayır. Bunu şahid ifadələri, yaşayış yerlərindən olan arayışlar və fotoşəkillər vasitəsilə sübuta yetirmək mümkündür. Mövcud qanunvericiliyin tələbinə əsasən o, 2006-cı ilin yanvar ayının 1-dək və hazırda Azərbaycan Respublikasında daimi yaşadığından və hər hansı başqa dövlətin vətəndaşı olmadığından bu fakt məhkəmə qaydasında təsdiq olunarsa Azərbaycan Respublikası vətəndaşlığına qəbul oluna bilər. İş materialları.

3. İ-ГТ № 628341 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, X2 xx xxxxxx 1971-ci ildə Gürcüstan SSR, Dmanisi rayonu, Səfərli kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 25 noyabr 1971-ci ildə 152 nömrə ilə qeyd aparılmışdır. X1, anası X6r.

4. Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2023-cü il tarixli, 22/00003028/2023-02 nömrəli arayışının notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, Gürcüstan Ədliyyə Nazirliyininn X5 Agentliyinə təqdim olunan və agentlik tərəfindən əldə edilən sənədlərə əsasən Gürcüstanda xx.xx.1971-ci ildə anadan olmuş Ərizəçi Gürcüstan vətəndaşı hesab olunmur.

5. № **********4 saylı Gürcütan nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, Gülşiraz Qurbanova ilə Mövlud Ömərov xx.xx.1991-ci il tarixdə Gürcüstan, Dmanisi rayonu, Hamalı kəndində 59 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olaraq evlənmiş, nikah bağlandıqdan sonra ərə Ömərov, arvada Ömərova soyadı verilmişdir.

6. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti xx.xx.2023-cü il tarixli, 3-38-33/2- 2024/23 saylı məktubundan görünür ki, 1971-ci il təvəllüdlü Ərizəçi xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.

7. 160 nömrəli MTK-nın xx.xx.2022-ci il tarixli, H-26 saylı arayışından görünür ki, Ərizəçi həqiqətən xx.xx.1999-cu ildən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 3 nömrəli evin 84 nömrəli mənzilində qeydiyyatsız yaşayır.

8. 180 nömrəli MTK-nın xx.xx.2022-ci il tarixli, 01-499 saylı arayışından görünür ki, Ərizəçi həqiqətən 1991-ci ildən xx.xx.1999-cu ilədək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 26 nömrəli evin 131 nömrəli mənzilində qeydiyyatsız yaşayır.

9. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, ərizəçi Ömərova (Qurbanova) Gülşiraz Ziyatxan qızı ilə hər hansı qohumluğu yoxdur. Ərizəçini 1991-ci ildən sonra tanımış, qonşu olaraq eyni binada qalmışlar. Həttta, ərizəçinin oğlu onun qızı ilə birlikdə təhsil almışlar. Ərizəçi 1991-ci ildən sonra indiyədək onunla qonşuluqda yaşamaqdadır.

10. Məhkəmə iclasında şahid qismində dindirilən X11 bildirdi ki, ərizəçi Ömərova (Qurbanova) Gülşiraz Ziyatxan qızı ilə hər hansı qohumluğu yoxdur. Ərizəçini 1991-ci ildən sonra qonşu olaraq tanımışdır və onlar eyni binada qalmışlar. Ərizəçi 1991-ci ildən sonra indiyədək onunla qonşuluqda yaşamaqdadır.

Tərəflərin izahatları.

11. Məhkəmə iclasında ərizəçi Ömərova (Qurbanova) Gülşiraz Ziyatxan qızı ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında ərizəçi Ömərova (Qurbanova) Gülşiraz Ziyatxan qızının vəkili Vəkil ərizəçi ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında maraqlı şəxs Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi X14 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.

İşin faktiki halları.

14. İşdə olan sənədlərdən görünür ki, Ömərova (Qurbanova) Gülşiraz Ziyatxan qızı xx.xx.1971-ci ildə Gürcüstan SSR-nin Dmanisi rayonunun Səfərli kəndində anadan olmuş, 1991-ci ilədək orada yaşamış, 1991-ci ildə Bakı şəhərinə köçmüş və həmin vaxtdan daimi olaraq ünvan 1 ünvanında yaşamışdır və hazırda qeyd edilən ünvanda yaşamaqla heç bir dövlətin vətəndaşlığına mənsub deyildir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 307.10 Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 307.2.10-1. Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

16. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanunu.

14. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.

Məhkəmənin mövqeyi.

17. İş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır.

18. Məhkəmə tərəfindən proses iştirakçılarının izahatları və iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, ərizəçi Ömərova (Qurbanova) Gülşiraz Ziyatxan qızı xx.xx.1971-ci ildə Gürcüstan SSR-nin Dmanisi rayonunun Səfərli kəndində anadan olmuşdur. O, 1991-ci ilədək orada yaşamış, 1991-ci ildə Bakı şəhərinə köçmüş və həmin vaxtdan daimi olaraq ünvan 1 ünvanında yaşamışdır və hazırda qeyd edilən ünvanda yaşayır. O, heç bir dövlətin vətəndaşlığına mənsub deyildir.

19. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə ki, ərizəçi hazırkı vəziyyətdə digər qaydada Azərbaycan Respublikasının vətəndaşlığını ala bilməyəcəkdir.

Məhkəmə xərcləri.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

21. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. “AR Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə görə, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur və hazırda qeyd edilən məbləğ ərizəçi tərəfindən ödənilmişdir. Ona görə də, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

23. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi Ömərova (Qurbanova) Gülşiraz Ziyatxan qızının Azərbaycan Respublikasında 1991-ci ildən daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi Ömərova (Qurbanova) Gülşiraz Ziyatxan qızının Azərbaycan Respublikasında 1991-ci ildən daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar