Məhkəmə qərarları › İş №2(010)-2154/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2154/2024

08.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2154/2024 08.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "mənzildən çıxarılma və mənzilin boşaldılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında ¾ hissədə X1, ¼ hissədə isə İddiaçı adına qeydiyyata alınmışdır.

2. İcra məmurları V.Əliyev və R.Dövlətov, sahə inspektoru F.Məmmədov, tələbkar İddiaçı, hal şahidləri Z.Mirzəliyev və F.Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanından istifadəyə yaradılmış maneənin qarşısının alınması barədə məhkəmə qətnaməsi əsasında məcburi icra tədbirləri həyata keçirilmişdir. X3 mənzilin qapısını açmaqdan imtina etmiş və tələbkarı mənzilə buraxmayacağını bildirmişdir.

İşin faktiki halları

3. ünvan 1 ünvanına xüsusi mülkiyyət hüququ əsasında ¾ hissədə X1, ¼ hissədə isə İddiaçı adına qeydiyyata alınması və mənzilin paylı mülkiyyətdə olması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

4. İddiaçı Cavabdeh qarşı (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "mənzildən çıxarılma və mənzilin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan və ünvan 2 ünvanında yerləşən mənzildən Cavabdeh çıxarılması, mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

6. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, X4 onun keçmiş həyat yoldaşıdır və mənzilin 3/4 payı onundur. 2021-ci ildən mənzilə dair mülkiyyət hüquqları tanınıb, paylı mülkiyyətçidir, lakin cavabdeh ona qapını açmır, həmin mənzildə paylı mülkiyyətçi olmağına baxmayaraq o, bugünədək evində qala bilmir. Cavabdeh onun keçmiş həyat yoldaşı Şəfaqət İsmayılovanın ilk nikahından doğulmuş qızının həyat yoldaşıdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 bildirdi ki, Cavabdeh qızı X7 ilə ailə həyatı qurmuş ailə həyatı qurandan qızı ilə birlikdə sözügedən mənzilə köçmüşdür. Cavabdeh uzun illərdir ki, qızı və 2 azyaşlı uşaqları ilə birlikdə həmin mənzildə ailə üzvü olaraq yaşayırlar. Lakin iddiaçı iddia edir ki, guya mənzil ona məxsusdur, o, mənzilin tam mülkiyyətçisidir. Bundan başqa, iddiaçı iddia ərizəsində göstərir ki, mənzil iddiaçıya məxsusdur və cavabdeh onun razılığı olmadan ona məxsus olan mənzildə yaşayır. Lakin məhkəmə qətnaməsinə əsasən, onun mənzilə onun ¾ payı müəyyən edilmişdir və həmin hissə hazırda onun mülkiyyətindədir. Cavabdeh əvvəldən də, indi də onun razılığı ilə həmin mənzildə yaşayır. Göründüyü kimi iddiaçının iddia tələbi təmamilə əsassızdır və təmin olunması üçün heç bir hüquqi əsas yoxdur.

8. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh izahat verərək bildirmişdir ki, o, X7 ilə ailə həyatı qurmuş və birgə nikahlarından 2 azyaşlı uşaqları doğulmuşdur. O, ailə həyatı qurandan ailəsilə birlikdə sözügedən mənzilə, heç bir mübahisə olmayan dövrdə həmin mənzilin xüsusi mülkiyyətçisi X2 razılığ ilə, həyat yoldaşı Nərmin Ağayevanın atası Zöhrab tərəfindən hədiyyə olunmuş evin satışından əldə olunan puİ vəsaiti ilə alınmış hazırkı mənzilə köçmüşdür. Onun həmin mənzilə köçüb yaşamağına həmin dövrdə mənzilin tam mülkiyyətçisi olan Şəfaqət Sərdarova razılıq vermişdir. Həmin dövrdə iddiaçı da Şəfaqət Sərdarova ilə rəsmi nikahda idi və mənzilə heç bir hüququ olmasa da onun tərəfindən də etiraz olunmamışdır. Bundan başqa, iddiaçı iddia ərizəsində göstərir ki, mənzil iddiaçıya məxsusdur və o, iddiaçının onun razılığı olmadan həmin mənzildə yaşayır. İddiaçının istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-475/2018 saylı qətnaməsinə əsasən, onun pay hissəsi ¼ müəyyən edilmiş, ¾ pay hissəsi isə Şəfaqət Səradarovanın mülkiyyətində saxlanılmışdır. Digər tərəfdən də Suraxanı Rayon Məhkəməsinin digər qanuni qüvvədə olan qətnaməsinə əsasən, həyat yoldaşı Nərmin Ağayevanın onun birgə yaşadığı mənzilə istifadə hüququ tanınmışdır. İddiaçı o zaman haqlı olardı ki, mənzil tam mülkiyyət hüququ ilə ona məxsus olsun və iddiaçının onun mənzildən çıxarılmağını və mənzilin boşaldılması tələbini irəli sürməyə subyektiv hüququ olardı. Halbuki, mənzilə mülkiyyət hüququ ilə ¾ pay hissəsinə malik olan Şəfaqət Sərdarovadı və həmin şəxs onun mənzildə yaşamağına etiraz etmir. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı

Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüquq; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə, bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

Məhkəmənin mövqeyi

11. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir.

12. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. İddia etmək hüququ məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İddianın təmin edilməsi hüququ isə iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Həmçinin məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

13. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından məlum oldu ki, ünvan 1 ünvanına xüsusi mülkiyyət hüququ əsasında ¾ hissədə X1, ¼ hissədə isə İddiaçı payları müəyyən edilmişdir və iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək mübahisəli mənzildən Cavabdeh çıxarılmasını və mənzilin boşaldılmasını xahiş edir. İddiaçı tələbini onunla əsaslandırır ki, onun mənzilin mülkiyyətçisi olmasına, həmçinin mənzildən istifadəsinə yaradılmış maneənin aradan qaldırılmasına dair məhkəmə qətnaməsinin olmasına baxmağayaraq, qətnamə icra olunmur və mənzilinində yaşaya bilmir. Göründüyü kimi mülkiyyətə qəsd və ya başqa maneələr törədildiyi halda, qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etmək hüququ qanuna əsasən mülkiyyətçiyə məxsusdur. Hazırki iş üzrə isə mənzil üzərində mülkiyyətçi kimi yalnız İddiaçı deyil, həm də X1 hüquqları qeydə alındığı və mənzil paylı mülkiyyətdə olduğu üçün mülkiyyətçilərin hər ikisinin razılaşması olmalıdır. Odur ki, məhkəmə yuxarıda qeyd olunan normaların məzmunundan və işin müəyyən edilmiş hallarından çıxış edərək hesab edir ki, iddiaçının təkbaşına iddia qaldırmaq hüququ olmadığı üçün hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur.

Məhkəmə xərcləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "mənzildən çıxarılma və mənzilin boşaldılması" tələbinə dair iddia rədd edilməlidir.

17. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia rədd edilsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar