Məhkəmə qərarları › İş №2(010)-2169/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2169/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2169/2022 23.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə4, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonrakı mətndə İddiaçı ASC) Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təstiq edilmiş 05 dekabr 2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə4 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh tərəfindən hər ay qrafik üzrə ödəniş edilməli olduğu halda onun tərəfindən 3 dəfə, müvafiq olaraq 500, 500 və 900 manat, may ayında isə 18000 manat ödəniş edilmişdir. Beləliklə, cavabdeh tərəfindən ilkin ödəniş nəzərə alınmaqla, ümumilikdə 30780 manat ödəniş olunmuş və 29600 manat qalıq borc qalmışdır. Cavabdeh qrafik üzrə ödənişlərini gecikdirdiyi üçün 9000-10000 manata yaxın gecikməsi yaranıb. Əgər cavabdeh tərəfindən gecikdirilmiş məbləğ ödənilsəydi, bəlkə də razılığa gəlmək mümkün olardı. Cavabdeh tərəfindən təqdim edilmiş borcun olmamasına dair arayış isə kredit müqaviləsi üzrə olan borcla əlaqəlidir və onun bu müqaviləyə heç bir aidiyyəti yoxdur. Belə ki, kredit müqaviləsi üzrə olan ödənişlər birbaşa banka ödənilir, hazırki alqı-satqı müqaviləsi üzrə olan ödənişlər isə notariusdakı depozit hesabına ödənilir və oradan bankın hesabına köçürülür. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, tərəfindən ilkin ödənişlə birlikdə 30000 manata yaxın banka ödənişlər edilsə də, hazırda ödənilməmiş borcu mövcuddur. O, məhkəmə prosesləri zamanı ödəniş edərək, borcunu bağladığını düşünsə də, həmin pul hazırki alqı-satqı müqaviləsi üzrə deyil, əvvəlki kredit müqaviləsi üzrə olan borca silinmişdir. Hazırda onun yeganə çıxış yolu mənzilin satılması və yerdə qalan borcun bağlanmasıdır. Belə ki, mənzil boşaldılacağı təqdirdə onun və ailə üzvlərinin yaşamağa başqa yerləri yoxdur. Özü və yoldaşı təqaüdçüdürlər, yalnız oğlu işləyir ki, onun da 2 aylıq körpə övladı var. Buna görə də qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cavabdehin vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 900 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat və xx.xx.2022-ci il tarixdə 18000 manat olmaqla, 19900 manat ödəniş olunmuşdur. Bundan əlavə, tərəflər arasındakı müqavilə 2019-cu ildə bağlanmışdır. Həmin zamandan sonra ölkə ərazisində sərt karantin rejimi tətbiq olunmuş və nəticədə cavabdeh fəaliyyət göstərə bilməmiş və ödənişlərini edə bilməmişdir. Gecikmə ilə əlaqəli yaranmış 10000 manata yaxın borc da məhz bununla əlaqədardır. Bu səbəbdən müqavilənin şərtləri dəyişdirilməli və yenidən təzə şərtlərlə müqavilə bağlanmalıdır. Belə ki, qanunvericilikdə də müqavilənin şərtlərinin dəyişdirilməsi ilə bağlı normalar mövcuddur. Bundan əlavə, tərəflər arasındakı alqı-satqı müqaviləsinin müddəti də bitməyib. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə "xxxx" İKB ASC-nin adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi nisyə alqı-satqı qaydasında 60380,10 manata Cavabdeh satılmışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 10880,10 manat məbləğində pulu alqı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcının - İddiaçı ASC-nin hesabına ödəyir, qalan 49500 manatı isə hər ay 900 manat olmaqla, “Yelo Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 10 gün müddətində banka olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasin əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələri). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəllsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 424.4-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alğı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki iş materiallarından müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təsliq edilmişdir. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi nisyə alğı-satqı qaydasında 60380,10 manata Cavabdeh satılmışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 10880,10 manat məbləğində pulu alğı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcının - İddiaçı ASCnin hesabına ödəyir, qalan 49500 manatı isə hər ay 900 manat olmaqla, “Yelo Bank" ASCyə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan məlum oldu ki, cavabdeh tərəfindən ilkin ödəniş nəzərə alınmaqla ümumilikdə 30780 manat ödəniş olunub və 29600 manat qalıq borc qalmışdır. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 18-ci maddəsinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Göründüyü kimi cavabdeh tərəfindən müqavilə öhdəlikləri əhəmiyyətli dərəcədə pozulmuşdur. İddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və bu səbəbdən sözügedən müqavilənin ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasları zamanı dəfələrlə barışıq üçün razılığa gəlinməsi barədə təkliflər edilsə də, tərəflər arasında razılıq əldə olunmamışdır. Belə ki, iddiaçı tərəfindən razılıq əldə olunması üçün gecikdirilmiş məbləğin ödənilməsi təklif olunmuş, lakin cavabdehin həmin pulu ödəməyə imkanı olmadığından, tərəflər arasında razılaşma olmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Yelo Bank" ASC ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 181.4 kv.m. olan fərdi yaşayış evi boşaldılaraq “Yelo Bank" ASC-yə təhvil verilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli AN- İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 181.4 kv.m. olan fərdi yaşayış evi boşaldılaraq “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar