Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2174/2021 27.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onunla Cavabdeh arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 2020-ci ilin 7-ci ayının 9-cu günündə 961 nömrə ilə qeyd edilən nikahın etibarsız sayılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 2020-ci ilin 7-ci ayının 9-cu günündə 961 nömrə ilə qeyd edilən nikah 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. Nikah qeydə alındıqdan sonra ona məlum olmuşdur ki, Cavabdeh onunla nikaha daxil olmaq niyyəti olmamışdır. Onu aldatmış və ailə qurmaq adı ilə onunla nikaha daxil olmaq üçün müxtəlif yalanlar uydurmuşdur. Aralarında nikah bağlanmasına baxmayaraq onlar birgə ailə münasibətlərinə daxil olmamışlar və heç bir əlaqələri olmamışdır. Bu günə kimi heç bir əmlak əldə edilməmiş və birgə təsərrüfat aparılmamışdır. Sadəcə formal, kağız üzərində nikah rəsmiləşdirilmişdir. Bir-birləri ilə ailə qurmaq niyyətləri yoxdur və bu hər ikisinin qəti qərarıdır. Ona görə də hər ikisi eyni fikirdədir ki, aralarında formal olaraq bağlanmış nikah etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, onu əvvəlcə cavabdehin anası görüb bəyənmiş, sonra oğlu ilə tanış etmişdir. Danışdıqları zaman cavabdeh ona dindar olduğunu, namaz qıldığını demişdir. O da buna görə cavabdehin onunla soyuq münasibətini, görüşmək istəməməsini dindar olması ilə əlaqələndirmişdir. Buna baxmayaraq, qısa müddət sonra cavabdehin ailəsi elçilik üçün evlərinə gəlmiş, elçilik, nişan mərasimi keçirilmişdir. Lakin bunların heç birində cavabdeh iştirak etməmişdir. Ailələr toy etmək istəsə də pandemiyaya görə toy etmək mümkün olmamışdır. Bütün bu müddət ərzində cavabdehlə münasibətləri soyuq olmuş, cavabdeh onunla görüşmək istəməmiş, hər dəfə müxtəlif bəhanələrlə görüşdən yayınmışdır. Cəmi bir dəfə görüşmüşlər, onda isə cavabdeh onu sevmədiyini, əvvəldən başqa qadınla münasibəti olduğunu, ailəsinin də bunu bildiyini, bu səbəbdən onu həmin qadından ayırmaq üçün onu bu nikaha daxil olmağa məcbur etdiklərini bildirmişdir. Həmçinin, cavabdeh ona demişdir ki, onun ilk gündən onunla ailə qurmaq niyyəti olmamış, elə bu səbəbdən elçilik, nişan mərasimlərində iştirak etməmiş, ona qarşı soyuq münasibət göstərmiş, onun ailə qurmaq niyyəti olmamasını başa düşməsini istəmişdir. Əlavə etmişdir ki, cavabdehin hazırda başqa qadınla faktiki nikah münasibətləri var və ailəsinin təzyiqinə görə onunla formal nikaha daxil olmuşdur. Onun nikah bağlanarkən ailə qurmaq niyyəti olmamış, ailəsindən çəkindiyi üçün onu aldadaraq ailə qurmaq vədi ilə onunla nikaha daxil olmuşdur. Odur ki, məhkəmədən cavabdehlə aralarında bağlanılmış nikahın etibarsız hesab edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Buna baxmayaraq, Cavabdeh məhkəməyə ərizə şəklində yazılı izahatla müraciət edərək qeyd etmişdir ki: “Mən, Cavabdeh iddianı qəbul edərək bildirirəm ki, həqiqətən də mənim İddiaçı ilə ailə qurmaq niyyətim olmamışdır. Sadəcə valideynlərim birlikdə yaşadığım, faktiki nikah münasibətlərində olduğum xanımla münasibətlərimizin davam etdirilməsinin əleyhinə olduqlarından mən yalandan Sultan xanımı aldatdım ki, onunla ailə qurmaq niyyətim var və ona yalandan həyatımda heç kimin olmadığını və onu sevdiyimi bildirdiyimə görə formal olaraq nikaha daxil oldum. Lakin formal olaraq nikah rəsmiləşdirilməyinə baxmayaraq, onunla heç bir yaxın münasibətim olmamış, birlikdə yaşamamışıq. Hətta əlim əlinə dəyməmişdir. Hal-hazırda öz ailəmlə xoşbəxt və firavan yaşayırıq. Rəsmi nikahım İddiaçı ilə olduğundan öz sevdiyim xanımla nikaha daxil ola bilmirəm. Sizdən xahiş edirəm, nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edəsiniz”. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 09.07.2020-ci il tarixdə verilmiş AZ-İİ 403886 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında 09.07.2020-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 961 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən iş materialları və tərəflərin izahatları əsasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 09.07.2020-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində nikah bağlanmışdır. Nikah bağlanarkən İddiaçı ailə qurmaq niyyəti olsa da Cavabdeh belə bir niyyəti olmamış, Cavabdeh sadəcə olaraq başqa qadınla olan münasibətinə son verməsini istəyən ailəsinin təzyiqindən qurtarmaq niyyətilə İddiaçı ilə formal nikaha daxil olmuşdur. Nəticədə, tərəflər arasında faktiki nikah münasibətləri olmamış, rəsmi nikah bağlandıqdan qısa müddət sonra cavabdehin əsl niyyəti ortaya çıxmışdır. Cavabdeh məhkəməyə ünvanladığı yazılı izahatında da qeyd edilənləri təsdiq etmiş, iddiaçı ilə nikaha daxil olarkən ailə qurmaq niyyəti olmadığını açıq şəkildə bildirmişdir. Göründüyü kimi, cavabdehin nikah bağlanarkən ailə qurmaq niyyətinin olmadığı aşkardır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Konstitusiyanın 34-cü maddəsinin İİ hissəsinə əsasən, nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən, bu Məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3-cü maddəsinə əsasən, məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 26.1.3-cü maddəsinə əsasən, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. 26.1.7-ci maddəsinə əsasən, saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. 28.1-ci maddəsinə əsasən, bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Göründüyü kimi ailə qanunvericiliyi ilə nikahın məhkəmə tərəfindən etibarsız sayılması üç halda mümkündür: 1) nikahın yaşı, nikahın bağlanma şərtlərinə əməl edilməməsi (yazılı razılıq, tibbi arayış) və nikahın bağlanmasına mane olan hallara yol verilməsi (yaxın qohumlar arasında nikah, başqa şəxslə nikahda olan şəxslə nikah, fəaliyyət qabiliyyət olmayan şəxslə nikah və s.); 2) Nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi; 3) tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmaması. Hazırkı işdən görünür ki, bu hallardan üçüncüsü mübahisə predmeti olan nikahın bağlanması zamanı baş vermişdir. Belə ki, Cavabdeh İddiaçı ilə aralarında nikah bağlanan zaman ailə qurmaq niyyəti olmamışdır. O, başqa niyyətlə - başqa qadınla olan münasibətinə son verməsini istəyən ailəsinin təzyiqindən qurtarmaq üçün bu addımı atmışdır. Digər tərəfdən, İddiaçı isə cavabdehlə ailə qurmaq niyyəti olmuş, cavabdehin əsas niyyətindən heç bir məlumatı olmamışdır. Beləliklə o, nikahı könüllü bağlasa da cavabdehlə ailə qurmaq vədi ilə aldadılmış, nəticədə nikahın bağlanması dövlət qeydiyyatına alınarkən cavabdehlə ailə quracaqlarına inanmışdır. Cavabdehin isə bu zaman ailə qurmaqla bağlı heç bir niyyəti olmamış, elə bu səbəbdən tərəflər arasında heç bir faktiki nikah münasibəti olmamış, onlar birgə yaşamamış, cavabdeh nikah bağlandıqdan qısa müddət sonra iddiaçıya əsl niyyətini aşkar etmişdir. Bu qeyd edilən halları məhkəməyə yazılı izahatla müraciət edən cavabdeh də təsdiq etmişdir. Odur ki, məhkəmə tərəfindən iddia təmin edilərək nikah bağlandığı gündən etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış nikah cavabdehin ailə qurmaq niyyəti olmadan bağlanmış olduğundan və nikah bağlanan vaxt İddiaçı cavabdehin bu niyyətindən məlumatı olmadığından nikah bağlandığı gündən etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiа təmin edilsin. İddiaçı və cаvаbdeh Cavabdeh arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 09.07.2020-ci il tarixdə, 961 nömrə ilə qeydə alınmış nikah bağlandığı gündən etibarsız sayılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2174/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2174/2021
27.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver