Məhkəmə qərarları › İş №2(010)-2182/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2182/2021

20.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2182/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızının Cavabdeh qarşı "mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızı Cavabdeh qarşı "mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “V” Y\S, 29 saylı evin 6N saylı mənzildən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlliləri İddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızı 23 noyabr 1994-cü ildə Cavabdeh ilə evlənmiş və aralarındakı nikah Suraxanı Rayon Məhkəməsinin 13.01.2020ci il tarixli 2(010)-230/2020 saylı qətnaməsinə əsasən pozulmuşdur. O, Cavabdeh ilə ümumi təsərrüfatın idarə edilməsində iştirak etmişdir. Onların birgə nikahından uşağı olmamışdır. O, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə gəlin köçmüş və ona məxsus olan cehiz əşyalar həmin mənzilə yerləşdirilmişdir. O, mübahisəli mənzilə 1994-cü ildə yaşayış yeri üzrə daimi qeydiyyata alınmışdır. Ona məxsus olan cehiz və şəxsi əşyaları hazırda mənzildədir. O, cavabdehlə nikahın pozulmasından sonra birgə nikah müddətində əldə olunmuş əmlakın bölünməsi barədə Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin 03.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, o, cavabdehlə evləndiyi vaxtdan həmin mənzildə mülkiyyətçi ilə birlikdə yaşamışdır. Cavabdehlə aralarında olan mənzil və əmlak mübahisələrinin məhkəmədə baxılması zamanı Cavabdeh mənzilin giriş qapısının açarlarını dəyişərək onu mənzilə buraxmır ki, bu da onun mənzildən istifadə hüquqlarının pozulmasına səbəb olur. Onun başqa yaşayış yeri yoxdur və ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızının nümayəndəsi və vəkili X3 iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, paylı mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən fərdi yaşayış evindən mütəmadi istifadə etməsi daimi əsaslarla istifadə etdiyi mənzilə dair hüquqlarından məhrum olması üçün əsas ola bilməz. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında və iddia tələbinə yazılı etirazında göstərdi ki, iddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızı əvvəl birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, digər tələblərlə birlikdə eyni zamanda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 29 saylı evin 6N saylı mənzilində onların hər birinə ½ payların müəyyən edilməsini tələb etmişdir. Suraxanı rayon məhkəməsinin 03.11.2020-ci il tarixli 2(010)-311/2020 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi bu hissədə rədd edilmiş, lakin ona məxsus Şamaxı rayonu, Nağaraxana kəndində ümumi sahəsi 77.5 kv.m. yaşayış sahəsi, 46.2 kv.m. olan 3 otaqlı fərdi yaşayış evi iddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızının və onun birgə nikah dövründə əldə edilmiş əmlakı kimi tanınmış, həmin evə iddiaçının və onun hər birinə ½ hissə pay üzrə mülkiyyət hüquqları tanınmışdır. İddiaçı həmin qətnamə qəbul ediləndən bu günə kimi həmin evdə yaşayır. Şamaxı rayonu Nağaraxana kəndində ümumi sahəsi 77.5 kv.m., yaşayış sahəsi 46.2 kv.m. olan 3 otaqlı fərdi yaşayış evi tam təmirli, bütün ev əşyaları, avadanlıqları, su, qaz və işıqla daimi olmaqla təhciz edilmişdir. İddiaçı hətta evinin darvazasının və giriş qapılarının qıfıllarını dəyişdirərək onun şəxsi mülkiyyətində olan evinə girişini əngəlləmişdir. İddiaçı ona qarşı birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman iddianın təmini tədbiri kimi ərizə ilə müraciət etmişdir. Suraxanı rayon məhkəməsinin 30.07.2021-ci il tarixli qərardadı ilə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının yaşadığı Şamaxı rayonu, Nağaraxana kəndində 3 otaqlı fərdi yaşayış evində qaz, işıq və su təchizatının dayandırılması ona qadağan edilmişdir. İddiaçının hazırki iddia tələbi əsassızdır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 29 saylı evin 6N saylı mənzil 930 saylı hərbi hissə tərəfindən N saylı MKİS-nə ünvanlanmış 19.02.1993-cü il tarixli və Azərbaycan Respublikası MN MİH Bakı Mənzil Kommunal İstismar hissəsi tərəfindən ona verilmişdir. Yasamal rayon İcra Hakimiyyətinin 29.01.1999-cu il tarixli sərəncamına əsasən həmin mənzil Cavabdeh verilmişdir. Həmin mənzil özəlləşdirilərkən iddiaçı notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. Mənzil öz adına ilkin olaraq qeydiyyatdan keçmişdir. İddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmış olsa belə, həmin mənzilin onun adına özəlləşdirilməsinə dair verdiyi notarial qaydada təsdiq olunmuş ərizəsi onun həmin mənzilə olan istifadə hüququnun ona keçməsini istisna edir. İddiaçının ona məxsus mənzildə yaşamağa ehtiyacı yoxdur və ehtiyacı olmadığı təqdirdə isə iddiaçının ondan intiqam almaq məqsədi ilə onun həmin mənzilə köçürülmək istəməsi barədə iddia tələbi təmin edilə bilməz. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin mövqeyi Suraxanı rayon məhkəməsinin 03.11.2020-ci il tarixli 2(010)-311/2020 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “V” Y/S, ev 29-da yerləşən 6N saylı mənzili Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş yerləşdirmə sənədinə əsasən, sonradan həmin sənədlərə əsasən verilmiş Yasamal rayon İcra Hakimiyyətinin 29.01.1999-cu il tarixli, 67 saylı sərəncamına əsasən, 038947 saylı, 12.02.1999-cu il tarixli orderə əsasən əvəzsiz olaraq əldə etmiş, sonradan özəlləşdirərkən ailə üzvü olan arvadı – İddiaçı notarial qaydada razılıq vermiş, həmin mənzil artıq cavabdehin şəxsi mülkiyyətinə keçmiş və birgə nigah dövründə əldə edilmiş əmlak kimi hesab oluna bilməz. İş üzrə müəyyən olunur ki, mübahisələndirilən mənzil cavabdehin mülkiyyətində olsa da, iddiaçı ilə cavabdeh 1994-cü ildə nikaha daxil olmuş və tərəflər həmin ildən sözügedən mənzildə yaşamışlar. Belə olan halda, hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən mənzil mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İddiaçı izahatında bildirmişdir ki, mübahisəli mənzildə yaşamaq istəsə də, cavabdeh mənzilin açarlarını dəyişməklə onu mənzilə buraxmır, bu da onun mənzildən istifadə hüquqlarının pozulmasına səbəb olub. Cavabdeh iddia tələbinə etirazın dəlili olaraq bildirmişdir ki, mübahisəli mənzilə istifadə hüququ yaranmış olsa belə, həmin mənzilin onun adına özəlləşdirilməsinə dair verdiyi notarial qaydada təsdiq olunmuş ərizəsi onun həmin mənzilə olan istifadə hüququnun ona keçməsini istisna edir. Cavabdeh iddia tələbinə etirazını həmçinin onunla əsaslandırmışdır ki, Şamaxı rayonu Nağaraxana kəndində iddiaçıya məxsus fərdi yaşayış evi olduğu üçün onun mübahisəli mənzildə yaşamağa ehtiyacı yoxdur. Tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Göstərilən Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Beləliklə, Azərbaycan Respublikasının mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsində cavabdehin istifadə hüququnun itirilməsi üçün konkret əsas müəyyən olunmuşdur. Həmin əsas isə ondan ibarətdir ki, cavabdeh daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, mübahisəli mənzilin mülkiyyətçisi olan cavabdeh ilə ailə münasibətlərinə xitam verilsə də, iddiaçının mənzildən istifadə hüququ saxlanılır və iddiaçının Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən fərdi yaşayış evindən daimi olmayan əsaslarla istifadə etməsi onun mübahisəli mənzildən istifadə hüququnun itirilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəməyə iddiaçının daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçməsinə dair heç bir sübut təqdim edilməmişdir. Cavabdehin iddia tələbinə etirazının “mübahisəli mənzilə istifadə hüququ yaranmış olsa belə, həmin mənzilin onun adına özəlləşdirilməsinə dair verdiyi notarial qaydada təsdiq olunmuş ərizəsi onun həmin mənzilə olan istifadə hüququnun ona keçməsini istisna edir” hissəsinə münasibətdə məhkəmə Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Qərarındakı aşağıdakı mövqeyi qeyd etməyi zəruri hesab edir: “Konsitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin yaşadıqları mənzilin (evin) öz aralarından hər hansı birinin mülkiyyətinə verilməsi haqqında razılığın olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Bundan əlavə ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Beləliklə, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan “hüquqdan sui-istifadə qadağası”na zidd olar. Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Nəzərə alınmalıdır ki, belə yanaşma özəlləşdirmə zamanı və onun nəticəsində yaranan münasibətlərin bütün iştirakçılarının, o cümlədən yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsinə yönəlmiş və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət prinsipindən irəli gəlir. Buna müvafiq olaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, adına özəlləşdirilmə aparılmış şəxsin, buna razılıq vermiş ailə üzvlərinin ona olan güvən və etimadlarına zidd şəkildə öz mülkiyyət hüququndan istifadə etməsi hüquqdan sui-istifadə hesab olunur. Oxşar mövqe X2 Məhkəməsi tərəfindən ifadə edilmişdir. Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen qarşı iş üzrə Məhkəmənin 9 Mart 1999-cu il tarixli qərarında Romanalman hüquq sistemi olan Üzv Dövlətlərin qanunvericilik təcrübəsi nəzərə alınmaqla göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu mənada həyata keçirilən səlahiyyətlərə qoyulmuş məhdudiyyətin ölçüsü olan hüquqdan sui-istifadənin qadağan olunmasının ümumi prinsipi mütənasiblik (tarazlıq) prinsipi ilə oxşar cəhətlərə malikdir. Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir: - Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Mülki Məcəllənin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. - Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz.” Qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilin cavabdehin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onun həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə iddia təmin olunmalı, iddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızının Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, «V» Y\S, 29 saylı evin 6N saylı mənzildən istifadə hüququ tanınmalı və İddiaçı həmin mənzilə köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızının Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “V” Y\S, 29 saylı evin 6N saylı mənzildən istifadə hüququ tanınsın və iddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızı həmin mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar