Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2196/2021 11.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, İbrahimli Turan İqbal qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 Cavabdeh1 iştrakı ilə İddiaçı Cavabdeh1 Əskər oğluna qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 Əskər oğluna qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evinin qanuni mülkiyyətçisidir. Bununla əlaqədar ona ******* nömrəli, 04 aprel 2018-ci il tarixli Çıxarış verilmişdir. Həmin yaşayış sahəsində həyat yoldaşı X1, qızı X2, oğlu X5 qeydiyyatda olmaqla yaşayırlar. Digər şəxslər hazırda cavabdehlər olan oğlu Cavabdeh1 Əskər oğlu və gəlini Cavabdeh2 isə formal olaraq qeydiyyatda olmaqla yaşamışlar. Hazırkı iddia ilə bağlı cavabdeh olan Cavabdeh1 Əskər oğlu həyat yoldaşı və övladları ilə birlikdə bir neçə ünvanda yaşayış sahələri olmaqla əlaqədar başqa ünvanlarda yaşayırlar. Ancaq cavabdehlər onun qanuni olan xüsusi mülkiyyətində yaşamayaraq formal olaraq qeydiyyatda olmaqla onun mülkiyyətindən maneəsiz istifadə etmək hüququnu pozurlar. Bundan başqa, cavabdeh onun mülkiyyətinə qeydiyatda olmağından istifadə edərək onun mülkiyyətinə soxularaq ona məxsus evin qapılarını söküb aparmış, digər qanunsuz əməlləri törətmişdir. Bununla bağlı istintaq orqanlarına müraciət edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi çıxış edərək bildirdi ki, mənzil 1998-ci ildə order əsasında idiaçıya verilmiş, sonradan həmin mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğuna görə sökülmüş və yerində yeni bina tikilmiş, həmin binada da, iddiaçıya qeyd edilən mənzilin əvəzi olaraq mübahisəli mənzil verilmişdir. Hazırda mübahisəli mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur.İddiaçı humanistlik göstərərək cavabdeh tərəfə 10.000 manat kompensasiya da təklif edir, lakin cavabdeh razı olmadığına görə iddia təmin edilməli, cavabdehlərin həmin mənzilə istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Əskər oğlu iddia tələbini qəbul etməyərək hazırkı mənzilin 1998-ci ildə onun atası olan iddiaçıya order əsasında verildiyini, sonradan yeni tikilən binada orderlə verilən mənzilin əvəzinə indiki mənzilin verildiyini, həmin mənzilin atasının adına özəlləşdirilərkən onun razılıq verdiyini bildirdi və əgər iddiaçı tərəfin ona 25 min manat kompensasiya verəcəyi təqdirdə iddianı qəbul edəcəyini qeyd etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi Cavabdeh1 Əskər oğluna münasibətdə təmin edilməməlidir. Məhkəmənin 11.06.2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 münasibətdə işin icraatına xitam verilmişdir. İş materiallarına əlavə edilmiş: - seriya RX ******* 3 li Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov kümısi ev 1c, mənzil 15 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. - polis orqanı tərəfindən verilmiş sənədlərdən və qərarlardan görünür ki, tərəflər münaqişəli ailədirlər və münaqişə zəmnində istintaq orqanına müraciətlər edilmiş, bu müraciətlər əsasında da araşdırmalar aparılmışdır. -Daşınmaz əmlakın qiymətləndirmə rəyinin kserosurətinə və etibarnamayə əsasən Cavabdeh1 Əskər oğlunun adına yaşayış sahəsinin tikintisi qeydə alınmış, həmçinin ona 200 kv.m torpaq sahəsi etibar edilmişdir. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid kimi dəvət edilmiş X6 izahat verərək bildirdi ki, İddiaçı onun atasıdır. Mübahisə predmeti olan mənzili 1998-ci ildə atasına dövlət vermişdi.Sonra bina söküldü və yerinə təzə bina tikildi. Hazırkı mənzili də həmin təzə binadan atasına verdilər. Mənzilə atasının adına çıxarış alınanda qardaşı Natiq də razılıq vermişdi. Qardaşı Cavabdeh1lə 15 il bir yerdə işləmişlər, onlar tikinti materialları satışı ilə məşğul olurdular. Sonradan Natiqin mənzildə valideynləri ilə dini baxışları üstündə mübahisələri düşdü və onlar mənzili tərk edib getdilər. Qardaşının 14 iyul küçəsindəki digər evi kirayə verdiyini bilir. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid kimi dəvət edilmiş X3 izahatında bildirmişdir ki, 14 iyul küçəsi, məhəllə 7, mənzil 22-də kirayə yaşamışdır. Həmin mənzil Cavabdeh1 mənzili idi və o 150 manata həmin mənzildə kirayə qalırdı. Kirayə pulunu Natiqə verirdi. Həmin mənzildə bir ilə yaxın müddətdə yaşamışdır. Natiqi tikinti materialları dükkanından tanımışdı. Natiqlə aralarında rəsmi kirayə müqaviləsi olmayıb. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, mübahisəli mənzil iddiaçının adına 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Bundan qabaq 1998-ci ildə iddiaçının və ailə üzvlərinin istifadəsinə dövlət tərəfindən orderlə mənzil verilmiş, sonradan orderlə verilmiş mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğuna görə sökülmüş və yerinə yeni bina tikilmişdir. Hazırda mübahisəli mənzil də iddiaçıya həmin orderli mənzilin əvəzi olaraq verilmiş və 2018-ci ildə onun adına xüsusi mülkiyyətə alınmışdır. Mənzilə iddiaçının xüsusi mülkiyyət hüququ tanınarkən Cavabdeh1 tərəfindən razılıq verilmişdir. Hazırkı mübahisədə Cavabdeh1 iddiaçıya məxsus mübahisə predmeti olan mənzilə istifadə hüququnun olması məsələsinə aydınlıq gətirərkən məhkəmə qeyd edir ki, hazırkı mənzil iddiaçıya order əsasında verilmiş və sonradan sökülmüş mənzilin əvəzi olaraq verilmiş və bu əsasla da iddiaçının mübahisəli mənzilə əvvəlcə məhdud əşya hüququ (mənzilə istifadə və sahiblik hüququ), sonra isə mütləq əşya hüququ (2018-ci ildən mülkiyyət hüququ) yaranmışdı. Bu xüsusat hər iki tərəfin izahatı ilə, eləcə də şahid ifadəsi ilə müəyyən edilir və məhkəmə bu halı işin mübahisələndirilməyən halı kimi qəbul edir. Belə olan halda, cavabdehin mübahisəli mənzilə istifadə hüququ, iddiaçıya order əsasında verilmiş əvvəlki mənzilə ailə üzvü kimi əldə etdiyi istifadə hüququndan qaynaqlanır. Yuxarıda qeyd edildiyi kimi, order 1998-ci ildə verildiyinə görə hüquq da 1998-ci ildə yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əsaslanaraq məhkəmə hesab edir ki, hazırkı mübahisəyə 2009-cu ilədək qüvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1ci və 3-cü hissələrinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Hazırkı mübahisəli mənzilə iddiaçının 2018-ci ildə mülkiyyət hüququnun yaranması ilə bağlı cavabdehin istifadə hüququnun xitam edilib-edilməməsi məsələsinə hüquqi qiymət verərəkən, məhkəmə Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-cil tarixli qərarına istinad edir. Həmin qərara görə ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Beləliklə, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan “hüquqdan sui-istifadə qadağası”na zidd olar. Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Nəzərə alınmalıdır ki, belə yanaşma özəlləşdirmə zamanı və onun nəticəsində yaranan münasibətlərin bütün iştirakçılarının, o cümlədən yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsinə yönəlmiş və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət prinsipindən irəli gəlir. Beləliklə, müəyyən edildi ki, Cavabdeh1 iddiaçıya məxsus mənzilə istifadə hüququ mövcuddur və bu hüquqa kompensasiya verilmədən xitam edilməsinə əsaslar yoxdur. Belə ki, bu tələbin əsaslı olması üçün iddiaçının mübahisəli mənzilə etibarlı mülkiyyət hüquqları, cavabdehin isə istifadə hüquqları mövcud olmalıdır. Birinci hal mövcuddur. İkinci hal isə mövcud deyil. Çünki, istifadə hüququnun kompensasiya verilmədən itirilməsi üçün hüququn mövcudluğuna səbəb olan hallar aradan qalxmalıdır. Məsələn, hüquq sahibinin həmin yaşayış sahəsini birdəfəlik tərk edib getməsi və ya digər şəkildə həmin hüququndan faktiki imtina etməsi halı (Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Plenum qərarında formalaşdırdığı hüquqi mövqe). Lakin, hazırkı işdə bu hallar mövcud deyildir. Belə ki, işin halları ilə cavabdehin digər daimi yaşayış yerinin olması sübuta yetirilmir, eləcə də, cavabdeh tərəfin izahatından müəyyən edilir ki, o mübahisəli yaşayış sahəsinə məhdud əşya hüququndan imtina etmir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu əsasla təmin edilə bilməz. Deməli, hazırkı işdə cavabdehin istifadə hüququna yalnız kompensasiya verməklə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilir ki, qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Hazırkı işdə iddiaçı tərəf izahatlarında ən yaxşı halda cavabdehə 10.000 manat kompensasiya verə biləcəyini bildirmiş, cavabdeh tərəf isə bu məbləğə heç bir halda razı olmadığını, yalnız 25000 manat veriləcəyi təqdirdə iddianı qəbul edə biləcəyini bildirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı deyildir və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu, iddia rədd edildiyinə görə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2196/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2196/2021
11.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver