Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2244/2023 18.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin adına xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmiş Bakı şəhəri,Ş Suraxanı rayonu, Hövsan qəsəbəsi, X1, Vaqif küçəsi, 6-cı döngə, ev 1C ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə verilmiş çıxarış və onun verilməsi üçün əsas olmuş sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçı hazırki iddia tələbində fərdi yaşayış evinə dair verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etsə də, lakin iddianın faktiki əsaslandırmasından görünür ki, ərizədə qeyd olunan çıxarış mülki əqd əsasında deyil, inzibati akt əsasında verilmişdir. Yəni, həmin fərdi yaşayış evinə dair çıxarışın verilməsi üçün əsas hesab edilən sənəd məhz inzibati akt olmuşdur. Qeyd olunan xüsusatı nəzərə alaraq hesab edirəm ki, hazırkı ərizəyə mülki mühakimə icraatı qaydasında baxılması yolverilməzdir. İş materiallarında olan Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli 40 nömrəli məktubu və islahat komissiyasının 01 dekabr 1997-ci il tarixli 03 nömrəli protokoluna əsasən, fərdi yaşayış evi tikmək üçün 0.12 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülülk Sovxozu ərazisində 0.1116 ha torpaq sahəsi Abşeron rayonu X1 üzrə 25 dekabr 1998-ci il tarixli 28 saylı əmrdən çıxarışa, torpaq sahəsinin sxeminə, Cavabdeh tərəfindən verilmiş razılıq ərizəsinə, F-985 nömrəli xx.xx.2019-cu il tarixli arxiv məktubuna əsasən əsasən xx.xx.2020-ci il tarixdə sözügedən torpaq sahəsi üzrə yerləşən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X1, Vaqif küçəsi, 6-cı döngə, ev 1 C saylı fərdi yaşayış evi eskiz lahiyəyə və məlumatlandırma ərizəsinə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Eyni zamanda həmin qərarın 5.1-ci bəndində qeyd edilir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia ərizəsində iddiaçı inzibati orqanın verdiyi sənədlərin etibarsız hesab edilməsini xahiş edir. Ona görə də, bu xahişə mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki işin mahiyyətindən və işin yuxarıda qeyd olunan hallarından məlum olur ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya qeyd olunan tələblə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldım: İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2244/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2244/2023
18.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver