Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2251/2021 31.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı nümaynədəsi və vəkili Vəkil1 Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiaları üzrə mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun vəsaiti hesabına inşa olunan və qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh 22 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikah dövründə öz vəsaiti hesabına hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanında fərdi yaşayış evini tikmişdir və həyat yoldaşı ilə həmin evdə yaşamışdır. Lakin, onunla aralarında münasibətin kəskinləşməsi nəticəsində mənzilin mərkəzi kilidini dəyişərək ona həmin evə daxil olmağa icazə verməmişdir. Onların 7 yaşlı iki övladı vardır. Hazırda cavabdeh övladları ilə həmin evdə yaşayır və o, buna heç bir etiraz etmir. Lakin, ona məxsus olan evə həyat yoldaşının onu buraxmaması həm onun öz yaşayış yerindən istifadəyə dair hüquqlarını pozur, həm də övladlarını görməməklə onlara olan münasibətinin get gedə soyuqlaşmasına səbəb olur. Fərdi yaşayış evinin ona məxsus olmasına kifayət qədər dəlillər var. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək tələblə eyni məzmunda çıxış edib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etirazını bildirərək evin birgə nikah dövründə tikildiyini, lakin iddiaçının heç vaxt orada yaşamadığını, cavabdehin uşaqları ilə birlikdə həmin evdə yaşadığını bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən, evə köçürülmə hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən tərtib edilmiş Memarlıq-planlaşdırma bölməsi sənədlərindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin lahiyəsinin sifarişçisi İddiaçı olmuşdur. İş üzrə iddiaçı və cavabdeh tərəfin nümayəndələrinin izahatlarından müəyyən edilir ki, fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə tikilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, mübahisəli yaşayış evi qanunsuz tikili olmaqla, tərəflərin birgə nikahı dövründə tikimişdir. Hazırda cavabdeh yetkinlik yaşına çatmayan övladları ilə birlikdə həmin evdə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer - onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Hazırkı işdə müəyyən edilir ki, dövlət qeydiyyatına alınmayan mübahisəli yaşayış evi iddiaçı tərəfindən sifariş verilərək tikilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»na istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin 12.01.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı mübahisəli fərdi yaşayış evinə köçmək və orada yaşamaq hüququ vardır. Çünki, həmin ev birgə nikah dövründə tikildiyindən iddiaçının həmin yaşayış sahəsindən burada yaşayan cavabdehlə bərabər surətdə istifadə etmək hüququ vardır və belə olan halda mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. İddia tələbinin evdən istifadə qaydasının müəyyən edilməsi hissəsini məhkəmə əsaslı saymır. Belə ki, iddia tələbi bu hissədə əsaslandırılmamış, mübahisənin nədən ibarət olduğu qeyd edilməmişdir. Ona görə də, tələb bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2251/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2251/2021
31.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver