Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2254/2020 07.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı X4 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi, döngə 2 ünvanında yerləşən, sahəsi təxminən 30 m2 olan bir otaqlı və sahəsi təxminən 60 m2 olan üç otaqlı fərdi yaşayış evlərinə köçürülməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun oğludur. Cavabdeh təxminən 2003-cü il tarixində hal-hazırda üzərində tikdikləri tikililərə aid Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küşəsi, dönqə 2 ünvanında yerləşən torpaq sahəsini alğı-satqı yolu ilə əldə edərək mülkiyyətinə keçirmişdir. Oğlu həmin torpaq sahəsini satın alarkən müəyyən məbləğdə pul vəsaiti ilə ona köməklik etmişdir. Torpağı satın aldıqdan bir müddət sonra, həmin torpaq sahəsinin üzərində iki fərdi yaşayış evi tikmişlər. Bu iki fərdi yaşayış evinin biri təxminən 30 kv.m olmaqla 1 otaq və 1 mətbəxdən, digəri isə təxminən 60 kv.m olmaqla 3 otaq və 1 mətbəxdən ibarətdir. Yaşayış evlərini tikən zaman onların tikilməsi üçün lazım olan vəsaitdə də oğluna köməklik etmişdir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi tikilən vaxdan o, oğlu və onun ailə üzvləri ilə bilikdə həmin fərdi yaşayış evində yaşamağa başlamışlar. Ancaq daha sonra, oğlunun yoldaşıyla münasibətləri yaxşı olmadığı üçün ayrılmaq məcburiyyətində qalmışlar və yoldaşı iki uşağıyla başqa yerdə yaşamağa başlamışdır. Ondan sonra yaşayış evlərində ikisi yaşamağa başlamışdır. Müəyyən müddət bundan qabağa kimi oğlu ilə münasibətləri yaxşı idi. Ancaq son zamanlar oğlu ilə münasibətləri kəskin olaraq pisləşmişdir. Bunda onun hər hansı bir rolu yoxdur. Münasibətləri pisləşəndən sonra, onu 2003-cü il tarixindən bir müddət bundan qabağa kimi birlikdə yaşadıqları fərdi yaşayış evlərinə buraxmır. Bir müddət qohumların evində yaşamağa başlamışdır ki, danışıb münasibətlərini yaxşılaşdırarlar və yenə birlikdə yaşamağa başlayarlar. Ancaq danışıqların bir nəticəsi olmamışdır. Ona bildirmişdir ki, bir daha onu evə yaşamağa buraxmayacaq. Ona görə də, məcbur qalaraq məhkəmə yolu ilə əvvəl yaşadığı fərdi yaşayış evlərinə köçürülməsi qərarına gəlmişdir. Məhkəməyə bildirir ki, torpaq sahəsinin çıxarışı olsa da üzərində tikilən fərdi yaşayış evləri dövlət qeydiyyatına alınmamışdır. Hesab edir ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi, döngə 2 ünvanında yerləşən torpaq sahəsinin üzərində tikdikləri təxminən 30 kv.m olmaqla 1 otaq və 1 mətbəxdən, digəri isə təxminən 60 kv.m olmaqla ibarət 3 otaq və 1 mətbəxdən ibarət fərdi yaşayış evlərini 2003-cü il tarixindən bir müddət bundan qabağa kimi istifadə etdiyindən köçürülərək yaşamaq hüququ təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi, döngə 2 ünvanında torpaq sahəsi alaraq orada iki ev tikmişdir. Torpağın alınmasında və evlərin tikilməsində anasının ona maddi dəstəyi olmuşdur. O, anası ilə birlikdə həmin ünvanda yerləşən fərdi yaşayış evlərində yaşamışdır. Sonradan isə anası onu yola verməmiş, münasibətləri pisləşmişdir. Əksinə, anası onu evdə rahat yaşamağa qoymamış, daim söz-söhbətə səbəb olmuşdur. O da anasına demişdir ki, onunla söz-söhbət yaratmadığı təqdirdə ona qarşı heç bir təzyiqi və ya narazıçılığı olmayacaq. O, bir şərtlə anasının evə köçməsinə və yaşamasına razıdır ki, gəlsin, söz-söhbət yaratmadan yaşamını davam etdirsin. Əgər onunla daim ziddiyyət yaradacaqsa, yenə həmin problemlər yaranacaq. Odur ki, bunun nəzərə alınmasını və iddiaçıya izah edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi məlumat verilmiş, buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Bakı şəhəri 2 saylı Vəkil Bürosuna ünvanlanmış və xx.xx.2019-cu il tarixli, 54 nömrəli sorğuya cavabdan görünür ki, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi, döngə 2 ünvanında yerləşən fərdi yaşayış evinə tərəflərindən baxış keçirilərkən məlum olmuşdur ki, həmin torpaq sahəsində bir mərtəbəli iki ev tikilmişdir. Evlərin birinin yaşayış sahəsi təxminən 30 m2 (bir otaq, bir mətbəx), digər evin yaşayış sahəsi isə təxminən 60 m2 (üç otaq, bir dəhliz) müəyyən edildi. Cavabdeh Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi, döngə 2-dəki fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2705 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, RX ******* nömrəli Çıxarışla mülkiyyətində olan 0.0448 ha torpaq sahəsində tikilmiş Yeni Suraxanı qəsəbəsi, V.Xəlilov küçəsi, döngə 2 ünvanında yerləşən fərdi yaşayış evində 2003-cü ildən qeydiyyatsız yaşayır. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi, döngə 2 ünvanında sahələri 30 m2 və 60 m2 olan iki fərdi yaşayış evi tikilmişdir. Həmin yaşayış evləri dövlət reyestrində qeydiyyata alınmamışdır və hazırda da ev üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmişdir.Evləri İddiaçı və oğlu Cavabdeh 2003-cü ildə tikmiş, həmin vaxtdan bu evlərdə yaşamağa başlamışlar. İşin bu hallarını Cavabdeh da mübahisələndirmir, əksinə etiraf edir. Yəni İddiaçı 2003-cü ildən bəri faktiki yaşadığı və qeydiyyata alınmamış fərdi yaşayış evlərinə köçürülməsini tələb edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə birinci və ikinci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Belə ki, bu halları cavabdeh də mübahisələndirməmiş, əksinə məhkəməyə ünvanladığı ərizədə bu halları qəbul emtişdir. Ona görə də üçüncü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Hazırkı işdən isə görünür ki, iddiaçının köçürülmək istədiyi fərdi yaşayış evləri üzərində mülkiyyət hüququ rəsmiləşdirilmədiyindən həmin evlər özbaşına tikilidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Yəni həmin evlər özbaşına tikili olduğundan Cavabdeh həmin evlərin mülkiyyətçisi deyil. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsa idi (evlərdə yaşamaq səlahiyyəti versə idi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarından biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Məsələn, özbaşına tikinti işləri aparmış şəxs orada yaşayan, lakin istifadə hüququ olmayan şəxsi özbaşına tikilidən çıxarmaq istəyirsə, əvvəlcə tikiliyə mülkiyyət hüququ əldə etməlidir. Ölkədə özbaşına tikililərin sayı çox olduğundan özbaşına tikilidə yaşayan şəxslərin də sayı çoxdur, bu səbəbdən özbaşına tikililərdə yaşayan şəxslərin orada yaşamaqdan məhrum edilməsi faktlarının sayı artır. Halbuki, özbaşına tikinti aparmış şəxs ora mülkiyyət hüququ əldə edə bilsə, həmin tikili ya nikah dövründə əldə edildiyinə görə ər-arvadın ümumi birgə mülkiyyəti sayılacaq (Mülki Məcəllə, maddə 225), yaxud onunla həmin tikilidə yaşayan arvadı (əri), uşaqları, valideynləri də tikiliyə istifadə hüququ əldə etmiş olacaq (Mülki Məcəllə, maddə 228.5; Mənzil Məcəlləsi, maddə 30), qanunsuz məhrum etmə baş verdiyi təqdirdə onların istifadə hüququ məhkəmədə müdafiə olunacaq. Bu məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola, özbaşına tikinti aparmış şəxsə (artıq qanunu pozmuş şəxsə) növbəti qanunsuzluqlar etməyə (özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxarmağa və digər bu kimi hərəkətlər etməyə) əsas yarada bilər. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olubolmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Hazırkı işdən görünür ki, Cavabdeh həmin evə hansısa hüququ yoxdur. Xüsusilə o hal nəzərə alınmalıdır ki, eyni zamanda İddiaçı müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi hazırkı vaxta qədər mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün iddiaçı oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs - akseptant mövcud deyilidir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, iddiaçının oferta göndərməsi mümkün deyildir. Bu isə o deməkdir ki, onun Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi də mümkün deyildir. Odur ki, məhkəmə İddiaçı “evə köçürülmə barədə” iddiasını həmin maddələrin göstərişinə istinad etməklə rədd edə bilməz. Məhkəmə həmçinin, qeyd edir ki, Cavabdeh məhkəməyə göndərdiyi ərizəsində anasının evə köçürülməsinə heç bir etirazı olmadığını bildirsə də onun qarşısına “sözsöhbət yaratmadan yaşamını davam etdirsin” kimi bir şərt qoymuşdur. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, bir daha qeyd edir ki, Cavabdeh həmin evlərin mülkiyyətçisi deyil və evlərin tikilməsində anasının maddi dəstəyini etiraf edir. Belə olan halda məhkəmə hesab edir ki, evin mülkiyyətçisi belə olmayan cavabdeh iddiaçının evə köçürülməsini hansısa şərtdən asılı edə, bu əsasla onu evdən çıxara bilməz. Sadəcə olaraq cavabdeh qeyri-müəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək iddiaçını yaşadığı evdən məhrum etmişdir. Ona görə cavabdehin bu hərəkətinin qarşısı alınmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.) asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4).İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. Azərbaycan Respublikasının MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisə predmeti olan fərdi yaşayış evləri hazırda heç kimin mülkiyyətində olmadığından həmin evlərdə faktiki olaraq uzun müddət yaşamış İddiaçı yaşamaq hüququ var. Odur ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi, döngə 2 ünvanında yerləşən sahəsi 30 m2 olan bir otaqlı və sahəsi 60 m2 olan üç otaqlı fərdi yaşayış evlərinə köçürülməlidir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 10 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi, döngə 2 ünvanında yerləşən sahəsi 30 m2 olan bir otaqlı və sahəsi 60 m2 olan üç otaqlı fərdi yaşayış evlərinə köçürülsün. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2254/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2254/2020
07.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver