Məhkəmə qərarları › İş №2(010)-2276/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2276/2020

12.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2276/2020 12.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2003-cü il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X2 adlı övladları ilə birlikdə Cavabdeh qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi, ev 48 C ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı evə köçürülmə iddia tələbini qəbul etmədiyini və buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o Cavabdeh ilə 2002-ci ildə rəsmi qeydiyyatdan keçmədən ailə həyatı qurmuşdur. Onların faktiki nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X2 adlı övladları doğulmuşdur. O Cavabdeh faktiki nikaha daxil olduqdan sonra cavabdehin yaşadığı ünvana gəlin köçmüşdür. Təxminən 2017-ci ildə cavabdehin qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi, ev 48 C ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və həmin ünvanda yaşamışlar. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi, ev 48 C ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və dövlət reyestrində qeydiyyata alınmamışdır. xx.xx.2003-cü il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X2 adlı övladları da həmin evdə yaşamışlar. Hal-hazırda ona məxsus cehiz əşyaları və geyim əşyaları həmin evdə qalmışdır. Belə ki, onların arasında yaranmış münasibətlər zəmnində Cavabdeh onu həmin mübahisəli mənzilə buraxmır. Hal-hazırda onun başqa yaşamağa yeri olmadığından onun azyaşlı övladı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi, ev 48 C ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddiaçının izahatına uyğun izahat verərək bildirmişdir ki, tərəflər 2002-ci ildən faktiki olaraq ailə qurmuşlar və birgə nikahdan iki övladları doğulmuşdur. Tərəflər 2002-ci ildən birgə başqa ünvanda yaşayaraq birgə təsərrüfat aparmışlar. Sonradan təxminən 2017-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi, ev 48 C ünvanında yerləşən fərdi yaşayış evini alaraq orada yaşamışlar. Hal-hazırda onlar arasında münasibətləri gərginləşdiyindən cavabdeh iddiaçının və azyaşlı övladlarının həmin ünvanda yaşamasına icazə vermir. Mübahisəli fərdi yaşayış evi isə qanunsuz tikintidir. Hal-hazırda iddiaçının başqa yaşamağa yeri yoxdur və günlərlə başqa şəxslərə məxsus evdə qalmaq məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı ilə qeyri rəsmi nikahda olmuşlar və onların həmin faktiki nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X2 adlı övladları doğulmuşdur. İddiaçı həmişə ailəsi kimi davranmış, lakin iddiaçı onun etimadını doğrultmamışdır. İddiaçı hər iki övladını Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y. Əliyev küçəsi, ev 48 C ünvanındakı fərdi yaşayış evində dünyaya gətirdiyini bildirmiş, lakin bunun ağ yalan olduğunu və birinci övladı xx.xx.2003-cü il təvəllüdlü X1 Azərbaycan Respublikasında deyil, X3 şəhərində doğmuşdur. Övladlarını nəzərə alaraq öz yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi, ev 48 C ünvanında yerləşən fərdi yaşayış evinə gətirmiş və orada yaşamışlar. Buna baxmayaraq iddiaçı pis vərdişlərindən əl çəkməmiş və bu səbəblə də rəsmi nikaha daxil olmamışlar. Sonuncu dəfə rayona yas yerinə getmiş və iddiaçı onun evdə olmadığından istifadə edərək gecə saat 02:00 radələrində iki azyaşlı övladlarını evdə tək qoyaraq getmişdir. O səhər evə qayıtdıqda onu evə buraxmamış və bunun əsasında iddiaçı Polisə zəng edərək şikayət etmişdir. Polis işi araşdırmış və onun günahsız olduğu iddiaçının etdiyi şikayət şərböhtan olduğu ortaya çıxmışdır. İki ildir iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi, ev 48 C ünvanında yerləşən fərdi yaşayış evindən çıxmış və uşaqları ilə birlikdə Şəmkir rayonunda atasının evində yaşayırlar. Həmin yaşayış evini isə o təxminən 2016-cı ildə almış və ora pasport qeydiyyatına alınmışdır. İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmiş və uşaqların saxlanılması üçün hər ay 420 (dörd yüz iyirmi) manat məbləğində aliment tutulması qət edilmişdir. Hal-hazırda aliment borcunu hissəhissə icra edir. Odur ki, qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş üzrə şahid X7 ifadə verərək bildirmişdir ki, İddiaçı onun bacısı qızıdır. Cavabdeh isə onun həyat yoldaşıdır. Onlar artıq 18 ildir ki, ailə qurmuşlar, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların faktiki nikahlarından iki övladları doğulmuşdur. O iki il bundan qabaq əməliyyat olunan zaman tərəflərin birgə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi, ev 48 C ünvanında yerləşən fərdi yaşayış evində qonaq qismində qalmışdır. İş üzrə şahid X8 digər şahidin ifadəsinə uyğun ifadə verərək bildirmişdir ki, iddiaçı onun bacısı qızı, cavabdeh isə bacısı qızının həyat yoldaşıdır. Onlar artıq 18 ilə yaxındır ki, ailə qurmuşlar. Onun qardaşı əməliyyat olunan zaman Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi, ev 48 C ünvanında yerləşən fərdi yaşayış evində qonaq qismində qalmışdır. Onun bacısı qızı artıq 3 ilə yaxındır ki, həyat yoldaşı və uşaqları ilə birlikdə həmin evdə yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********92 nömrəli xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi, ev 48 C ünvanında yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxxxx 2003-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 354711 № ilə qeyd edilmiş, valideynləri - atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx xxxxxx 2004-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 354712 № ilə qeyd edilmiş, valideynləri - atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1965-ci il tarixdə doğulmuş Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi, ev 48 C ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Beləliklə, təqdim olunmuş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 2002-ci il tarixində faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2003-cü il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X2 adlı iki uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra onlar başqa ünvanda yaşamışlar, sonradan həmin mənzil satılaraq əvəzinə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi, ev 48 C ünvanında yerləşən fərdi yaşayış evi alınmışdır. Həmin fərdi yaşayış evində tərəflər 2017-ci ildən yaşayırlar. Mübahisəli fərdi yaşayış evi qanunsuz tikilidir. Cavabdeh tərəfindən mübahisəli evin qanunla müəyyən olunmuş qaydada əldə edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya evin tikintisi üçün lazımi icazələrin alınması barədə sübutlar təqdim edilmədiyini, tərəflərin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan hüquqlara malik olmadıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı 2017-ci ildən həmin fərdi yaşayış evində yaşadığından və cavabdehlə birgə təsərrüfat apardığından cavabdehin yaşadığı mübahisəli evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasıın tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 14 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, mübahisəli ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Məhkəmə hesab edir ki, hazırkı qətnamə ilə bağlı olaraq iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi, ev 48 C ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi təmin olunsa da, həmin qətnamə iddiaçının mübahisəli mənzilə istifadə hüquqlarının yaranmasına və müvafiq dövlət orqanı tərəfindən onun mənzilə qeydiyyata alınmasına əsas ola bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı azyaşlı övladları xx.xx.2003-cü il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi, ev 48 C ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Vurğulanmalıdır ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı azyaşlı övladları xx.xx.2003-cü il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi, ev 48 C ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar