Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2280/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Ərizəçi Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1960-cı ildə Gürcüstan SSR-in Dmanisi rayonunun Aşağı Oruzman kəndində anadan olmuşdur. Doğumu Gürcüstan SSRin Dmanisi rayonunun Oruzman kənd soveti tərəfindən xx.xx.1960-cı il tarixdə 73 nömrə ilə qeydə alınaraq, doğum haqqında şəhadətnamə verilmişdir. Ərizəçi orta təhsilini Gürcüstanın Dmanisi rayonunun Yuxarı və Aşağı Oruzman kənd məktəblərində almışdır. Azərbaycana 1991-ci ildən gəlmiş, bu vaxtadək ölkəni tərk etməmiş və hazırda ünvan 1 ünvanında yaşayır. Ərizəçi Azərbaycan Respublikasında yaşadığı müddət ərzində heç bir qanun pozuntusuna yol verməmiş, barəsində heç bir inzibati tədbir görülməmiş və Dövlət Miqrasiya Xidməti onun barəsində heç bir sanksiya tətbiq etməmişdir. Hazırda heç bir dövlətin vətəndaşı deyil. Ərizəçi Gürcüstan vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması ilə bağlı Gürcüstan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Servisləri İnkişaf Agentliyinə müraciət etmişdir. Ərizəçinin müraciətinə xx.xx.2023-cü il tarixində verilmiş cavabda bildirilmişdir ki, Məmmədova X5 Respublikasının “Gürcüstan vətəndaşlığının müəyyən olunması” haqqında Qanunun 302-ci maddəsinin “a” bəndinə əsasən, agentliyə təqdim olunan və əldə olunan sənədlərə əsasən, Gürcüstan vətəndaşı hesab olunmur. Ərizəçi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi barədə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. DMX-nın təqdim etdiyi xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışda qeyd olunur ki, ərizəçinin 1998-ci il 30 sentyabr tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Ərizəçi Azərbaycan Respublikası vətəndaşlığı əldə edə bilmir. Ona görə də ərizəçi Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçinin 1991-ci ildən Azərbaycan Respublikasının ərazisində daimi yaşamasına baxmayaraq, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilmədiyi üçün hazırda onun şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur. Hazırda, vətəndaşlığı olmayan şəxsdir, lakin bu statusunu da təsdiq edən heç bir sənəd yoxdur. Azərbaycan Respublikası vətəndaşlığına qəbulla bağlı vəsatətin həmin şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti əsasında qəbul edilməsini nəzərdə tutur. Buna müvafiq olaraq, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti onun vəziyyətində olan şəxslərin Azərbaycan Respublikası vətəndaşlığına qəbulla bağlı vəsatətini həmin şəxslərin Azərbaycan Respublikasında daimi yaşaması faktı və həmin şəxslərin heç bir ölkənin vətəndaşı olmaması faktının məhkəmə qaydasında müəyyən olunduğu məhkəmə qətnaməsi əsasında qəbul edir. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün vəsatət qaldıra bilməməyi onun sənədsiz vətəndaşlığı olmayan şəxs vəziyyətində, qeyri-müəyyən statusda yaşamağına səbəb olur ki, bu da onun “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi ilə nəzərdə tutulan şəxsi və ailə həyatına hörmət hüququnu pozur və bu məsələdə o, ayrı-seçkiliyin qurbanı olur. Belə ki, o, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi işləmək, əmlaka sahib olmaq, nikaha daxil olmaq, başqa yerə getmək imkanından və hər hansı bir dövlətin himayəsindən məhrum olmuşdur. Vətəndaşlığının olmaması Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmağını qeyri-mümkün edir və bu da onun bir çox dövlət və qeyri-dövlət xidmətlərinə çıxışının məhdudlaşdırılmasına səbəb olur, nəticədə o hüquqlara çatımlılığı itirir – hüquq subyekti kimi qəbul edilmir. Ona görə də, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək məqsədilə vəsatat qaldıra bilməyi üçün onun hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizənin dəqiqləşdirilməsi Ərizəçi ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun 1990-cı il tarixdən Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikasının vətəndaşı olmaq istəyir və hazırda heç bir dövlətin vətəndaşlığına mənsub deyildir. 1990-1991-ci ildə Gürcüstandan Azərbaycana gəlmişdir. Gürcüstanda doğulmuş və orada məktəbə getmişdir. 1990-cu il tarixdə Azərbaycana gələndə doğum haqqında şəhadətnaməsi və SSSR pasportu üzərində olmuşdur. Atası və anası azərbaycanlıdır. Müvafiq yerlərə təqdim etmək üçün arayışı qızının adına əldə edir və ailə tərkibi kimi onun da adı həmin arayışda qeyd olunur. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X9 izahatında ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Gürcüstan SSR Dmanisi rayonu Oruzman kənd soveti tərəfindən xx.xx.1960-cı il tarixdə verilmiş İİ-PE seriyalı, 295658 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Ərizəçi (atası X10, anası X3) xx.xx.1960-cı il tarixdə Gürcüstan SSR, Dmanisi rayonu, Aşağı Oruzman kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1960-cı il tarixdə 73 nömrə ilə qeyd edilmişdir. xx.xx.1975-ci il tarixdə verilmiş B seriyalı, 043280 nömrəli səkkizillik təhsil haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, 1960-cı ildə doğulmuş Ərizəçi 1975-ci ildə Gürcüstan SSR Dmanisi rayonu orta məktəbin səkkizinci sinfini bitirmiş və nümunəvi davranışı ilə müvafiq qiymətlər almışdır. xx.xx.1977-ci il tarixdə verilmiş X seriyalı, 897083 nömrəli orta təhsil haqqında attestatın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, 15 iyun 1960-cı il tarixdə Gürcüstan SSR Dmanisi rayonu A.Oruzman kəndində anadan olmuş Ərizəçi 1977ci ildə Gürcüstan SSR Dmanisi rayonu Yuxarı Oruzman orta məktəbinin tam kursunu nümunəvi davranış və müvafiq qiymətlərlə bitirimişdir. Gürcüstan SSR Dmanisi rayonu Daxili işlər şöbəsi tərəfindən xx.xx.1977-ci il tarixdə verilmiş İİ-Tİ seriyalı, 624642 nömrəli sovet sosialist respublikaları ittifaqı vətəndaşının pasportunun notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Ərizəçi 15 iyun 1960-cı l tarixdə Gürcüstan SSR Dmanisi rayonu A.Oruzman kəndində anadan olmuş, xx.xx.1977-ci il tarixdən Gürcüstan SSR Dmanisi rayonu Oruzman kənd soveti İcra komitəsi tərəfindən A.Oruzman kəndində yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Gürcüstan Respublikası Ədliyyə Nazirliyi Dövlət Servisləri İnkişaf Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** nömrəli arayışın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Gürcüstanın “Gürcüstan vətəndaşlığının müəyyən olunması” haqqında qanununun 302-ci maddəsinin “a” bəndinə müvafiq olaraq, agentliyə təqdim olunan və əldə olunan sənədlərə əsasən Ərizəçi Gürcüstan vətəndaşı hesab olunmur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair xx.xx.2020-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan müəyyən olunur ki, 15 iyun 1960-cı il təvəllüdlü Ərizəçi 316591/m nömrəli, 09 sentyabr 2020-ci il tarixli müraciətinə baxılaraq onun “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. X8 və X1 notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, onların qonşusu – Ərizəçi 1990-cı ildən ailəsi ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş cavab məktubundan müəyyən olunur ki, xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 310.2. Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.
12. Məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. 12.1. Bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 12.2. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin) nümayəndəsinin iştirakı məcburidir.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 14. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.
Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Nəzərə alınmalıdır ki, bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə səbəb olan faktları müəyyən edir. Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi də, məhz həmin qəbildən olan faktlar sırasına daxildir. Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi üçün qanunvericiliklə 2 zəruri şərt nəzərdə tutulmuşdur. 1) Şəxsin keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması; 2) şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmaması. İş materiallarına əlavə edilmiş sənədlərlə şəxsin 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burda daimi yaşaması, heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və şəxsiyyətini təsdiq edən etibarlı sənədlərinin olmaması kimi zəruri faktlar tam sübut olunur. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə göstərilən hal hüquqi əhəmiyyətli olduğundan, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxdığından, məhkəmə hesab edir ki, Ərizəçi 1990-cı il tarixdən Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1990-cı il tarixdən Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 1990-cı il tarixdən Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva