Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2288/2023 22.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “azyaşlı övladları ilə birlikdə fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladları X13 və X10 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Deputat küçəsi, 45/1 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı Cavabdeh ilə 2018-ci ildə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan iki uşaqları xx.xx.2019-cu il təvəllüdlü Rəna Elçin qızı və xx.xx.2021-ci il təvəllüdü X10 doğulmuşdur. Hazırkı mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Deputat küçəsi, 45/1 ünvandakı fərdi yaşayış evi iddiaçının xalası X4 məxsus olmuş və onun tərəfindən Cavabdeh satılmışdır. Həmin əmlak isə cavabdeh tərəfindən birgə nikah dövründə alınmışdır. Həmin əmlak 6 sot torpaq sahəsindən və həmin torpaq sahəsində, kürsüdə tikilmiş 150-160 kv.m sahəsi olan bir mərtəbəli evdən ibarətdir. Onlar bir ailə olaraq həmin evdə yaşamışlar, yaşadıqları dövrdə tikinti işləri aparılmış, mətbəx tikilmiş və təmir işləri görülmüşdür. Həmin evin birgə nikah dövründə alınmasına baxmayaraq, cavabdeh onu həmin evdən qovmuş və hal-hazırda onu evə buraxmaq istəmir. İddiaçıya məxsus bütün cehiz əşyaları həmin evdə qalmışdır. Hal-hazırda o uşaqları ilə birlikdə müvəqqəti olaraq anasının evində məskunlaşmışdır. Həmin ev birgə nikah dövründə alındığından və onun başqa yaşayış yeri olmadığından onun iki azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanına köçürülməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi birgə nikah dövründə alınmamış, əksinə iddiaçı ilə nikaha girmədən öncə cavabdehin vəsaiti hesabına alınmışdır. ünvan 2 ünvandakı fərdi yaşayış evi sənədsizdir, yəni özbaşına tikili hesab olunur. Özbaşına tikiliyə də mülkiyyət hüququ tanınmır. Bundan əlavə iddiaçı iddia ərizəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən onu və uşaqlarını cavabdeh qovmuş və onların həmin evə qayıtmaqlarına maneə yaradır. Əksinə iddiaçı uşaqları götürərək öz istəyi ilə anası evinə getmişdir. Hal-hazırda onun valideynlərinin evində yaşayırlar. İddiaçı artıq uzun müddətdir ki, evi tərk edərək getsə də, onun bütün cehiz əmlakları sözügedən evdə qalmaqdadır. Cehiz əmlakları ilə bağlı iddiaçı və cavabdeh arasında mediasiya prosesi zamanı barışıq əldə edilmiş və iddiaçı gəlib həmin əmlakları götürmək barədə öhdəlik götürməyinə baxmayaraq icra etməmişdir. Cavabdeh də həmin barışıq sazişinin icra olunması barədə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərə nəzər yetirdikdə iddiaçının hansı mötəbər sübuta əsaslanaraq həmin əmlakın birgə nikah dövründə alınmasını bildirməsi öz təsdiqini tapmır. Hesab edir ki, iddiaçı məhkəməyə yanlış məlumat verməklə məhkəməni yanıltmaq və öz istəyinə nail olmaq istəyir. Qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir . Belə ki, iş materiallarına əlavə edilmiş Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki Cavabdeh ilə İddiaçı ilə xx.xx.2018-ci il tarixdə 47 nömrəli qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Məmmədova, ərə Əliyev soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 5 saylı Bakı Asan Xidmət X11 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2019-cu ildə doğulmuş, valideynləri Cavabdeh, İddiaçıdır. İş materiallarına əlavə edilmiş 5 saylı Bakı Asan Xidmət X11 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2021-ci ildə doğulmuş, valideynləri Cavabdeh, İddiaçıdır. İş materillarına əlavə olunmuş Yaşayış yeri haqqında ******* saylı arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsi tərəfindən verilmiş 56 saylı məktubdan görünür ki, ünvan 5 ünvanında yerləşən əmlaka dair Cavabdeh adına heç bir sənəd aşkar edilməmişdir. X1 Sistemində Cavabdeh bələdiyyənin əmlak və torpaq vergi ödəyicisi kimi qeydə alınmışdır. Lakin əmlak və torpaq vergi borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş Bülbülə Bələdiyyəsi tərəfindən verilmiş tədiyyə bildirişindən müəyyən olunur ki, ünvan 5 ünvanında yaşayan Cavabdeh 2023-cü il üçün 292.91 manat vergi (torpaq, əmlak) borcu vardır. İş materiallarına əlavə edilmiş Bakı 17 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh və İddiaçı mənzilə köçürülmə və yaşayış qaydasının müəyyən edilməsi tələbi ilə bağlı mediasiya prosesindən keçmişlər, lakin mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş üzrə şahid X8 ifadə verərək bildirmişdir ki, İddiaçı ilə qonşudurlar. Belə ki, onu uşaqlıqdan tanıyır və o nikaha daxil olduqdan sonra da onun yaşadığı evdə də olmuşdur. O uzun müddət Jaləni görməmiş, sonuncu dəfə isə onu görəndə Jalə ona bildirmişdir ki, onun həyat yoldaşı onu evdən qovmuşdur və o da azyaşlı övladlarını evdən götürərək qaçmışdır. İş üzrə şahid X6 ifadə verərək bildirmişdir ki, İddiaçı ilə qonşudurlar. O 2018-ci ildə gəlin köçmüşdür, lakin onun həyat yoldaşı onu anasının evinə gəlməsinə icazə verməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin maddənin 4-cü bəndinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcələsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. Onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı yer (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə özünün, qohumunun, tanışının və başqa yaşayış binası) isə vətəndaşın olduğu yer sayılır. Yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır və yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qanunun müddəalarından göründüyü kimi qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2018-ci il tarixli qərarından müəyyən olunur ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu işə baxan məhkəmələr tərəfindən mübahisənin həlli zamanı tətbiq edilməli olan, lakin tətbiq olunmayan mənzil qanunvericiliyinin normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Mülki işin materiallarından, tərəflərin izahatından mübahisəsiz qaydada görünür ki, mübahisəli fərdi yaşayış evi xüsusi mülkiyyətdə deyil, evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Tərəflərin izahatından müəyyən olunmuşdur ki, iddiaçı və cavabdeh xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan iki uşaqları doğulmuşdur. Nikaha daxil olduqdan sonra Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Deputat küçəsi, 45/1 ünvandakı fərdi yaşayış evinə köçərək orada 4-5 il ərzində yaşamışlar. Hazırkı mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Deputat küçəsi, 45/1 ünvandakı fərdi yaşayış evi iddiaçının xalası X5 tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib olunmuş akta əsasən qeyri-rəsmi olmaqla 75000 manata hissə-hissə ödənilməklə Cavabdeh satılmışdır. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikilidir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Cavabdeh Əliyev X7 Bələdiyyəsində əmlak və torpaq vergi ödəyicisi olaraq qeydiyyatdadır. İddiaçı tərəfindən mübahisəli evin qanunla müəyyən olunmuş qaydada əldə edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya evin tikintisi üçün lazımi icazələrin alınması barədə sübutlar təqdim edilmədiyini, tələbin əsaslı hesab edilməsi üçün iddiaçının mübahisəli ev üzərində dövlət tərəfindən tanınan hüquqlara malik olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilə bilməz. Başqa sözlə, iddiaçı özbaşına tikili olan fərdi yaşayış evinə köçürülməsini tələb edə bilməz. Yəni, mövcud olmayan hüquqa yaradılmış maneənin aradan qaldırılması, habelə onun müdafiəsi və realizəsi mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfin yaşayış evinə hər hansı hüququ mövcud olmadığından İddiaçı Cavabdeh qarşı yetkinlik yaşına çatmayan övladları ilə birlikdə mənzilə köçürülməsi tələbinə dair iddiası rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı yetkinlik yaşına çatmayan övladları ilə birlikdə ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-2288/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2288/2023
22.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver