Məhkəmə qərarları › İş №2(010)-2289/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2289/2021

28.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2289/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirlməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi 15.02.2021-ci il, qeydiyyat nömrəsi ********** çıxarışa əsasən şəxsi mülkiyyət hüququ ilə ona mənsus olan ünvan 1 ünvanından cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 03.07.2006-cı il təvəllüdlü X2 istifadə hüquqlarının itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən qeydiyyat tarixi 15.02.2021-ci il, qeydiyyat nömrəsi ********** Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi həyət evi tam pay hüququ ilə ona məxsusdur. Göstərilən ünvanda xx.xx.1962-ci il tarixdə anadan olmuş bacısı Cavabdeh1, xx.xx.1986-cı ildə anadan olmuş bacısı qızı Cavabdeh2 və 03.07.2006-cı ildə anadan olmuş bacısı qızı X6, xx.xx.1986-cı ildə anadan olmuş bacısı oğlunun arvadı Cavabdeh3t Rafət qızı pasport qeydiyyatındadırlar. Cavabdehlər uzun müddətdir ki, ona məxsus yaşayış sahəsində yaşamırlar, özlərinə məxsus əşyalarını da götürüb buradan çıxıb getmişlər. Bacısı qızı Kalkan X3 yaşayır, digər cavabdehlərin isə harada yaşamasından heç bir məlumatı yoxdur. Cavabdehlərin onun evində qeydiyyatda qalması mülkiyyət hüququnu pozur, mülkiyyəti üzərində istədiyi kimi sərəncam verə bilmir, onların əvəzinə kommunal xidmətləri ödəyir. İşə məhkəmə iclasında baxılarkən İddiaçı iddia tələbini müdafiə edərək Cavabdeh1 mübahisəli mənzilə olan payını ona satdığını, Cavabdeh3 isə bacısının gəlini olduğunu bildirdi və digər cavabdehlərin də mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən iddiaçı tərəfin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - ******* saylı arayışdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 qeydiyyatdadır. - qeydiyyat tarixi 15.02.2021-ci il qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 88.80 kv.m sahəsi olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Notariat işinə əlavə edilmiş Seriya RX № ******* olan çıxarışdan görünür ki, X7 məxsus ünvan 1 ünvanında yerləşən 0,00981 ha torpaq sahəsinin 1/3 hisssini Cavabdeh1 adına 22.06.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 1/3 hissəsini İddiaçı adına 29.06.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 1/3 hissəsini isə X5 adına 22.08.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. - AN-İ№ ******* saylı, 11 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 ünvan 1 ünvanında ümumi sahəsi 67,3 kv m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1/3, 22,4 kv.m hissəsini X1. -AN-İ№ ******* saylı, 11 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ünvan 1 ünvanında ümumi sahəsi 67,3 kv m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1/3, 22,42 kv.m hissəsini X1. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, qeyd edilən fərdi yaşayış evi mülkiyyət hüququ ilə iddiaçıya aiddir, işdə olan əvvəlki çıxarışdan məlum olur ki, göstərilən ünvandakı yaşayış evi əvvəllər Cavabdeh1, Abbasova Ədilə, Həsənov Həsən arasında paylı mülkiyyətdə olmuş, sonradan payçılar, hazırkı işdə cavabdeh olan Cavabdeh1 və Həsənov Həsən öz paylarını satmışlar. Cavabdeh1 iddiaçının bacısıdır, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə iddiaçının bacısının qohumlarıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.... Göründüyü kimi, daşınmaz əmlakla bağlı sahiblik hüququnun yaranması üçün qanunvericilik bir sıra imperativ əsaslar qoymuşdur ki, bu əsaslar da qanuni və ya müqavilə ilə yaranan hallarla bağlıdır. Məhkəmə toplanmış sübutlara yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, hazırkı işdə cavabdehlərin iddiaçıya məxsus evə istifadə hüquqlarının olması müəyyən edilmədiyinə görə istifadə hüququnun itirilməsi tələbi də təmin edilə bilməz. Belə ki, müəyyən edilməyən hüquq itirilə bilməz. Cavabdehlərin mübahisəli ünvana qeydiyyatda olmalarıı isə onların evlə bağlı istifadə hüquqlarının olmasına dəlalət etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən hallar öz təsdiqini tapmadığına görə, yəni cavabdehlərin iddiaçıya məxsus evə istifadə hüquqlarının mövcudluğu müəyyən edilmədiyinə görə istifadə hüququnun itirilməsinə dair tələb təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməli olduğunu hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Əmı̇ rxanovna, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçınun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar