Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2317/2020 18.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mİİ-nin etibarnamə üzrə nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “azyaşlı övladları ilə birlikdə mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Yaşayış Kompleksində bina 4, giriş 119, mərtəbə 5, mənzil 2, 4 otaqdan ibarət evdən onun və üç övladının istifadə hüquqlarının tanınması və həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2002-ci il tarixində Gəncə şəhər «Nikah Evində» rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Rəsmi nikahları pozulmamış, lakin Cavabdeh ilə faktiki ayrılaraq, ayrı yaşayırlar. Birgə nikahdan üç övladları xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X7 doğulmuşdur. Təzə ailə qurduqları vaxtlarda Cavabdeh ilə münasibətləri normal olsa da, lakin bir qədər vaxt keçdikdən sonra, ona qarşı münasibəti pis şəkildə dəyişmişdir. Onun hərəkətlərindən bezərək övladlarının psixologiyası korlanmasın deyə üç övladları ilə birlikdə valideyninin evinə sığınmışdır. Belə ki, hazırda Dövlət tərəfindən Hərbiçilərə verilmiş evdə uşaqları ilə birlikdə yaşayır. Cavabdeh bir bəhanə ilə gələrək hər hansı geyim əşyasını götürmək və ya dəyişmək adı ilə yalan bəhanələrlə gələrək onu vəhşicəsinə döyüb təhqir etdikdən sonra çıxıb gedir. İki qız övladı olduğu üçün utanmış və bu səbəbdən də problem yaratmamışdır. Cavabdeh bu günə kimi övladlarına qarşı bir ata olaraq nə maddi, nə mənəvi valideyn vəzifələrini yerinə yetirməmişdir. O yüngül həyat tərzi keçirtməkdədir. Hazırda Cavabdeh onu və 3 uşaqlarını evdən çıxartmaqla hədələyir, tələb edir ki, evdən çıxsınlar. Dövlət tərəfindən Bakı şəhəri Suraxanı rayonu Hövsan Yaşayış Kompleksində bina 4 giriş 119 mərtəbə 5 mənzil 2, 4 otaqdan ibarət ev dövlət vəsaiti hesabına onlara verilmişdir. Cavabdeh onu hədələyərək həmin evi satacağını və onları bayırda qoyacağını bildirmişdir. Bu səbəbdən də, hazırkı evdən istifadə hüquqlarının tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxan Rayon Məhkəməsinə müraciət etməli olmuşdir. Cavabdeh hər yerdə hər bir şəxslərin yanında özünü imkansız, hər kəsə borcu varmış kimi maddi vəziyyəti acınacaqlı bir insan kimi qələmə verir ki, 3 uşaqlarını bayırda qoysun. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) X10 əvvəlki məhkəmə iclasında eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. O məhkəməyə teleqramla müraciət edərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməməsini, odur ki, onun iştirakı olmadan baxılmasını, iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh İddiaçı tərəfindən qaldırılmış iddia tələbi ilə bağlı məhkəməyə müraciət edərək dövlət tərəfindən heç bir sosial mənzillə təmin olunmadığını, hal-hazırda ünvan 1 mənzil 29 ünvanında dörd nəfər ailə üzvü ilə birlikdə yaşadığını qeyd edərək məhkəmə iclasında iştirak imkanının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mİİ-nin etibarnamə üzrə nümayəndəsi X14 bildirmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə “Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Dövlət vəsaiti hesabına mənzillə təmin olunması üçün Cavabdeh adına tərtib edilmiş arayış-təqdimat sənədləşdirilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmişdir. Təqdimatda ailə üzvləri göstərilmişdir : həyat yoldaşı Allahverdiyeva (Yusifova) Pərvanə Ələddin qızı, qızı Fatimə-2007-ci il təvəllüdlü, qızı Xeyransa-2009-cu il təvəllüdlü, oğlu Kamal-2012-ci il təvəllüdlü. Ehtiyatda olan mayor Cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin tədbirləri barədə” xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanının 2ci bəndinə əsasən yaradılmış komissiyanın xx xxxxxx 2019-cu il tarixli 18 nömrəli protokolu ilə ünvan 2 ünvanında yerləşən 4 (dörd) otaqlı yaşayış sahəsi ayrılmışdır. Lakin, sonradan araşdırma nəticəsində məlum oldu ki, Cavabdeh xidmət müddəti dövründə (qüsur) məhkum olunması faktı müəyyən edilmiş və bu məlumat xx xxxxx 2020-ci il tarixli məktubla sözügedən komissiya təqdim edilmişdir. Bakı şəhəri, Hövsan Yaşayış Kompleksində dövlət vəsaiti hesabına mənzil verilmiş, lakin sonradan xidmət müddəti dövründə məhkumlugu olmuş hərbi qulluqçuların barələrində mənzil komissiyası tərəfindən bu günədək yekun qərar qəbul edilmədiyindən, ehtiyatda olan mayor Cavabdeh ayrılmış, yuxarıda qeyd olunan ünvana dair hüquqmüəyyənedici sənədləşmə işləri aparılması dayandırılmışdır. Bununla əlaqədar olaraq qeyd edirik ki, Cavabdeh ilə alqısatqı müqaviləsi bağlanmamış və mülkiyyət hüququnun əldə edilməsinə dair reyestr xidmətində qeyd edilən ünvana onun adına çıxarış verilməmişdir. Müdafiə Nazirliyi hesab edir ki, mənzil komissiyası tərəfindən yekun qərar qəbul edilmədiyindən İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki işə baxıla bilməz. Məhkəmə işdə üçüncü şəxsin nümayəndəsinin izahatını, təqdim olunmuş sübutları tam tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Nihah evi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X11 xx.xx.2002-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Allahverdiyev, arvada Allahverdiyev soyadı verilmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası təmin edilərək, xx.xx.2015-ci il tarixindən başlayaraq Cavabdeh hər ay aylıq qazancının yarısı miqdarında aliment tutularaq iddiaçı ilə birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2009-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon MİS-nin 2№-li evlər idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı ünvan 3 mənzil 29 ünvanında yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərə alınmışdır. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1.-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin 30.2.-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Qərarında qeyd olunur ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Vurğulanmalıdır ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan üç uşaqları doğulmuşdur. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Yaşayış Kompleksində bina 4, giriş 119, mərtəbə 5, mənzil 2 ünvanında yerləşən mənzili verilmiş, lakin dövlət vəsaiti hesabına mənzillə təmin olunan hərbi qulluqçuların xidmət illəri ərzində məhkum olunub-olunmamaları ilə əlaqədar aparılan sonrakı araşdırma zamanı Cavabdeh məhkum olması faktı müəyyən edilmişdir. Bu günə qədər komissiya tərəfindən cavabdeh barəsində yekun qərar qəbul edilmədiyindən cavabdehə verilmiş mənzilə dair hüquqmüəyyənedici sənədləşdirmə işləri aparılmamışdır. Məhkəmə hesab edir ki, həmin yaşayış sahəsinin Cavabdeh istifadəsinə verilməsi və onun adına hüquqmüəyyənedici sənədlərin mövcud olması ilə bağlı olaraq iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mİİ-nin nümayəndəsi xidmət müddəti dövründə məhkumlugu olmuş hərbi qulluqçuların barələrində mənzil komissiyası tərəfindən bu günədək yekun qərar qəbul edilmədiyini, ehtiyatda olan mayor Cavabdeh ayrılmış, yuxarıda qeyd olunan ünvana dair hüquqmüəyyənedici sənədləşmə işləri aparılmasının dayandırıldığını qeyd etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının həmin yaşayış sahəsinə istifadə hüququnun mövcud olub-olmamasını müəyyən etmək mümkün olmadığından və iş üzrə möhtəbər sübutlar təqdim olunmadığından iddia tələbi təmin oluna bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı Cavabdeh qarşı “azyaşlı övladları ilə birlikdə mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-2317/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2317/2020
18.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver