Məhkəmə qərarları › İş №2(010)-2383/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2383/2021

29.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2383/2021 29.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı, Cavabdeh, eyni zamanda digər cavabdehin nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı yetkinlik yaşına çatmamış övladları 03.09.2009-cu il təvəllüdlü X1 və 03.11.2010-cu il təvəllüdlü X3 ilə birlikdə - Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əri cavabdeh - Cavabdeh2 ilə ailə həyatı quraraq evlənmişdir. Cavabdehlə birgə nikahlarından 03.09.2009-cu il təvəllüdlü X1 və 03.11.2010-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Hal-hazırda ailə münasibətlərində problemlər yaranmışdır və o 31.12.2020-ci il tarixində məcburi şəkildə evdən çıxarılmışdır. Çıxarıldığı günədək mübahisəli evdə - ünvan 1 ünvanında yerləşən mənzildə uşaqları və cavabdelərlə birlikdə yaşamış və birgə təsərrüfat aparmışlar. Lakin cavabdehlər iddiaçını və yetkinlik yaşına çatmamış övladlarını yaşadığı evə buraxmır. Halbuki, onlar həmin evdə birgə təsərrüfat aparmaqla etibarlı ailə münasibətlərində olmuşlar. İndi isə, getməyə başqa yeri yoxdur. İddiaçıya məxsus olan bir çox cehiz əşyaları da hal-hazırda həmin evdədir. Buna görə də, müvəqqəti olaraq başqa evə məskunlaşmağa məcbur olmuşdur. Bu səbəbdən də, cavabdeh bu cür qanunsuz hərəkətlərə son qoymalı və iddiaçı hal-hazırda yetkinlik yaşına çatmayan övladları 03.09.2009-cu il təvəllüdlü X1 və 03.11.2010-cu il təvəllüdlü X3 ilə birlikdə çıxarıldığı mənzilə - Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evə köçürülməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın əsaslı olduğunu bildirdi və iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ev onun adınadır. İddiaçı digər cavabdeh olan oğlu Cavabdeh2 2019-cu ilin yanvar ayında boşanmışdır. Nəvələri 03.09.2009-cu il təvəllüdlü X1 və 03.11.2010-cu il təvəllüdlü X3 onunla bir yerdə mübahisə olunan mənzildə yaşayırlar. Odur ki, iddianı qəbul etmir. İş üzrə Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və cavabdeh tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı deyildir və təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: -AZ-İİ 349985 № li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 03.09.2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh2, anası İddiaçıdır. -AZ-İİ 561654 № li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 03.11.2010-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh2, anası İddiaçıdır. - Seriya RX ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 adına ********** qeydiyyat nöömrəsi ilə 26.08.2015-ci ildə qeydiyyata alınmışdır. -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-214/2019 saylı 28.01.2019-cu il tarixli qətnamədən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 1389 sayla qeydə alınmış 24.12.2008-ci il tarixli nikah pozulmuş, nikah pozulduqdan sonra 03.09.2009-cu ildə anadan olmuş X1 və 03.11.2010cu ildə anadan olmuş X3 İddiaçı yanında qalmışlar. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı Cavabdeh1 oğlu digər Cavabdeh2 ilə rəsmi nikaha daxil olmuş və sonradan mübahisəli əmlakda Cavabdeh1 ilə birlikdə yaşamışlar. İddiaçı tərəfin dəlili ondan ibarətdir ki, mübahisəli yaşayış evinə gəlin köçmüş və boşandığı günə qədər orada yaşamışdır. Cavabdeh tərəfin iddiaya etirazı ondan ibarətdir ki, mübahisəli ev Cavabdeh1 məxsusdur. İddiaçı mübahisəli mənzilə köçürülmə tələbi irəli sürmüşdür. Tərəflər arasında münasibətlər 2008-ci ildə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.10.2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228-ci maddəsinin tələbindən görünür ki, yaşayış sahəsinin mülkiyyətçinin ailə üzvü həmin yaşayış sahəsinə istifadə hüququna malikdir. Mülkiyyətçinin ailə üzvünün əri və ya arvadı isə istifadə hüququ əldə etmək üçün mülkiyyətçi ilə notarial qaydada razılaşma bağlamalıdır. Hazırkı işdə mübahisəli mənzilə mülkiyyət hüququ Cavabdeh1 tərəfindən 2015-ci ildə əldə edilmişdir. Bu müddətdən sonra da, iddiaçı tərəfindən mübahisəli mənzillə bağlı qanunvericiliyin tələblərinə uyğun şəkildə istifadə hüququ əldə edilməmişdir.İddiaçının bir müddət həmin mənzildə yaşaması faktı isə özü özlüyündə iddiaçının həmin evdə yaşamaq hüququnun tanınması üçün yetərli deyildir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 məxsus olan mənzilə köçürülməsi sonuncunun əmlak hüquqlarının pozulması ilə nəticələnər və ona görə də, iddia tələbi qanuni və ədalətli hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin yuxarıda sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürmə tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar