Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2388/2024 26.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdehnə (bundan sonra mətndə Cavabdeh MMC) qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx xxxxxxx 1988-ci il tarixdə anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirir ki, hazırda elektron informasiya sistemində Cavabdeh adlı şirkətdə anbardar vəzifəsində işlədiyi qeyd edilir və guya 370 manat məbləğində əmək haqqı alır. Halbuki, qeyd olunan haldan qəti olaraq xəbəri olmamış, sözügedən şirkət ilə heç bir əlaqəsi olmamışdır. Qeyd edir ki, bu hal ona başqa bir şirkətə işə düzəlmək istəyən zaman aydın olmuşdur. Belə ki, iş görüşməsi zamanı ona sistemdə adında aktiv əmək müqaviləsinin olduğu bildirilmişdir. Bu haldan xəbər tutan kimi dərhal qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq mediasiya təşkilatına müraciət etsə də, nəticəsi olmamışdır. Tək çıxış yolu məhkəməyə müraciət etməkdir. Təkrar olaraq qeyd edir ki, qeyd olunan şirkət ilə heç bir əlaqəsi olmamış, qəti olaraq həmin şirkətdə işləməmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Belə ki, hazırda adında aktiv əmək müqaviləsinin göstərilməsi bir sıra hüquqlarının realizə edilməsində, eləcə də başqa yerdə iş tapmağına mane olur. Himayəsində azyaşlı övladları vardır. Adında əmək müqaviləsi göstərilməsi səbəbindən heç bir yerdə iş tapa bilmir.
Tərəflərin izahatları
3. Cavabdeh MMC və üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
4. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, onun bu olanların heç birindən məlumatı yox idi. Yeni iş üçün müraciət edən zaman adına aktiv əmək müaviləsinin olduğunu bilmişdir. İddia tələbinin təmin edilməsini xahiş edir.
İş materialları
5. “Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişi”ndən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi əsasında həmin tarixdən işə götürən Cavabdeh MMC tərəfindən aylıq 370 manat əmək haqqı və əməyin ödənilməsi forması vaxtamuzd olmaqla işə götürülmüşdür.
6. Azərbaycan Respublikasının İN yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsinin Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğusuna ünvanlanmış 11 iyun 2024-cü il tarixli cavab məktubundan görünür ki, Dövlət reyestr məlumatlarına əsasən, Cavabdeh MMC (VÖEN **********) xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
7. Bakı 13 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ından görünür ki, Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixdə keçirələcək mediasiya sessiyasında iştirak etməsi üçün xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş, lakin mediasiya sessiyasında iştirak etməmişdir.
İşin faktiki halları
8. Cavabdeh MMC və İddiaçı arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması və hazırda həmin əmək müqaviləsinin aktiv olması işin mübahisəsiz hallarıdır. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq aralarında olan əmək müqaviləsinə xitam verilməsini və həmin əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, o, adında aktiv əmək müqaviləsinin olmasını yeni iş üçün müraciət etdiyi zaman öyrənmişdir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 35. Əmək hüququ
İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
10. Azərbaycan Respublikası Əmək Məcəlləsi
Maddə 287. Fərdi əmək mübahisələri anlayışı Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 288. Fərdi əmək mübahisələrinin predmeti Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi. Maddə 292. İşçinin pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ
1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; o) elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək. Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla).
2. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
11. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydalar
3. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi 3.1. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. 3.2. Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. 3.3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 315-ci maddəsini nəzərə alaraq, bu Məcəllə qüvvəyə minənədək mövcud olan əmək qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanılmış və yazılı formada tərtib edilməmiş əmək müqavilələri, onlarda şifahi formada dəyişikliklərin edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan müvafiq əmək müqaviləsi bildirişi formasında daxil edilir. 3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. 3.5. İşəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. 3.6. Bir şəxsə bir neçə işəgötürən tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi səlahiyyəti verildikdə, səlahiyyət verilən şəxsə sistem vasitəsilə müəyyən edilmiş siyahıda müvafiq işəgötürəni seçdikdən sonra əmək müqaviləsi bildirişinin qeydiyyatını aparmaq imkanı veriləcəkdir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
13. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
14. Araşdırılan sənədlər əsasında və iddiaçı tərəfin izahati ilə məlum olmuşdur ki, İddiaçı məlumatı olmadan Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanılmaqla vəzifəyə təyin edilmiş, ona formal olaraq əmək haqqı nəzərdə tutulmuşdur. Hazırki halda İddiaçı adına həmin əmək müqaviləsinin qüvvədə qalması onu konstitusion hüququndan, yəni başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq imkanından məhrum etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı Fətəlı̇ yev Ruslan Əli oğlu və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi AR ƏƏSMN yanında X1 Xidmətinə həvalə edilməlidir.
Məhkəmə xərcləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən mediasiya xərci olaraq ödənilmiş 51 manat pul vəsaiti Cavabdehndən tutularaq iddiaçı Fətəlı̇ yev Ruslan Əli oğluna ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə
17. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı Fətəlı̇ yev Ruslan Əli oğlu və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi AR ƏƏSMN yanında X1 Xidmətinə həvalə edilməli və mediasiya xərci olaraq ödənilmiş 51 manat pul vəsaiti Cavabdehndən tutularaq iddiaçı Fətəlı̇ yev Ruslan Əli oğluna ödənilməlidir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. İddiaçı Fətəlı̇ yev Ruslan Əli oğlu və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi AR ƏƏSMN yanında X1 Xidmətinə həvalə edilsin. İş üzrə mediasiya xərci olaraq ödənilmiş 51 manat pul vəsaiti Cavabdehndən tutularaq iddiaçı Fətəlı̇ yev Ruslan Əli oğluna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.