Məhkəmə qərarları › İş №2(010)-2390/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2390/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2390/2024 02.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 1800 manat ödənilməmiş kirayə haqqı borcu, 90 manat elektrik enerjisindən istifadəyə görə yaranmış borc, 210 manat isə qazdan istifadəyə görə yaranmış borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 41 manat dövlət rüsumunun və 90 manat iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən evi tam təmirli və əşyalarla tam təchiz olunmuş vəziyyətdə aylıq 150 manat ödəməklə, kirayə götürmüşdür. Cavabdeh iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən evdə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək ailəsi ilə birlikdə yaşasa da, elektrik enerjisindən istifadəyə görə 90 manat, qazdan istifadəyə görə 210 manat, kirayə haqqına görə isə 1800 manat borcu yaranmışdır. Hesab edir ki, Cavabdeh 1800 manat ödənilməmiş kirayə haqqı borcu, 90 manat elektrik enerjisindən istifadəyə görə yaranmış borc, 210 manat isə qazdan istifadəyə görə yaranmış borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 41 manat dövlət rüsumunun və 90 manat iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, cavabdeh ona məxsus evdə ailəsi ilə 2023-cü ilin aprel ayına kimi yaşasa da müqavilədə göstərilən müddətə uyğun, yəni bir ilin kirayə haqqını tələb edir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, o, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialları xx.xx.2021-ci il tarixli əmlak kirayəsi müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh bağlanmış əmlak kirayəsi müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Zabrat qəsəbəsi, ev 14-də yerləşən üç otaqlı, ümumi sahəsi 100 kv.m. olan 2 saylı mənzili 12 aylıq xx.xx.2022ci il tarixə qədər olan müddətə kirayə vermişdir. İltizamdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh -xx.xx.2021-ci ildə İddiaçı ilə bağlanmış əmlak kirayəsi müqaviləsinə əsasən noyabr 2021-ci ildən bu günə qədər yaşadığı Zabrat 2 qəsəbəsi Tramvay küçəsi, 14 nömrəli evin kirayə və qaz işıq pulunu ödəməyinə görə yığılan borcu ümumilikdə 2100 manat məbləği öhdəməyi öhdəsinə götürmüşdür. İlk ödəniş olaraq xx.xx.2022- ci il tarixində depozit olaraq ümumi borcdan 200 manat ödəniş edəcək və kommunal borcunu 30 gün ərzində ödəyəcək. İddiaçı Cavabdeh ünvanladığı pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə ünvan 3 ünvanda yerləşən evə dair bağlanmış əmlak kirayəsi müqaviləsi əsasında yaranmış 2100 manat məbləğində borcun 10 gün müddətində ödənilməsini təmin etməsi, əks halda 10 gün müddətində borc ödənilmədiyi halda, borcun, dəymiş maddi və mənəvi ziyanın, məhkəmə xərclərinin bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Abonentin saldosundan görünür ki, ünvan 4 ünvanında **********00020 saylı abonent X1 qazdan istifadəyə görə 11.2021-ci ildən xx.xx.2022-ci il tarixədək 268.15 manat məbləğində borcu olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 425 Öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 675 Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh bağlanmış xx.xx.2021-ci il tarixli əmlak kirayəsi müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Zabrat qəsəbəsi, ev 14-də yerləşən üç otaqlı, ümumi sahəsi 100 kv.m. olan 2 saylı mənzili xx.xx.2022-ci il tarixinə qədər aylıq 150 manat kirayə haqqı müqabilində kirayə vermişdir. Hazırda İddiaçı, Cavabdeh 1800 manat ödənilməmiş kirayə haqqı borcu, 90 manat elektrik enerjisindən istifadəyə görə yaranmış borc, 210 manat isə qazdan istifadəyə görə yaranmış borcun tutularaq iddiaçıya ödənilməsini tələb edir. Məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1 və 425-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh kirayə hüquq münasibətlərindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan borc məbləği, yəni 1800 manat məbləğində vəsait Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin kommunal xidmətlərdən (qaz, elektrik enerjisi) istifadəyə görə yaranmış borcun əvəzinin ödənilməsinə gəldikdə, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış olan əmlak kirayəsi müqaviləsinin 2.6-cı bəndinə görə mənzil kommunal xərcləri kirayəyə götürülən tərəfindən ödənilir. Bundan başqa, məhkəmə iş materiallarında olan iltizama əsasən müəyyən edir ki, Cavabdeh İddiaçı ilə bağlanmış əmlak kirayəsi müqaviləsinə əsasən noyabr 2021-ci ildən xx.xx.2022-ci ilədək yaşadığı Zabrat 2 qəsəbəsi, Tramvay küçəsi, 14 nömrəli evin kirayə və qaz işıq puluna görə yığılan borcu, ümumilikdə 2100 manat məbləği öhdəməyi öhdəsinə götürmüşdür.

Məhkəmənin gəldiyi nəticə Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli əmlak kirayəsi müqaviləsi üzrə kirayə haqqına görə 1800 manat, həmin mənzildə kommunal xidmətlərdən istifadəyə görə yaranmış borca görə 300 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumuna görə ödədiyi 41 manat, hüquqi xidmətə görə ödədiyi 90 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli əmlak kirayəsi müqaviləsi üzrə kirayə haqqına görə 1800 manat, həmin mənzildə kommunal xidmətlərdən istifadəyə görə yaranmış borca görə 300 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçının dövlət rüsumuna görə ödədiyi 41 manat, hüquqi xidmətə görə ödədiyi 90 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar