Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-240/2023 11.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X8 iclas katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) X9 və Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən yetkinlik yaşına çatmamış xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən Cavabdeh2 ilə ailə həyatı quraraq evlənmişəm. Cavabdehlə birgə nikahımızdan xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Halhazırda bizim ailə münasibətlərimizdə problemlər yaranmışdır və cavabdeh tərəfindən çıxarıldığım mənzildə yaşamağa imkan verilmir. Belə ki, cavabdehlər tərəfindən yaşadığımız mənzildən məcburi şəkildə çıxarılmışam. Mən də məcbur olaraq müvəqqəti atamın mənzilində məskunlaşmışam. Cavabdehlər elə münasibət sərgiləyir ki, sanki mən övladlarımla birlikdə küçədə yaşamalıyam. Baxmayaraq ki, mübahisəli evdə - ünvan 2 ünvanında uşaqlarım və cavabdehlə yaşamışıq və birgə təsərrüfat aparmışıq. ndi isə getməyə başqa yerim yoxdur. Buna görə də mən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Bu səbəbdən də cavabdehin bu cür qanunsuz hərəkətlərinə son qoyulmalı və mən yetkinlik yaşına çatmamış uşaqlarımla birlikdə ünvan 3 ünvanında yerləşən evə köçürülməliyəm. Bir daha bildirirəm ki, yeganə yaşayış yerimdən məhrum edilmişəm və məhrumedilmə qanunsuzdur”.
İddia ərizəsinə etiraz.
3. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil vasitəsilə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı ona və Cavabdeh2 qarşı “evə köçürülmə” barədə iddiasının rədd edilməsini xahiş etmişdir. İddia ərizəsinə etirazın əsaslandırıldığı hallar.
4. Cavabdeh iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki: “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında İddiaçı mənə və Cavabdeh2 qarşı “yetkinlik yaşına çatamayan uşaqlarla birlikdə evə köçürülmə” barədə iddia ərizəsi vardır. İddiaçı iddia ərizəsini bununla əsaslandırmışdır ki, o, 2007-ci ildə mənim oğlum Cavabdeh2 ilə rəsmi nikaha daxil olmuşdur. Nikahdan onların üç uşağı: xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 anadan olmuşdur və həmin vaxtdan o, yoldaşı və uşaqları ilə birlikdə mənə məxsus evdə yaşamışlar. Oğlum Cavabdeh2 ilə İddiaçı arasında bağlanılmış nikah 2021-ci ildə pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdehlər ona mənzildə yaşamağa imkan verməmişlər. O da yaşadğı mənzildən məcburi şəkildə uşaqları ilə birlikdə çıxmışdır. İddiaçı hesab edir ki, mübahisəli mənzil onun yeganə yaşayış yeridir və bununla əlaqədar məhkəmədən onun uşaqları ilə birlikdə mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Hesab edirəm ki, iddiaçının iddia ərizəsi tamamilə əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev 62 küçəsidə yerləşən ev 101C mülkiyyət hüququ üzrə mənə məxsusdur. Nikahı pozulduqdan sonra İddiaçı uşaqları ilə birlikdə evdən çıxmışdır. Hal-hazırda onun valideynlərinin evində yaşayırlar. İddiaçı artıq uzun müddətdir ki, evi tərk edərək getsə də, onun bütün cehiz əmlakları mülkiyyət hüququ üzrə mənə məxsus evdə qalmaqdadır. Qeyd olunan əşyalarının mülkiyyətimdə olan evdə qalması mənim mülkiyyət hüququmu pozur, həm də həmin əmlaklara cavabdehlik daşımaq məcburiyyətindəyəm. Bununla əlaqədar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3125/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mənim iddia ərizəm təmin olunmuşdur. Cavabdeh İddiaçı məxsus olan şəxsi əmlakın Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Eyni zamanda cavabdeh İddiaçı və iki yetkinlik yaşına çatmamış uşağı xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X2 mülkiyyətimdə olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev 62 küçəsində yerləşən ev 101Cdən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi irəli sürmüşəm. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8233/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı, X7 və X2 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi 62, ev 101C-dən qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Hal-hazırda bu iki məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Beləliklə, həmin mülki iş üzrə İddiaçı mülkiyyət hüququ üzrə mənə məxsus evdə heç bir yaşamaq və istifadə hüququ yoxdur. Bununla bağlı İddiaçı mənə qarşı iddia tələbləri tamamilə qanunsuzdur. Bundan başqa mübahisəli ünvanda yerləşən fərdi yaşayış evini 2012-ci ildə şəxsi vəsaitim və əvvəlki evimi sataraq tikmişəm və 2017-ci ildə mülkiyyəti təsdiq edən sənəd almışam. Həmin evdə mən, həyat yoldaşım, oğullarım və nəvəm Cavidan yaşamışlar. Oğlum Cavabdeh2 xx.xx.2007-ci ildə cavabdehlə ailə qurduqdan sonra bir müddət mənim mülkiyyətində olan Yeni Günəşli qəsəbəsi, D y/s, bina 19, mənzil 83 ünvanında yaşamışlar. Daha sonra mən həmin evi sataraq 2012-ci ildə Zığ qəsəbəsində fərdi yaşayış evi tikdirirərək köçüb orada yaşamışıq. Həmin evə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədi aldıqdan sonra özümü və ailə üzvlərini, həmçinin keçmiş gəlinim İddiaçı həmin evə pasport qeydiyyatına aldırmışam. Onlar ailə üzvləri ilə birlikdə 2012-ci ildən 2021-ci ilədək orada yaşamışlar. Lakin 2021-ci ilin mart ayında keçmiş gəlinim bizə xəbər vermədən uşaqları da götürüb evdən çıxıb getmişdir”.
Tərəflərin izahatları.
5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, 2007-ci ildə Cavabdeh2la ailə quraraq, Cavabdeh1 mülkiyyətində olan və Yeni Günəşli qəsəbəsində yerləşən mənzilə gəlin köçmüş, sonra həmin mənzil satılaraq mübahisəli ev tikilmiş, onlar da həmin evə köçmüşlər. Lakin artıq iki ildir ki, mənzildən çıxarılmışdır. Cavabdeh2la birgə nikahından doğulmuş üç uşaqdan ikisi onunla, biri isə cavabdehlə qalır. Cavabdehlər uşaqları ilə birlikdə onu mənzildən çıxartmışlar və orada yaşamağa qoymurlar. O, hazırda uşaqları ilə birlikdə kirayədə qalır. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X9 iddianı müdafiə edərək bildirdi ki, İddiaçı və Cavabdeh2 2007-ci ildə ailə qurararaq, Cavabdeh1 mülkiyyətində olan, Yeni Günəşli qəsəbəsi, D y/s, bina 19, mənzil 83 ünvanına gəlin köçmüş, orada qeydiyyata düşərək yaşamışdır. Həmin mənzil 2010-cu ildə satılmış, 2011-ci ildə mübahisəli evə köçmüşlər. İddiaçı və Cavabdeh2 arasında ailə münasibətləri pozulduqdan bir müddət sonra nikahları da pozulmuş, daha sonra cavabdehlər iddiaçını uşaqları ilə birlikdə həmin evdən çıxarmışlar. Halbuki, iddiaçının hələ 2007-ci ildə gəlin köçdüyü mənzilə Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən istifadə hüququ yaranmışdır. Ona görə ki, qaynatanın razılığı ilə iddiaçı həmin mənzilə köçmüş, daha sonra qeydiyyata alınmışdır. Hesab edir ki, iddiaçının həmin mənzilə münasibətdə yaranmış istifadə hüququ sonradan köçdükləri mübahisəli evə ötürülmüşdür. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı mübahisəli evdə mülkiyyətçinin razılığı ilə qeydiyyata alınmış və nikahda olduqları dövrdə uşaqları ilə birlikdə həmin evdə yaşamışdır. İddiaçının uşaqlarla birlikdə mübahisəli evə köçürülməsi həm də uşaqların mənafeyi baxımından zəruridir. Ona görə ki, uşaqlardan biri hazırda cavabdehlərlə yaşadığından və uşaqların ayrı yaşaması onların üstün maraqlarına uyğun olmadığından iddiaçının öz yanında qalan uşaqlarla birlikdə mübahisəli evə köçürülməsi həm də uşaqların üstün maraqları baxımından zəruridir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi vəkili) Vəkil iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı köçürülmək istədiyi ev Cavabdeh1 mülkiyyətindədir və iddiaçının həmin evə münasibətdə heç bir istifadə hüququ yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
8. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 423215 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 və İddiaçı arasında olan nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə, 138 nömrə ilə qeyd edilmişdir.
9. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 181965 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 (atası Cavabdeh2 qızı, anası İddiaçı) xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 2755 nömrə ilə qeyd edilmişdir.
10. Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 776986 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 (atası Cavabdeh2, anası İddiaçı) xx.xx.2011-ci il tarixdə Şəki şəhərində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 1538 nömrə ilə qeyd edilmişdir.
11. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 574216 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 (atası Cavabdeh2, anası İddiaçı) xx.xx.2015-ci il tarixdə Şəki şəhərində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 3741 nömrə ilə qeyd edilmişdir.
12. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 0.0272 ha olan torpaq sahəsi və üzərində olan ümumi sahəsi 251.8 m2 olan fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə Cavabdeh1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 2072/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2007-ci il tarixdə Şəki şəhəri Qeydiyyat Şöbəsində bağlanmış 447 saylı nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 atası - Cavabdeh2, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X2 anaları - İddiaçı yanında saxlanılmaları, Cavabdeh2 xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-2072/2021 saylı müvəqqəti aliment tutulması barədə qərardadı ilə qət edilmiş aliment məbləğinin hesablanıb tutularkən vaxt və miqdar baxımından nəzərə alınması, Cavabdeh2 30 (otuz) manat məbləğində pulun tutularaq dövlət büdcəsinə keçirilməsi, qətnamənin alimentə aid hissədə dərhal icra edilməsi qət edilmişdir.
14. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 3125/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh İddiaçı məxsus olan cehiz əmlaklarının Cavabdeh1 məxsus olan ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8233/2022 saylı qərarından görünür ki, iddia təmin edilmiş, İddiaçı, X7 və X4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi 62, ev 101C-dən qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
İşin faktiki halları.
16. İddiaçı və Cavabdeh2 xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Tərəflərin birgə nikahından üç uşaq - xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlardan ikisinin - xx.xx.2011-ci il təvəllüdlü Zəhra Məmmədzadə və xx.xx.2015-ci il təvəllüdlü Vəzifə Məmmədzadənin anaları İddiaçı, xx.xx.2008-ci il təvəllüdlü Cavidan Məmmədzadənin isə atası Cavabdeh2 yanında qalması, ananın yanında qalan uşaqların yektinlik yaşına çatanadək saxlanılması üçün atadan aliment tutulması qət edilmişdir.
17. Hazırda İddiaçı uşaqları ilə birlikdə köçürülmək istədiyi fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə iddiaçının keçmiş qayınatası olan Cavabdeh1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı iddia edir ki, o, Cavabdeh2la nikaha daxil olduğu 2007-ci ildə digər Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən bir mənzilə gəlin köçmüş, bir müddət həmin mənzildə ailəsi ilə birlikdə yaşadıqdan sonra bu mənzil satılaraq Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən mübahisəli ev tikilmiş, o da ailəsi ilə birlikdə 2011-ci ildə həmin evə köçmüş, Cavabdeh2la ailə münasibətlərinin pozulmasına qədər həmin evdə yaşamış, lakin sonradan cavabdehlər onu və uşaqlarını evdən çıxartmışlar. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı 2007-ci ildə gəlin köçdüyü Yeni Günəşli qəsəbəsində yerləşən mənzilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən istifadə hüququ yaranmış, həmin mənzil satılıb yeni ev tikildikdən sonra isə həmin mənzilə münasibətdə formalaşmış istifadə hüququ Zığ qəsəbəsində yerləşən mübahisəli evə ötürülmüşdür. Bu əsasla da iddiaçı hazırda uşaqları ilə birlikdə həmin evə köçürülməsini tələb etmişdir. İddiaçı tərəf öz mövqeyini həm də onunla əsaslandırmışdır ki, uşaqlardan ikisi iddiaçı, biri isə cavabdehlərlə yaşadığından və uşaqların ayrı yaşaması onların üstün maraqlarına uyğun olmadığından iddiaçının uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsi həm də uşaqların üstün maraqları baxımından zəruridir.
18. Cavabdeh tərəf isə öz növbəsində iddiaçının 2007-ci ildə Yeni Günəşli qəsəbəsində yerləşən mənzilə gəlin köçdüyünü, ailəsi ilə birlikdə həmin ünvanda yaşadığını, həmin mənzilin satılaraq, yeni Zığ qəsəbəsində yeni ev tikildiyini, 2012-ci ildə həmin evə köçdüklərini, iddiaçının da uşaqları ilə birlikdə 2021-ci ilədək həmin evdə yaşadığını, Cavabdeh2la ailə münasibətlərinin pozulduğu 2021-ci ilin mart ayında isə uşaqlarını da götürərək evdən çıxdığını və həmin vaxtdan evdə yaşamadığını bildirmişdir. Məhkəmə iclasında iddianı qəbul etməyən Cavabdeh1 nümayəndəsi (vəkili) İddiaçı və uşaqlarının həmin evdən istifadə hüququnun olmaması əsası ilə iddianın təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq.
19. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.
Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Qərarı.
Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarı.
Göründüyü kimi, Mülki Məcəllənin 228.5-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (yaşayış sahəsinin mülkiyyətçisinin) keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ nəzərdə tutulduğu halda, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun olmaması aydın şəkildə müəyyən olunmuşdur. Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
25. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasındakı mübahisə Cavabdeh1 xüsusi mülkiyyətində olan, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı uşaqları ilə birlikdə köçürülməsi üçün əsas (istifadə hüququnun) olub-olmaması ilə bağlıdır. Belə ki, iddiaçı tərəfə görə iddiaçının 2007-ci ildə gəlin köçdüyü cavabdehə məxsus mənzilə olan istifadə hüququ həmin mənzilin satılmasından sonra köçdükləri fərdi yaşayış evinə keçmiş, yəni istifadə hüququ ötürülmüşdür. Cavabdeh tərəfə görə isə İddiaçı və uşaqlarının Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə heç bir istifadə hüququ yoxdur.
26. Göründüyü kimi tərəflər İddiaçı mübahisəli fərdi yaşayış evində istifadə hüququ olub-olmaması ilə bağlı bir-birinə zidd mövqelər nümayiş etdirmişlər. Bununla belə hər iki tərəfin mübahisələndirmədən qəbul etdiyi bəzi hallar da olmuşdur. Belə ki, hər iki tərəf mübahisələndirmədən qəbul edir ki, İddiaçı Cavabdeh2la rəsmi nikaha daxil olduğu 2007ci ildə digər Cavabdeh1 məxsus Yeni Günəşli qəsəbəsində yerləşən mənzilə gəlin köçmüşdür. Hər iki tərəf onu da mübahisələndirmədən qəbul edir ki, iddiaçının gəlin köçdüyü həmin mənzil satılaraq Zığ qəsəbəsində fərdi yaşayış evi tikilmiş, iddiaçı da bütün ailə üzvləri kimi uşaqları ilə birlikdə həmin evə köçmüş, Cavabdeh2la nikahlarının pozulduğu 2021-ci ilə qədər uşaqları ilə birlikdə həmin evdə yaşamış, lakin sonradan ailə münasibətlərinin pozulması ilə əlaqədar evdən çıxmışdır. İddiaçının hazırda köçürülmək istədiyi fərdi yaşayış evi də elə həmin evdir və 2017-ci ildə Cavabdeh1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
27. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddiaçının bu evə 2011-ci ildə, cavabdeh tərəf isə 2012-ci ildə köçdüyünü iddia etsə də, hər iki tərəf mübahisələndirmədən qəbul edir ki, iddiaçının bu evə köçməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01 oktyabr 2009-cu ildən sonra baş vermişdir.
28. Belə olan halda mübahisəyə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməli, İddiaçı məhz Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları baxımından istifadə hüququnun yaranıb-yaranmadığı araşdırılmalıdır.
29. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məcəllənin 30.2-ci maddəsinə görə isə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
30. Hazırkı işin mübahisələndirilməyən hallarından göründüyü kimi iddiaçının köçürülmək istədiyi fərdi yaşayış evinin (yaşayış sahəsinin) mülkiyyətçisi Cavabdeh1dur. İddiaçı isə həmin cavabdehin keçmiş gəlinidir. Bu isə o deməkdir ki, İddiaçı yaşayış sahəsi mülkiyyətçisinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsi baxımından ailə üzvü hesab edilmir. İddiaçı yaşayış sahəsi mülkiyyətçisinin “digər qohumu” olması da istisna edilir. Ona görə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin maddədə nəzərdə tutulmuş “digər qohumlar”ın dairəsi ilə bağlı şərh vermiş və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva etdiyini müəyyən etmişdir.
31. Hazırkı işdən görünür ki, İddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh1la birlikdə yaşamır və Azərbaycan Respublikasının ailə qanunvericiliyi baxımından ondan özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Belə olan halda İddiaçı Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvü kimi heç bir istifadə hüququ yaranmamışdır.
32. İddiaçının uşaqları olan xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X2 həmin evə istifadə hüququnun yaranıbyaranmamasına münasibətdə (iddiaçı üç uşağı ilə birlikdə evə köçürülməsini tələb etdiyindən) məhkəmə qeyd edir ki, iş materiallarında olan məhkəmə qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah pozularkən İddiaçı və Cavabdeh2 birgə nikahından doğulmuş uşaqlardan birinin - xx.xx.2008-ci il təvəllüdlü Cavidan Məmmədzadənin atası Cavabdeh2 yanında qalması müəyyən edilmişdir. Məhkəmə iclasında hər iki tərəf mübahisələndirmədən qəbul etmişdir ki, həmin uşaq hazırda da atası olan Cavabdeh2la birlikdə, babası Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evində qalır. Hətta məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı həm də o əsasla müdafiə etmişdir ki, uşaqlardan biri mübahisəli evdə atası ilə, ikisi isə ayrı yerdə anası ilə qaldığından bu uşaqların bir-birindən ayrı qalması uşaqların üstün maraqlarına uyğun deyil.
33. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlardan xx.xx.2008-ci il təvəllüdlü X5 cavabdehlərlə birlikdə iddiaçının hazırda köçürülmək istədiyi fərdi yaşayış evində yaşadığından və şəxsin onsuz da yaşadığı evə məhkəmə qətnaməsi əsasında “köçürülməsi” mümkün olmadığından iddianın həmin uşağa münasibətdə təmin edilməsi istisna edilir.
34. İddiaçının yanında qalan iki uşağın istifadə hüququna gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, bu uşaqların mübahisəli evdən istifadə hüququnun olub-olmaması müəyyən edilərkən də iddiaçıya tətbiq edilən kriteriyalar (yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ) tətbiq edilməlidir. Bu uşaqlar hazırda yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh1la yaşamasalar da, nəzərə alınmalıdır ki, onlar cavabdehin nəvələridir və ailə qanunvericiliyində baba və nənələrin yetkinlik yaşına çatmayan nəvələrini saxlamaq vəzifəsi müəyyən edilmişdir. Lakin baba və nənələrin bu vəzifəsinin yaranması üçün üç şərt olmalıdır: 1) yetkinlik yaşına çatmayan nəvələrin yardıma ehtiyacı olmalı; 2) onlar saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilməməli; 3) baba və nənənin buna zəruri vəsaiti olmalıdır.
35. Hazırkı iş üzrə məhkəmə araşdırması gedişində bu hallardan heç biri müəyyən edilmədiyindən məhkəmə iddiaçının yanında qalan uşaqların həmin evin mülkiyyətçisi olan babalarının ailə üzvü kimi evdən istifadə hüququnun olması nəticəsinə gələ bilməz.
36. Digər tərəfdən, nəzərə alınmalıdır ki, iddiaçı uşaqları ilə birlikdə evdən istifadə hüquqlarının tanınmasını yox, evə köçürülmələrini tələb etmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş araşdırmanı sadəcə olaraq iddiaçı və uşaqlarının həmin evə köçürülmələri üçün əsasın (evdən istifadə hüququnun) olub-olmadığını müəyyən etmək məqsədilə aparmışdır. Əslində isə İddiaçı evə köçürülmə tələbinə dair iddiası onun özünə münasibətdə təmin edilmirsə, bu iddianın onun yanında qalan uşaqlara münasibətdə də təmin edilməsi ən başından istisna edilir. Ona görə ki, məhkəmə qətnaməsi ilə bu uşaqların məhz iddiaçının yanında qalması müəyyən edildiyindən həmin uşaqların məhz iddiaçının yanında olmasının onların mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Bu baxımdan məhkəmə hesab edir ki, həmin uşaqların yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvü kimi mübahisəli evdən istifadə hüququnun olması müəyyən edilsə idi belə, onların iddiaçıdan ayrı həmin evə köçürülməsi təmin edilə bilməzdi. Odur ki, iddia bu iki uşağa münasibətdə də təmin edilə bilməz.
37. Məhkəmə iddia tələbini iddiaçının hələ 2007-ci ildə gəlin köçdüyü mənzilə yaranmış istifadə hüququnun sonradan köçdüyü fərdi yaşayış evinə “ötürülməsi” ilə əsaslandıran iddiaçı tərəfin diqqətinə çatdırır ki, yaşayış sahəsindən istifadə hüququ yalnız bir yaşayış sahəsinə münasibətdə yarana bilər. Bu baxımdan bir yaşayış sahəsi üzrə istifadə hüququnun başqa yaşayış sahəsinə ötürülməsi istisna edilir. Digər tərəfdən nəzərə alınmalıdır ki, yaşayış sahəsindən istifadə hüququnun yaranması əsasları əhəmiyyətli fərqlilik göstərə bilər. Məsələn, münasibətlərin yarandığı tarixdən asılı olaraq, bir şəxsin eyni bir yaşayış sahəsinə istifadə hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsi baxımından tanınsa da, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi baxımından tanınmaya bilər. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (yaşayış sahəsinin mülkiyyətçisinin) keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ nəzərdə tutulduğu halda, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun olmaması aydın şəkildə müəyyən olunmuşdur. Beləliklə, eyni məsələni tənzimləyən göstərilən normalar bir-birindən tamamilə fərqli iki qayda müəyyən etdiyindən, qanunvericilikdə kolliziya yaranmışdır. Normativ hüquqi aktların kolliziyası, yəni ictimai münasibətləri tənzimləyən normativ hüquqi aktlarda olan ziddiyyətin mahiyyəti ondan ibarətdir ki, bu münasibətləri tənzimləyən iki və ya daha çox hüquq norması mövcud olduğu halda, onlardan birinin tətbiqi digərlərinin tətbiq edilməsini istisna edir.
38. Hətta Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu yuxarıda istinad edilmiş qərarında (§ 23) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələri arasındakı bu kolliziyaya münasibət bildirmiş, yekunda yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməli olduğu nəticəsinə gəlmişdir.
39. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı 2007-ci ildə gəlin köçdüyü mənzilə istifadə hüququ yaranmış olsa idi belə (hərçənd belə bir halın mövcudluğu sübuta yetirilməmişdir), onun həmin mənzildən istifadə hüququ məhz həmin mənzilə aid olardı və bu hüququn iddiaçının sonradan köçdüyü fərdi yaşayış evinə “ötürülməsi” istisna edilərdi. Odur ki, məhkəmə iddiaçının bu “ötürülməyə” istinad edən dəlilləri ilə razılaşmır və yuxarıda qeyd edilənlərin fonunda iddianın təmin edilməməli olduğu nəticəsinə gəlir.
40. Son olaraq, məhkəmə iddianı həm də tərəflərin birgə nikahından doğulmuş uşaqların ayrı yaşamalarının onların üstün maraqlarına uyğun olmaması ilə əsaslandıran iddiaçının diqqətinə çatdırır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşaqlardan ikisinin anaları İddiaçı, birinin isə atası Cavabdeh2 yanında qalması müəyyən edilmişdir. Məhkəmənin yuxarıda da qeyd etdiyi kimi qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Hər bir halda əgər iddiaçı uşaqların bir-birindən ayrı yaşamasını istəmirsə, atanın yanında qalan uşağın atadan alınaraq özünə verilməsinə dair tələblə məhkəməyə müraciət edə bilər. Hazırkı halda isə “uşaqların ayrı qalmaması” əsası iddiaçı və onun yanında qalan uşaqların cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi üçün əsas təşkil edə bilməz.
Məhkəmə xərcləri.
41. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
42. Lakin məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş həmin dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
43. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.
44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva