Məhkəmə qərarları › İş №2(010)-2406/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2406/2022

19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2406/2022 19.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdehnə qarşı “avadanlıqların çıxarılması və pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı Cavabdehnə qarşı “avadanlıqların çıxarılması və pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən mülkiyyətində olan ünvan 1 ünvanında quraşdırılmış anten ötürücü qurğusunun çıxarılması və xx.xx.2021-ci il tarixdən hər ay 500 manat icarə haqqının Cavabdeh MMC-dən icra edilən günə kimi hesablanaraq tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsini və üzərində tikilmiş 20 m2-dən ibarət qeyri-yaşayış sahəsini alqı-satqı yolu ilə almış və adına müvafiq çıxarış verilmişdir. O, alqı-satqı qaydasında aldığı torpaq və üzərində yerləşən 20 m2-dən ibarət qeyri-yaşayış sahəsini alarkən satıcı ona bildirmişdir ki, Cavabdeh MMC-nin anten ötürücü qurğusunun 2021- 2023-cü illər üçün icarə müqaviləsi vardır və həmin müqavilənin ləğvi barədə Cavabdeh MMC-yə müraciət etmişdir. Ancaq satıcı ona verdiyi sözü tutmamışdır. Cavabdeh MMCnin anten ötürücü qurğusu 9 ay onun mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılmamışdır. O, dəfələrlə Cavabdeh MMC-yə müraciət etmişdir ki, anten ötürücü qurğusunu onun mülkiyyətində olan 20 m2 sahədən götürsünlər. Cavabdeh MMC isə öz növbəsində məhkəmədə iddia qaldıraraq X3 ilə aralarında olan müqavilənin ləğv edilməsi və pul tələbi irəli sürmüşdür. Məhkəmə Cavabdeh MMC-nin iddiasını təmin etmişdir. Ancaq onun mülkiyyətində quraşdırılmış anten ötürücü qurğusunun çıxarılmasını qeyd etməmişdir. Artıq doqquz aydır ki, Cavabdeh MMC-nin anten ötürücü qurğusu onun mülkiyyətində olan ünvan 1 ünvanının üstündə qurulmuşdur və qonşular şüa verdiyi barədə ona dəfələrlə narazılıq bildirmişdir. Bu səbəbdən o, cavabdehə müraciət edərək anten ötürücü qurğusunun onun mülkiyyətindən təcili çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, 2021-ci ilin iyun ayının 16-da Qaraçuxur qəsəbəsində torpaq sahəsi almışdır. Torpağı alarkən onun üzərində 20 m2 sahədə cavabdeh tərəfindən quraşdırılmış anten ötürücü qurğuları olmuşdur. O, hələ alqı-satqıdan qabaq qurğuların çıxarılmasını tələb etsə də ona təklif etmişlər ki, aylıq 190 manat icarə haqqı qarşılığında qurğular sahədə qalsın. O isə bununla razılaşmamış, qurğuların sahədən çıxarılmasını təklif etmişdir. Əslində torpaq sahəsinin əvvəlki mülkiyyətçisi və Cavabdeh MMC arasında icarə müqaviləsi olmuşdur. Həmin müqaviləyə əsasən cavabdeh təşkilat tərəfindən əvvəlki mülkiyyətçiyə 450-480 manat aylıq icarə haqqı ödənilmiş, lakin müqavilədə bunun çox az bir hissəsi rəsmiləşdirilmişdir. Belə ki, müqavilədən görünən aylıq icarə haqqı məbləği 190 manat olsa da faktiki ödəniş məbləği daha çox olmuşdur. Bu səbəbdən o da torpaq sahəsinin hazırkı mülkiyyətçisi kimi bu qurğuların onun sahəsində qaldığı hər aya görə cavabdehdən 500 manat məbləğində pul tələb edir. Onu da qeyd edir ki, o, 2021-ci ilin avqustundan bəri kirayədə qalır. Səbəb isə həmin anten ötürücülərinin torpaq sahəsinin ortasında yerləşməsidir. Əslində o torpağı ev tikmək üçün almışdır. Buna baxmayaraq, həmin qurğulara görə torpaq sahəsində heç bir tikinti apara bilmir. Həmçinin, qonşular da bu qurğulardan narazılıq edir. Bu səbəbdən həmin qurğuların sökülməsini tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkili) X8 iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində Cavabdeh MMC-yə məxsus qurğular yerləşdirilmişdir. Bu qurğular torpaq sahəsinin əvvəlki mülkiyyətçisi ilə Cavabdeh MMC arasında bağlanmış icarə müqaviləsinə əsasə torpaq sahəsində yerləşdirilmişdir. Torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə məlumat aldıqdan sonra Cavabdeh MMC tərəfindən iddiaçıya əvvəlki mülkiyyətçisi ilə bağlanmış icarə müqaviləsinin eyni şərtlərlə yeni mülkiyyətçi kimi onunla da bağlanması təklif edilmiş, lakin iddiaçı daha yüksək icarə haqqı tələb etmişdir. Bu səbəbdən aralarında razılıq əldə olunmamış, Cavabdeh MMC tərəfindən bu müddətdə iddiaçıya heç bir icarə haqqı ödənməmişdir. Hesab edir ki, həmin qurğular torpaq sahəsində qalmaqda davam etməli, bunun üçün tərəflər arasında əvvəlki mülkiyyətçi ilə eyni şərtlərlə yeni müqavilə bağlanmalıdır. Hər bir halda Cavabdeh MMC bu qurğuların iddiaçıya məxsus torpaq sahəsində yerləşdiyi bütün müddətə görə torpaq sahəsinin əvvəlki mülkiyyətçisinə ödədiyi qaydada icarə haqqı ödəməyə etiraz etmir. Lakin qurğuların sökülməsinə razı deyillər. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmənin hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir.

İş materialları.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 336/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X1 artıq ödənilmiş 3867.75 manat pulun alınaraq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində olan hissəsinin iddiaçıya, digər 30 manat məbləğindəki hissəsinin isə cavabdeh X2 aid edilməsi qət edilmişdir.

7. X4 (Satıcı) və İddiaçı (Alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AZ-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Satıcı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.1633 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini tam hissədə 646000 (altı yüz qırx altı min) manata Alıcıya satır.

8. X4 və Cavabdeh MMC (İcarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən İcarəyə verən ünvan 3 ünvanında yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 20 m2 olan icarə obyektini İcarəçinin istifadəsinə verir, İcarəçi isə bunun müqabilində bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını İcarəyə verənə ödəyir. Müqaviləyə əsasən illik icarə haqqı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq olaraq tətbiq edilən vergilər daxil olmaqla 2784 (iki min yeddi yüz səksən dörd) manat təşkil edir.

İşin faktiki halları.

9. ünvan 4 ünvanında yerləşən 0.1633 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış, bundan sonra iddiaçının xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bu torpaq sahəsi iddiaçıya satılmazdan əvvəl torpaq sahəsi üzərində Cavabdeh MMC tərəfindən mobil baza stansiyası quraşdırılmış və müvafiq avadanlıqlar torpaq sahəsinin 20 m2 hissəsi üzərində yerləşdirilmişdir. Bu avadanlıqlar torpaq sahəsinin iddiaçıdan əvvəlki mülkiyyətçisi və Cavabdeh MMC arasında bağlanmış icarə müqaviləsi əsasında torpaq sahəsində quraşdırılmışdır. xx.xx.2021-ci il tarixli həmin icarə müqaviləsinə əsasən torpaq sahəsinin 20 m2 hissəsi mobil baza stansiyası quraşdırılması üçün Cavabdeh MMC-yə icarəyə verilmiş, illik icarə haqqının vergilər daxil olmaqla 2784 manat məbləğində olduğu müəyyən edilmişdir.

10. İş üzrə İddiaçı hələ torpaq sahəsi ona satılmazdan əvvəl bu icarə müqaviləsindən və Cavabdeh MMC tərəfindən torpaq sahəsi üzərində quraşdırılmış mobil baza stansiyasından məlumatı olmuşdur. O, torpaq sahəsini mülkiyyətinə keçirdikdən sonra müvafiq avadanlıqların torpaq sahəsində qalması üçün Cavabdeh MMC ilə yeni icarə müqaviləsi bağlamağa yalnız daha yüksək məbləğdə icarə haqqı qarşılığında razılaşacağını bildirmiş, əks təqdirdə qurğuların torpaq sahəsindən çıxarılmasını tələb etmiş, Cavabdeh MMC isə torpaq sahəsinin əvvəlki mülkiyyətçisi ilə bağlanmış şərtlərlə müqavilə bağlanmasını təklif etmiş, bu səbəbdən tərəflər arasında yeni müqavilə bağlanması mümkün olmamışdır. Bütün bu müddət ərzində Cavabdeh MMC tərəfindən torpaq sahəsində yerləşdirilmiş avadanlıqlar torpaq sahəsində qalmış, lakin bunun üçün iddiaçıya heç bir icarə haqqı ödənilməmişdir. İşin bu halları tərəflərin hər ikisi tərəfindən mübahisələndirilmədən qəbul edilmişdir.

11. Hazırda torpaq sahəsinin mülkiyyətçisi kimi torpaq sahəsi üzərində hüquqlarının pozulduğunu iddia edən İddiaçı torpaq sahəsi üzərində Cavabdeh MMC tərəfindən quraşdırılmış mobil baza stansiyası avadanlıqlarının sökülməsini və torpaq sahəsinin onun mülkiyyətinə keçdiyi xx.xx.2021-ci il tarixdən etibarən bu avadanlıqların heç bir icarə haqqı ödənilmədən torpaq sahəsində qaldığı hər aya görə 500 manat məbləğində icarə haqqının cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə torpaq sahəsinin əvvəlki mülkiyyətçisi ilə bağlanmış icarə müqaviləsinə əsasən bu sahə üzərində mobil baza stansiyası quraşdırıldığını, lakin torpağın yeni mülkiyyətçisi olan iddiaçı ilə icarə haqqının məbləğində razılaşmadıqlarından yeni müqavilə bağlanmasının mümkün olmadığını, bu səbəbdən iddiaçıya heç bir icarə haqqı ödənilmədiyini bildirmiş, əvvəlki mülkiyyətçi ilə bağlanmış müqavilədə müəyyən edilmiş məbləğə uyğun icarə haqqını iddiaçıya ödəməyə etiraz etmədiklərini, lakin torpaq sahəsi üzərində quraşdırılmış avadanlıqların sökülməsi hissəsində iddianı qəbul etmədiklərini bildirmişdir.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: ... 158.1.2. əmlakdan istifadə hüququ. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları. 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 699. Kirayəyə verilmiş əşyaların özgəninkiləşdirilməsi. 699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. Maddə 700. İcarə müqaviləsi. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 706. Torpaq icarəsi müqaviləsinin məzmunu. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Maddə 718. İcarəyə götürülmüş torpağın özgəninkiləşdirilməsi və yüklü edilməsi. İcarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir.

14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ.

1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Maddə 73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları.

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə. Maddə 75. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları.

2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

17. İddia tələbindən göründüyü kimi tələb iki hissədən ibarətdir: 1) cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində quraşdırılmış mobil baza stansiyası avadanlıqlarının torpaq sahəsindən çıxarılması; 2) bu avadanlıqların torpaq sahəsində qaldığı hər aya görə 500 manat məbləğində icarə haqqının cavabdehdən tutulması.

18. İlk növbədə, birinci tələbə münasibət bildirən məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi Cavabdeh MMC tərəfindən hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşdirilmiş mobil baza stansiyası avadanlıqları torpaq sahəsinin əvvəlki mülkiyyətçisi və cavabdeh arasında bağlanmış icarə müqaviləsinə əsasən bu torpaq sahəsində yerləşdirilmişdir. Yəni, bu torpaq sahəsi iddiaçıya satılarkən torpaq sahəsinin bir hissəsi icarə hüququ ilə yüklü olmuşdur.

19. Məhkəmə iclasında izahat verən iddiaçı müvafiq icarə müqaviləsindən və bu müqaviləyə əsasən torpaq sahəsində mobil baza stansiyası avadanlıqlarının yerləşdirilməsindən hələ torpaq sahəsini almazdan əvvəl məlumatlı olduğunu qəbul etmişdir. Lakin o, torpaq sahəsinin əvvəlki mülkiyyətçisinə verilən icarə haqqı məbləği ilə razılaşmadığından və Cavabdeh MMC onun tələb etdiyi icarə haqqını ödəməyə razı olmadığından torpaq sahəsini mülkiyyətinə keçirdikdən sonra müvafiq avadanlıqların torpaq sahəsindən çıxarılmasını tələb etmişdir.

20. Belə olan halda məhkəmə Cavabdeh MMC-nin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən qanuni əsasla – icarə müqaviləsinə əsasən istifadə etdiyini, həmçinin bu icarədən torpaq sahəsinin yeni mülkiyyətçisi olan iddiaçının torpağı almazdan əvvəl vicdanlı olaraq məlumatlı olduğunu nəzərə alaraq hesab edir ki, bu torpaq sahəsinin iddiaçıya satılması cavabdehin torpaq sahəsinin bir hissəsi üzərində olan icarə hüququnun xitamına səbəb olmamışdır. Bu vəziyyətdə iddiaçının Cavabdeh MMC tərəfindən torpaq sahəsi üzərində icarə müqaviləsi əsasında quraşdırılmış avadanlıqların çıxarılmasına yönəlmiş tələbi təmin edilə bilməz.

21. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin yuxarıda istinad edilmiş 73-cü maddəsinə əsasən torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Lakin 75-ci maddədən görünür ki, bu hüquqa məhkəmə tərəfindən xitam verilir.

22. Belə olan halda iddiaçı gələcəkdə bu əsasla (torpaq mülkiyyətçisinin onu özgəninkiləşdirməsinə görə icarə müqaviləsinə xitam verilməsi) iddia qaldırmaq hüququnu özündə saxlayır. Lakin hazırda iddiaçının tələbi torpaq sahəsində yerləşdirilmiş avadanlıqların sökülməsi olduğundan və bu avadanlıqlar həmin sahədə icarə müqaviləsinə əsasən qanuni şəkildə yerləşdirilmiş olduğundan iddia bu hissədə təmin edilə bilməz.

23. İddia tələbinin ödənilməmiş icarə haqqı tələbinə dair hissəsinə münasibətdə isə məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, tərəflər arasında icarə müqaviləsi bağlanmasa da nəzərə alınmalıdır ki, İddiaçı icarəyə verildiyini bildiyi torpaq sahəsini alaraq, Cavabdeh MMC isə mülkiyyətçisinin dəyişdiyini bildiyi torpaq sahəsindən icarə müqaviləsinə əsasən istifadə etməyə davam edərək, faktiki icarə münasibətində olmuş, bu münasibətlər çərçivəsində bir-birlərinə qarşı öhdəlik daşımışlar.

24. Lakin işin faktiki hallarından görünür ki, Cavabdeh MMC icarə müqaviləsinə əsasən istifadə etdiyi torpaq sahəsinin yeni mülkiyyətçisi olan iddiaçıya heç bir icarə haqqı ödəməmiş, buna baxmayaraq öz avadanlıqlarını torpaq sahəsində saxlamağa davam etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini pozmuşdur.

25. Bu vəziyyətdə İddiaçı torpaq sahəsinin yeni mülkiyyətçisi kimi Cavabdeh MMCdən pul tələb etməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə iddiaçının cavabdehdən tələb etdiyi pulun məbləği ilə qismən razılaşmır.

26. Belə ki, İddiaçı torpaq sahəsinin ona satıldığı xx.xx.2021-ci il tarixdən hazırkı iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsi icra edilən günə kimi hər ay üçün 500 manat məbləğində pul tutulmasını tələb etmişdir. O, bu tələbini belə əsaslandırmışdır ki, torpaq sahəsinin əvvəlki mülkiyyətçisi və cavabdeh arasında bağlanmış icarə müqaviləsində icarə haqqı məbləği az göstərilsə də əslində cavabdeh tərəfindən iddiaçıya hər ay 450-480 manat məbləğində icarə haqqı ödənilmişdir. O da bu səbəbdən hazırda cavabdehdən hər aya görə 500 manat məbləğində pul tələb etmişdir.

27. Məhkəmə isə hesab edir ki, Cavabdeh MMC-dən İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə etdiyi hər aya görə tutulacaq pul bu torpaq sahəsinin keçmiş mülkiyyətçisi və cavabdeh arasında bağlanmış icarə müqaviləsinə uyğun hesablanmalıdır. Belə ki, iddiaçı tərəfindən qeyd edilmiş halla (cavabdeh tərəfindən müqavilədən kənar daha çox icarə haqqı ödənilməsi) bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bunun əksinə, torpaq sahəsinin keçmiş mülkiyyətçisi və cavabdeh arasında bağlanmış icarə müqaviləsi isə iş materiallarında mövcuddur və bu müqavilədən görünür ki, illik icarə haqqının vergilər daxil olmaqla 2784 manat məbləğində olduğu müəyyən edilmişdir.

28. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-336/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh MMC torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olan X2 qarşı əvvəlcədən ödənilmiş iki illik icarə haqqının torpağın özgəninkiləşdirilməsindən sonrakı aylar üçün ödənilmiş hissəsinin qaytarılmasına dair tələblə məhkəməyə müraciət etmiş, iddia ərizəsində əvvəlki mülkiyyətçiyə ödənilmiş iki illik icarə haqqının 4788.48 manat məbləğində olduğunu bildirmiş, əvvəlki mülkiyyətçidən də müvafiq çıxılmalar (vergi, torpağın həmin mülkiyyətçinin mülkiyyətində olduğu aylar üçün icarə haqqı) edildikdən sonra 3867.75 manat məbləğində pul tələb etmişdir. Halbuki, əgər iddiaçının dediyi kimi Cavabdeh MMC tərəfindən torpağın əvvəlki mülkiyyətçisinə ayda 450-480 manat məbləğində icarə haqqı ödənilsə idi, iki illik icarə haqqını əvvəlcədən ödəyən Cavabdeh MMC əvvəlki mülkiyyətçidən 10000 manata yaxın pul tələb etməli olardı. Lakin Cavabdeh MMC-nin əvvəlki mülkiyyətçidən tələb etdiyi pul onlar arasında bağlanmış icarə müqaviləsində müəyyən edilmiş illik icarə haqqına uyğun olmuşdur. Belə olan halda məhkəmə Cavabdeh MMC tərəfindən torpaq sahəsinin əvvəlki mülkiyyətçisinə daha çox icarə haqqı ödənilməsi barədə iddiaçının qeyd etdikləri ilə razılaşmır və hesab edir ki, hazırkı qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə tutulacaq pul cavabdehlə torpaq sahəsinin əvvəlki mülkiyyətçisi arasında bağlanmış icarə müqaviləsinə uyğun hesablanmalıdır.

29. İş materiallarında olan torpaq sahəsinin əvvəlki mülkiyyətçisi və cavabdeh arasında bağlanmış icarə müqaviləsindən görünür ki, torpaq sahəsinin illik icarə haqqı vergilər daxil olmaqla 2784 manat məbləğində müəyyən edilmişdir. Müvafiq torpaq sahəsinin xx.xx.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında iddiaçıya satıldığı və iddiaçının məhz bu tarixdən torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun yarandığını nəzərə alan məhkəmə hesab edir ki, həmin tarixdən etibarən bu qətnamə elan edildiyi günə kimi keçən 14 aya görə hər ay üçün 190 manat olmaqla, cəmi 2660 manat məbləğində pul və bu qətnamə icra edildiyi günə kimi hər ayın 16-sı 190 manat məbləğində pul üzərinə gəlinməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

30. Məhkəmə bu hissədə qeyd edir ki, torpaq sahəsinin əvvəlki mülkiyyətçisi ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsindən görünən illik icarə haqqı 2784 manat məbləğindədir və bunu 12 aya böldükdə aylıq 232 manat icarə haqqı ödənildiyi müəyyən edilir. Buna baxmayaraq, müqavilədə xüsusi qeyd edilmişdir ki, bu məbləğə vergilər də daxildir. Bu isə o deməkdir ki, icarəçi tərəfindən icarəyə verənə ödənilən aylıq icarə haqqı məbləği 232 manatdan az olmuşdur. Elə məhkəmə iclasında iştirak edən hər iki tərəf də təsdiq etmişdir ki, torpaq sahəsinin əvvəlki mülkiyyətçisinə bu müqaviləyə əsasən ödənilən aylıq icarə haqqı 190 manat məbləğində olmuşdur. İddiaçı müqavilədən kənar, faktiki ödənilən aylıq icarə haqqının əslində daha çox olmasına istinad etsə də onun bu dəlili yuxarıda əsaslandırılanlara əsasən məhkəmə araşdırması nəticəsində təsdiq edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq pul əvvəlki mülkiyyətçiyə ödənilən aylıq icarə haqqı məbləğinə uyğun olaraq hər ay üçün 190 manat məbləğində müəyyən edilməlidir.

Məhkəmə xərcləri.

31. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddianın qiyməti iddia tələbində dəqiq göstərilməsə də belə görünür ki, iddiaçı torpaq sahəsinin öz mülkiyyətinə keçdiyi xx.xx.2021-ci il tarixdən sonrakı hər ay üçün cavabdehdən 500 manat məbləğində pul tələb etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olduğu nəzərə alınsa, bu o deməkdir ki, iddiaçının məhkəməyə müraciət etdiyi tarixədək cavabdehdən tələb etdiyi pul 10 ay üçün 500 manat olmaqla, cəmi 5000 manat məbləğində olmuşdur. İddiaçı qətnamənin icra edildiyi tarixədək cavabdehdən ayda 500 manat pul tutulmasını tələb etsə də qətnamənin icra ediləcəyi tarix qeyri-müəyyən olduğundan məhkəmə həmin dövrə görə tələb edilən pulu ödənilməli dövlət rüsumunun müəyyən edilməsi üçün iddia qiymətini hesablayarkən nəzərə almır və iddia qiymətinin 5000 manat olduğu nəticəsinə gəlir.

32. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hansı ki, bu, iddia qiymətinin 5000 manat olduğu iddia üçün 70 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu deməkdir.

33. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumu tərəflərdən iddianın təmin edilmiş hissəsinə mütənasib şəkildə tutulduğundan məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə (2660 manat) mütənasib olan 47 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, ödənilməmiş 5 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

34. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2660 (iki min altı yüz altmış) manat məbləğində pul və bu qətnamə icra edildiyi günə kimi hər ayın 16-sı 190 (yüz doxsan) manat məbləğində pul üzərinə gəlinməklə Cavabdehndən İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, Cavabdehndən ödənilmiş 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı, ödənilməmiş 5 (beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

35. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. 2660 (iki min altı yüz altmış) manat məbləğində pul və bu qətnamə icra edildiyi günə kimi hər ay 190 (yüz doxsan) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən ödənilmiş 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı, ödənilməmiş 5 (beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar