Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2418/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-3040/2016 saylı qətnaməsinin ləğv edilməsinə dair Ərizəçi tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək məhkəmədən keçmiş əri X3 ölmüş elan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-3040/2016 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, xx.xx.1966-cı il təvəllüdlü X3 ölmüş elan edilməsi qət edilmişdir.
3. Daha sonra Ərizəçi ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)- 3040/2016 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
4. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-3040/2016 saylı qətnaməsi ilə X4 ölmüş elan edilmişdir. Hal-hazırda ona məlum olmuşdur ki, X4 yaşayır. Ona görə də qətnamə ləğv edilməlidir.
Tərəfin izahatı.
5. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən X5 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham olunmuşdur.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-55/2023 saylı qərarından görünür ki, vəsatət qismən təmin edilmiş, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs - xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış X4 barəsində 1 ay 9 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin təqsirləndirilən şəxsin tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablanması, qərarın surətinin təqsirləndirilən şəxs X4 və onun müdafiəçisinə təqdim edilməsi və qərarın surətinin icra edilməsi üçün təqsirləndirilən şəxsin saxlandığı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlama yeri və İstintaq Təcridxanasına göndərilməsi qərara alınmışdır.
İşin faktiki halları.
8. Ərizəçi və X1 ər-arvaddır. Belə ki, tərəflər arasında olan nikah 2006-cı ildə pozulmuşdur.
9. 2016-cı ildə Ərizəçi keçmiş əri Şahin Salayevin 2010-cu ildə ölkəni tərk etdiyini, həmin vaxtdan onun barəsində heç bir məlumat olmadığını əsas gətirərək onun ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsinin çıxarılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(010)- 3040/2016 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, X3 ölmüş elan edilməsi qət edilmişdir.
10. 2022-ci ildə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi açılmışdır. xx.xx.2023-cü il tarixdə həmin cinayət işinin istintaqı ilə əlaqədar Şahin Salayev şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı qərar qəbul edilmiş, elə həmin tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Şahin Salayev də təqsirləndirilən şəxs kimi iştirak etmişdir.
11. Ərizəçi keçmiş əri X3 həyatda olduğunu bildirərək məhkəmədən onun ölmüş elan edilməsinə dair qətnamənin ləğv edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi. 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Maddə 42. Ölmüş elan edilmiş şəxsin gəlməsinin nəticələri. 42.1. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 316. Xəbərsiz itkin düşmüş hesab edilən şəxsin gəlməsinin və ya olduğu yerin aşkar edilməsinin nəticələri. Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır.
Məhkəmənin mövqeyi.
14. İşin faktiki hallarından göründüyü kimi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-3040/2016 nömrəli qətnaməsi ilə ölmüş elan edilmiş X3 həyatda olduğu və yeri artıq məlumdur. Belə ki, o, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində açılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Barəsində həbs qətimkan tədbirinin seçildiyi məhkəmə iclasında Şahin Salayev şəxsən iştirak etmiş, izahatı dinlənilmişdir.
15. Göründüyü kimi məhkəmə qətnaməsi ilə ölmüş elan edilmiş xx.xx.1966-cı il təvəllüdlü X4 barəsində açılmış cinayət işinin istintaqı ilə əlaqədar həbs edilmişdir. Yəni onun həyatda olduğu və yeri artıq məlumdur. Bu vəziyyətdə onun barəsində çıxarılmış ölmüş elan etmə barədə məhkəmə qətnaməsi ləğv edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
16. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1966-cı il təvəllüdlü X3 ölmüş elan edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-3040/2016 nömrəli qətnaməsi ləğv edilməlidir.
17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1966-cı il təvəllüdlü X3 ölmüş elan edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-3040/2016 nömrəli qətnaməsi ləğv edilsin. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva