Məhkəmə qərarları › İş №2(010)-247/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-247/2024

10.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-247/2024 10.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D y/s, 28 saylı evin 49 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, daha əvvəl Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən onun mübahisəli mənzildən istifadəsinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilmişdir. Lakin İcra Şöbəsi tərəfindən bu qətnamə icra edilmir. İcra məmuru deyir ki, qətnamədə evə köçürülməsi yox, evdən istifadəsinə maneələrin aradan qaldırılması yazıldığına görə onu evə köçürə bilməz. O da bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin hazırda iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia tələbindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D y/s, 28 saylı evin 49 saylı mənzilinə köçürülməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-4478/2021 nömrəli qətnaməsindən isə görünür ki, İddiaçı həmin mənzildən istifadə etməsinə bu iş üzrə də cavabdeh olan Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun iddiası qismən tərmin edilərək, mənzildən istifadə etməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Bu qətnamədən verilmiş apellyasiya, daha sonra kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Belə ki, hər iki iş üzrə tərəflər eynidir, hər iki iş üzrə iddianın predmetini İddiaçı mübahisəli mənzildən istifadə hüququnun təmin edilməsi təşkil edir, hər iki iki iddianın əsası Cavabdeh iddiaçının mənzildən istifadə hüququna mane olmasından ibarətdir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzildən istifadə etməsinə maneənin aradan qaldırılması elə onun mənzilə köçürülməsi deməkdir. Nəzərə alınmalıdır ki, iddiaçı mənzilə köçürülmədən onun mənzildən maneəsiz istifadəsindən söhbət gedə bilməz. Bu baxımdan iddiaçının mənzildən istifadəsinə maneələrin aradan qaldırılması onun mənzilə köçməsinə də maneələrin aradan qaldırılmasını, yəni onun mənzilə köçürülməsini də ehtiva edir. Bu baxımdan məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan eyni iddiaya təkrar baxıla bilməz. Odur ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 170, 261-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar