Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2480/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X3 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddia tələbi.
1. İddiaçı “X3 Kompani S.A.” Şirkəti Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 414806.00 m B 4476827.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köşürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
2. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, nümayəndəliyin əməkdaşları xx.xx.2021-ci ildə köhnə tikilidən neft quyusuna doğru yeni tikili aşkar etmişlər. Xəbərdarlığa baxmayaraq tikinti işləri davam etdirilərək başa çatdırılmış, hətta hazırda orada yaşayış da var. Həm köhnə tikinti, həm də yeni tikinti barədə heç bir sənəd yoxdur. Həmin tikili 1 saylı Neft-qaz Çıxarma Sexinin ərazisindədir və ev birbaşa quyu ilə iç-içədir. Quyuda 10 atmosfer təzyiq var, hər hansı partlayış və ya qaz sızması ola bilər. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
4. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, Qarabağ müharibəsində iştirak edib və qazidir. O, qospitalda müalicə alan vaxt neft şirkətinin nümayəndələri onun yanına gəlmiş və müharibədə iştirak etdiyinə dair order, vəsiqəsinə baxıb qazi olduğu üçün tikinti işləri aparılmasına heç bir narazılıq etməmişlər. Onun həmin evi artırmaqda əsas məqsədi ailə qurub orada yaşamaq olmuşdur. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etmişdir
İş materialları.
5. “X3 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişdən görünür ki, Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində “X3 Kompani S.A” şirkəti fəaliyyət göstərir.
6. “X3 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə “Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti arasında bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə 2 nömrəli əlavədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 414806.00 m B 4476827.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir.
7. “X3 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin əməkdaşları Həsənov T, Hümmətov İ. və Abışev Y. tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 349 №-li aktdan görünür ki, həmin tarixdə Nümayəndəliyin nəzarətçiləri tərəfındən “X3 Kompani S.A.” şirkətinin qanuni istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 414806.00 m B 4476827.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsinə baxış keçirilərkən Cavabdeh tərəfindən tikinti işləri aşkarlanmışdır. Tikiliyə aid heç bir sənəd yoxdur.
İşin faktiki halları.
8. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 414806.00 m B 4476827.00 m C koordinatlar üzrə yerləşən tikili dövlət mülkiyyətinə aiddir. Cavabdeh dövlət tərəfindən ona verilmiş həmin torpaq sahəsində ev tikmiş və hazırda həmin evdə yaşayış var.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
10. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarı.
39. 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.
44. 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın.
11. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli qərarı.
Yordanovun və başqalarının Sofiya şəhərində yaşadıqları icazəsiz tikilmiş müvəqqəti tikilidən çıxarılmaları demokratik cəmiyyətdə zərurilik prinsipinə uyğun deyil və insanların şəxsi və ailə həyatına hüququnu müəyyən edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Həmin qərarda insanların illər ərzində yaşadıqları evlərdən çıxarılması onların həyat tərzinə, ev, şəxsi həyat və ailə həyatına hörmət hüquqlarına müdaxilə kimi qiymətləndirilmişdir. Dövlət orqanları qanunsuz olaraq zəbt edilmiş torpağı geri almaq hüququna malik olsa da, qanunsuz yerləşməyə on illərlə göz yummuş və bununla ərizəçilərə qonşuluqda güclü əlaqələr yaratmaq və sosial həyat qurmasına imkan vermişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qaraçı icmasına daxil olan insanların yaşadıqları evlərdən çıxarılmasını qanunsuz hesab edərkən onlara alternativ yaşayış sahəsinin təklif olunmamasını və onların evsiz qalmaq riskinin nəzərə alınmamasını da əsas kimi göstərmişdir. İnsanların uzun illər ərzində özlərinin yaşayış yeri kimi istifadə etdikləri qanunsuz tikiliyə təxminən eyni münasibət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X1rşı” qərarında da öz əksini tapmışdır.
12. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əhmədova Azərbaycana Qarşı” iş üzrə xx.xx.2021-ci il tarixli qərarı.
Məhkəmə hazırkı işdə müşahidə edir ki, yerli məhkəmələr evin sökülməsini və ərizəçinin evi boşaltmasını qərara alarkən yalnız o fakta əsaslanmışdır ki, ev dövlət mülkiyyətində olan torpaqda özbaşına tikilmişdir. (müqayisə edin Bagdonavicius and Others, cited above, § 102). Ərizəçinin şikayətlərində sözügedən evin onun və qızının yeganə yaşayış yeri olmasını və əgər evdən çıxarılsalar evsiz qalacaqlarını, çünki onların başqa ev almaq üçün heç bir vəsaitləri olmamasını mübahisələndirməsinə baxmayaraq, yerli məhkəmələr bu arqumentə tamamilə əhəmiyyət verməmiş və bir-birinə zidd maraqları ölçə bilməmişdir. (ziddinə Kaminskas v. Lithuania, no. 44817/18, § 64, 4 August 2020). Əlavə olaraq, hazırkı iş kimi işlərdə mütənasiblik dövlət orqanlarının torpaq sahəsini nə kimi istifadə edəcəkləri ilə ayrılmaz bağlıdır. Hazırkı işdə nə Azneft məhkəmədə qaldırdığı iddiada, nə də Hökümət arqumentlərində torpaq sahəsinin neft əməliyyatları və başqa inkişaf məqsədləri üçün təcili lazım olduğunu iddia etməmişdir.
13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmənin mövqeyi.
14. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
15. Belə ki, hazırda iddiaçı tərəf cavabdehin torpaq sahəsində qanunsuz tikili inşa etməsi barədə tələbini onunla əsaslandırır ki, yuxarıda qeyd edilmiş koordinatlar onlara ayrılan ərazinin hüdudları daxilində yerləşir və cavabdeh tərəfindən həmin ərazidə qanunsuz tikintinin aparıldığını qeyd edir.
16. Mübahisənin mahiyyəti cavabdehə məxsus fərdi yaşayış evinin bütünlüklə sökülməsindən ibarətdir.
17. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olsa da, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Həmin orqanlar tərəfindən bu illər ərzində cavabdehin orada yaşamasına heç bir maneçilik törədilməmiş, əksinə susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə dolayısı ilə öz razılıqlarını bildirmişlər. Həmçinin, məhkəmə iclasında cavabdeh tərəfindən verilmiş izahatdan da görünür ki, o, 2-ci Qarabağ müharibəsində iştirak etmiş və yaralanmış, həmin zamanlar qospitalda müalicə alan vaxt neft şirkətinin nümayəndələri onun yanına gəlmiş və qazi olduğu üçün tikinti işləri aparılmasına heç bir narazılıq etməmişlər. Bundan əlavə, cavabdehin həmin evi artırmaqda əsas məqsədi ailə qurmaq olmuşdur.
Məhkəmə xərcləri.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. İddia rədd edildiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
21. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri işin halları ilə öz təsdiqini tapmadığından, iddia rədd edilməlidir.
22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi :
İddia rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı “X3 Kompani S.A” Şirkətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.