Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2490/2020 06.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladı X13 ilə birlikdə ünvan 7-ya köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxslər X9 və X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə xx xxx 2016-cı ildə rəsmi nikaha daxil olub evlənmişdir. Toydan əvvəl cavabdehin yaşadığı 3 otaqdan ibarət olan özbaşına tikilmiş ünvan 7-ya cehiz əşyalarını, toy günü isə onun özünü göstərilən ünvana gəlin köçürmüşlər. Onların birgə nikahlarından xx xxxxxx 2017-ci il təvəllüdlü X13 doğulmuşdur. Onlar ailə qurduqdan sonra münasibətləri yaxşı olmuş, lakin sonradan qaynanası Firəngizin ona qarşı münasibəti tamamilə dəyişmiş və Ramil də anasının sözlərinə görə onu incitməyə başlamışdır. 2016-cı ilin iyun ayında yoldaşı tərəfindən döyüldüyünə görə xəstəxanaya yerləşdirilmişdir. 2017-ci ilin axırlarında qaynanası onun qızıl zinət əşyalarını əlindən alaraq və onu döyərək, uşağı ilə birlikdə evdən bayıra atmışdır. Sonra cavabdeh aranın sakitləşməsi üçün onu valideyninin yaşadığı ünvana - ünvan 1-yə aparmışdır və hazırda da 18 kv.m-lik 1 otaqlı yataqxanada 4 nəfər birlikdə yaşayırlar. Ancaq onun bu gün də bütün cehiz və qızıl-zinət əşyaları cavabdehləyaşadıqları və gəlin köçdüyü ünvan 7dadır. Cavabdeh 2018-ci ildə ona qarşı nikahın pozulması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 2018-ci ilin iyun ayında məhkəmədə onlar barışmış və yenidən bir ailə kimi yaşayıb ümumi təsərrüfat aparmışlar. 2019-cu ilin aprel ayına kimi qayınanası Firəngiz oğlu ilə birlikdə yenidən onu incitməyə başlamışdır. Qayınanası Firəngiz 2019-cu ilin may ayında ərindən boşanaraq Türkiyə Respublikasına getmişdir. 2019-cu ilin oktyabr ayına kimi həyat yoldaşı ilə bir yerdə yaşamışdır. Cavabdeh anasının sözünə görə onu yenidən evdən döyüb qovmuşdur. Yenə də onun cehiz və qızıl-zinət əşyaları cavabdehlə yaşadıqları və gəlin köçdüyü ünvanda qalmışdır. Mübahisəli özbaşına tikili olan mənzil 3 otaqdan ibarətdir, həmin otaqların ikisini anası onlara ayırmışdır, onun cehiz əşyalarının hamısı mübahisəli evin 2 otağında yerləşdirilib. Cavabadehin qanunsuz hərəkətlərinə, yəni onu döyüb evdən qovduğuna, onu evə buraxmadığına görə o, hətta Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinin rəisinin adına ərizə vermiş, lakin polis əməkdaşları ərizə ilə əlaqədar toplanmış material üzrə iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Eyni zamanda cavabdeh uşağın saxlanması üçün ona hər hansı bir maddi yardım göstərmədiyindən o, aliment tələbinə dair məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən, hər ay uşağının saxlanması üçün 170 manatın cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Bundan əlavə, o, cavabdeh tərəfindən təqdim edilmiş akta münasibət bildirərək qeyd etdi ki, aktı imzalayan adamlar onu tanımayan və heç vaxt onların ailəsində olmayan adamlardır. O belə hesab edir ki, cavadehlə ailə həyatı qurduqdan sonra onu mübahisəli mənzilə gəlin köçürməsi, onun cavabdehlə birgə orada yaşamağı, həmin mənzildə onun övladının anadan olması, mübahisəli mənzildə onun şəxsi cehiz əşyalarının, qızıl-zinət əşyalarının olması, həmin şəxslərlə onun ümumi təsərrüfat aparmağı onun həmin evdə hüququnun olmasını təsdiq edir.Buna görə də qeyd olunanların nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X6 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, tərəflər arasında rəsmi nikah 2016-cı ildə bağlanmışdır. Toydan əvvəl iddiaçının cehizləri mübahisəli mənzilə köçürülmüşdür. 2016-cı ilin iyun ayında iddiaçı yoldaşı tərəfindən döyüldüyünə görə xəstəxanaya yerləşdirilmiş və övladı bundan sonra dünyaya gəlmişdir. 2017-ci ilin axırlarında qaynanası iddiaçını döyərək yenidən evdən qovmuşdur. Sonra cavabdeh aranın sakitləşməsi üçün onu valideyninin yaşadığı ünvana aparmış və hazırda da 18 kv.m-lik 1 otaqlı yataqxanada 4 nəfər birlikdə yaşayırlar. 2018-ci ildə Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbi ilə bağlı iddia qaldırmış və bu zaman da Ülviyyə aliment tələbi ilə bağlı qarşılıqlı iddia tələbi ilə müraciət etmişdir. Lakin sonradan tərəflər barışaraq birgə yaşamışlar. Lakin 2019-cu ildə cavabdeh iddiaçını yenidən döyərək evdən qovmuşdur. Elə həmin vaxtdan da iddiaçını mübahisəli mənzilə buraxmırlar. İddiaçı bununla bağlı polis orqanlarına müraciət etmiş, lakin ona məsələnin mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş akt saxtadır. Belə ki, aktdakı imzalar saxtlaşdırılmışdır və akta nəzər saldıqda da bunun şahidi olmaq mümkündür. Beləliklə, cavadehlə ailə həyatı qurduqdan sonra iddiaçının mübahisəli mənzilə gəlin köçürülməsi, iddiaçının cavabdehlə birgə orada yaşamağı, həmin mənzildə onların övladının anadan olması, mübahisəli mənzildə iddiaçının şəxsi cehiz əşyalarının, qızıl-zinət əşyalarının olması, həmin şəxslərlə iddiaçının ümumi təsərrüfat aparmağı onun həmin evdə hüququnun olmasını təsdiq edir. Həmçinin, iddiaçının gəlin köçdüyü və cavabdehlə yaşadığı mübahisəli ev özbaşına tikili olduğu üçün həmin evə mülkiyyət hüququ olmadığından və cavabdehin iddiaçının eyni hüquqlu istifadəçisi olduğundan cavabdeh iddiaçını həmin evə buraxmamağa haqlı deyildir. Buna görə də qeyd olunanların nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, xx xxx 2016cı il tarixdə Abdullayeva (Allahverdizadə) Ülviyyə Rəhman qızı ilə nikaha daxil olmuş və birgə nikahlarından xx xxxxxx 2017-ci ildə oğulları X13 doğulmuşdur. Lakin iddiaçının mütəmadi olaraq evdə qalmaqal yaratması, anasına qarşı hörmətsizlik etməsi və sair saymamazlıqlar nümayiş etdirməsi ailə münasibətlərinin tam korlanmasına gətirib çıxarmaqla, birgə yaşamaqlarını qeyri-mümkün etmişdir. Buna görə də 3 ildən artıq müddət idi ki, birgə yaşamırdılar. Çünki iddiaçı oğlunun doğulduğu vaxtdan təxminən 2 ay sonra evdə növbəti dəfə qalmaqal yaradaraq onu valideyinlərinin evinə aparmağı tələb etmiş və o da məcburiyyət qarşısında qalıb iddiaçını oğlu ilə bərabər aparıb qeydiyyatda olduğu ata evinə qoymuşdur. 3 ildən artıq müddətdə rəsmi nikahları davam etsə də, birgə yaşamadıqlarından və iddiaçı bir daha evə qayıtmadığından nikahları formal xarakter daşımışdır. İddiaçının aliment tələbindən sonra, o, nikahın pozulması tələbi ilə Nizami Rayon Məhkəməsinə ərizə vermiş və məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(007)- 1035/2020 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahın pozulması üçün son dəfə məhkəməyə müraciət etdikdən sonra, iddiaçı ona böhtan ataraq polisə ərizə verib döyüldüyünü bildirmişdir. Bundan sonra o, iddiaçıdan ayrılmaq barədə qəti qərara gəlmişdir. İddiaçının evə köçürülməsi tələbinə gəlincə hesab edir ki, bu tələb qanuni sayıla bilməz. Əvvəla ona görə ki, həmin yaşayış sahəsi özbaşına tikili olub ona deyil, onun valideyinlərinə məxsusdur və tikilinin rəsmi ünvanı da mövcud deyildir. İddiaçının təqdim etdiyi ünvan isə həqiqəti əks etdirmir. X3 şifahi sorğusuna cavab olaraq evin ünvanının olmadığını bildirmişdir. Digər tərəfdən, iddiaçı istinad etdiyi özbaşına tikilidə üç ildən artıq müddətdir ki, yaşamır. İddiaçı həmin tikilidə cəmi bir il yaşayıb, sonuncunu oradan heç kim qovmayıb və iddiaçı evi könüllü olaraq tərk edib getmişdir. İddiaçının üç ildən artıq müddətdir ki, özbaşına tikilini tərk edib getməsini qonşularından X8, X14, X15, X18 və qeyriləri təsdiq edə bilərlər. İddiaçının cehiz əşyalarının evdə olmasına istinad etməsi onun həmin mənzilə köçülülməsinə əsas ola bilməz. Çünki onlar arasında artıq nikah pozulmuş və üç ildən artıq müddətdir ki, birgə yaşamırlar. İddiaçı cehiz əşyalarını hazırkı iddianı qaldırmaq məqsədi güddüyündən aparmamışdır. Eyni zamanda, əgər iddiaçı evdən qovulmuş olsaydı, hansı səbəbdən keçən bu üç il ərzində hazırkı tələblə məhkəməyə müraciət etməmişdir. İddiaçı ona qarşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etdiyini bildikdən və nikahın pozulması artıq reallaşdıqdan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddiaçının yaşayış sahəsinə köçürülmə tələbi əsaslı sayıla və təmin edilə bilməz. Çünki onun hazırkı tələbinin hüquqi əsasları mövcud deyildir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında üçüncü şəxs X9 bildirmişdir ki, mübahisəli evi o, Kondisioner zavodunda işləyən zaman ona verilən 50xx xxxxxx 2001-ci ildə almışdır. Evi alan zaman hazır 2 otaqlı tikili idi və sonradan 1 otaq da əlavə tikərək 3 otaqlı etmişlər. Həmin ev hazırda bələdiyyənin balansındadır və onlar ehtiyac olduğu zaman arayışı bələdiyyədən alırlar. Hazırda qaz xətti onun adınadır, su və işıq isə keçmiş keçmiş həyat yoldaşının adınadır. O, 2016-cı ildə iddiaçını həmin evə gəlin gətirmiş və iddiaçının cehizləri də hazırda mübahisəli evdədir. İddiaçı uşağı olana kimi xəstəxanada qalmışdır. Evə gələndən sonra isə qaynanası ilə yola getmədiyi üçün iki dəfə iddiaçı evdən çıxıb atasıgilə getmiş və o da iddiaçını evə qaytarmışdir. İddiaçı evdən gedən zaman uşağın hələ bir yaşı heç olmamışdı. Axırıncı dəfə evdən getdikdən sonra o yenə iddiaçını evə qaytarmağa çalışmış, lakin iddiaçı geti qayıtmamışdır. Hazırda onda olan məlumata görə iddiaçı 1 otaqlı evdə 4 nəfər birlikdə yaşayırlar. Onun iddiaçının mübahisəli evdə gəlib yaşamasına isə heç bir etirazı yoxdur. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilən X10 bildirdi ki, o, İddiaçı anası ilə qonşudur. O, 2019-cu ildə Ülviyyənin anasına iynə vurmağa getdikdə Ülviyyənin də orada olduğunu görmüş və onun nə üçün orada olduğunu soruşduqda Ülviyyə evdə dava düşdüyü və döyüldüyü üçün gəldiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilən X19 bildirdi ki, o, İddiaçı anasının dayısıoğludur. İddiaçı ilə cavabdeh evləndikdən və uşaqları olduqdan bir müddət sonra Ülviyyənin döyüldüyü və xəstəxanaya yerləşdirildiyini öyrənmişdir. Bundan sonra, Ramilin evinə getmiş və Ramildən Ülviyyəni niyə döydüyünü soruşmuşdur. Ramil isə Ülviyyənin anasına çay vermədiyini və bu səbəblə onu döydüyünü, lakin bir daha belə bir halın olmayacağını bildirmişdir. Bir il sonra, təxminən 2018-ci ildə Ramil və Ülviyyənin boşandığını eşitmiş və Ramillə əlaqə saxlayaraq vəziyyətin nə yerdə olduğunu soruşmuşdur. Ramil isə barışacaqlarını və bütün məsələnin həll olunacağını bildirmişdir. Bir müddət sonra isə Ülviyyənin yenidən döyülərək ata evinə getdiyini öyrənmiş və bir daha Ramillə əlaqə saxlamamışdır. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilən X11 bildirdi ki,o, İddiaçı anasıdır. Cavabdeh dəfələrlə onun qızını döymüş və sonra gətirib evə qoymuşdur. Bir müddət sonra gəlib qızını aparmışlar. Uşağı doğulmamışdan əvvəl qızı 6 ay xəstəxanada yatmışdır. Uşaq doğulandan sonra qızı xəstəxanadan evlərinə getmiş və 3-4 ay sonra yoldaşı yenidən gətirib onlara qoymuşdur. Səbəb kimi isə qaynanası ilə problemləri olduğunu və yola getmədiklərini bildirmişdir. Bundan sonra qızı 1 ay onlarda qalmış və sonra qaynanası Türkiyəyə getdikdən sonra yenidən qızını gəlib aparmışlar. Bir müddət sonra isə yenidən qızını döyərək onlara geri gətirmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T seriyalı 007228 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh oğlu ilə X1 arasında xx xxx 2016-cı ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2016-cı il may ayının 04-cü günündə 2245 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T seriyalı 032991 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2017-ci ilin fevral ayının 05-ci günündə 558 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. 117 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 159 №-li arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. xx.xx.2016-cı il tarixdə ASAN 5 tərəfindən verilmiş və xx.xx.2024-cü ilədək qüvvədə olan AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. 83 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 859 №-li arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, yataqxana 21 ünvanında qeydiyyatdadır və anası – X11, qardaşı – X5, oğlu X13 ilə birlikdə sahəsi 18 kv.m. olan həmin yataqxananın bir otağında yaşayır. Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti başçısının Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 1/32 №-li arayışından görünür ki, Cavabdeh 3 (üç) nəfər ailə tərkibi ilə (özü, atası və anası) Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən tikilidə qeydiyyatsız yaşayır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon polis idarəsinə ünvanlanmış ərizədən görünür ki, İddiaçı 2017-ci il aprel ayının 14-də həyat yoldaşı tərəfindən döyülərək və qızıl-zinət əşyalarının da əlindən alınaraq bayıra atıldığını, 2018-ci ilin avqust ayında barışdıqlarını, bir müddət sonra yenidən Cavabdeh qanunsuz əməllərini davam etdirdiyini, gəlin köçdüyü evə qayıtmağa cəhd göstərsə də, onu evə buraxmadığını bildirərək onun gəlin köçdüyü ünvan 5 ünvanına köçürülməsinə köməklik edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli 099-337-4A-3220 №-li cavab məktubundan görünür ki, İddiaçı müraciəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh tərəfindən verilmiş etiraza əlavə edilmiş xx.xx.2020-ci il tarixdə X8, X14, X15 və X18 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində valideynlərinə məxsus ünvansız evdə qeydiyyatsız yaşayan Cavabdeh keçmiş həyat yoldaşı İddiaçı oğlu Rəsulun doğulduğu vaxtdan qısa müddət sonra, 2017-ci ilin təxminən mart ayında yaşadığı evi tərk edərək valideynlərinin yanına getmiş və həmin vaxtdan bir daha Cavabdeh yaşadığı Qaraçuxur qəsəbəsindəki ünvansız evə qayıtmamış və orada yaşamamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli “ətraflı abonent kartı”ndan görünür ki, ünvan 5, ev 5A ünvanına məxsus su sayğacı Firəngiz Abdullayevanın adınadır. Beləliklə, işin araşdırılan hallarından məlum oldu ki, İddiaçı ilə Cavabdeh ilə xx xxx 2016-cı ildə rəsmi nikaha daxil olub evlənmişlər. Toydan əvvəl iddiaçının cehiz əşyaları ünvan 7 ünvanına yerləşdirilmiş, toydan sonra isə İddiaçı özü həmin ünvana gəlin köçmüşdür. Tərəflərin birgə nikahlarından xx xxxxxx 2017-ci il təvəllüdlü X13 doğulmuşdur. Sonradan tərəflər arasında mübahisələr yaranmış və iddiaçı müxtəlif vaxtlarda bir müddət anasına məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, yataqxana 21 ünvanında yaşamışdır. Sonuncu dəfə 2018-ci ilin iyun ayında tərəflər boşanmaq qərarına gəlsələr də məhkəmə iclasında barışmış və 2019-cu ilin oktyabr ayına kimi mübahisəli evdə birlikdə yaşamışlar. 2019-cu ilin oktyabr ayında isə iddaçı cavabdeh tərəfindən döyülərək evdən qovulmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli Bakı şəhəri Suraxanı rayon polis idarəsinə ünvanlanmış ərizədən və şahid ifadələrindən də iddiaçının yoldaşı tərəfindən döyülərək evdən qovulduğu aydın şəkildə öz təsdiqini tapmışdır. Bundan əlavə, iş materialları və tərəflərin izahatları ilə müəyyən olundu ki, mübahisəli özbaşına tikili olan mənzil 3 otaqdan ibarətdir, həmin otaqların ikisi tərəflərə ayrılmış və iddiaçının cehiz əşyalarının hamısı mübahisəli evin 2 otağında yerləşdirilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 13.4.-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 13.5.-ci maddəsinə əsasən, belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. İş materiallarından göründüyü kimi, mübahisəli ev özbaşına tikintidir. Özbaşına tikintiyə köçürülmə və ondan istifadə ilə bağlı münasibətləri tənzimləyən hüquq norması olmadığı üçün, məhkəmə analoji olaraq hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan mülki və mənzil qanunvericiliyinin müvafiq normalarına istinad gəlir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin olduğu yer-onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. İddiaçının qeydiyyatda olduğu yaşayış sahəsi Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində yerləşən yataqxananın 18 kv.m-dən ibarət 1 otağıdır. Orada iddaçı hazırda anası, qardaşı və azyaşlı oğlu ilə birlikdə yaşayır. Həmin sahə iddiaçının mülkiyyətində deyil, habelə, yaşayış üçün əlverişli olmamaqla, mənzil hüququnun təmin edilməsi baxımından da daimi yaşayış yeri sayıla bilməz. “Məhkəmələr tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2 saylı xx xxxxxxx 1992-ci il tarixli qərarına əsasən, maraqlı şəxsin (barəsində iddia qaldırılmış şəxsin) başqa yaşayış yerinə köçməsi barədə sübutlar təqdim etməlidir. Bundan əlavə, maraqlı şəxs həmçinin sübut etməlidir ki, digər yaşayış sahəsi iddiaçıların daimi yaşayış yeridir və onlar qanunla nəzərdə tutulmuş qaydada həmin yaşayış sahəsindən istifadə etmək hüququ əldə etmişlər. Mənzil qanunvericiliyinin tətbiqi ilə bağlı məhkəmə təcrübəsinin ümumiləşdirilməsinə dair son dövrlərin qərarları, o cümlədən Konstitusiya Məhkəməsinin mövqeyi bundan ibarətdir ki, şəxsin mübahisəli yaşayış sahəsindən istifadə hüququ yaransa belə, onun bu hüququna kompensasiya vermədən xitam verilməsinə yalnız o halda yol verilir ki, həmin şəxsin həmin sahədən istifadə ehtməsinə ehtiyac aradan qalxmış olsun. Yaşayış sahəsindən istifadə ehtiyacının aradan qalxması bir qayda olaraq şəxsin başqa yaşayış sahəsindən daimi və ya uzun müddətli istifadə hüququ qazanması, o cümlədən, həmin mənzili əvəzli və ya əvəzsiz qaydada mülkiyyət hüququ əsasında əldə etmə, məhkəmə qərarı əsasında hansısa sahədən istifadə hüququ əldə etmə və s. yolu ilə mümkündür. Mübahisəli tikili xüsusil mülkiyyətdə deyil və eyni zamanda cavabdehlər onun özbaşına tikili statusunun aradan qalxması üçün əsas ola biləcək hər hansı sübutu, o cümlədən həmin tikilinin yerləşdiyi torpaq sahəsinə hər hansı hüquqla sahib olma faktına dair sübutu məhkəməyə təqdim etməyiblər. Buna görə də, cavabdehlər mülkiyyət hüququnun qanunvericilik təminatı ilə bağlı imkanlardan istifadə edə bilmirlər. Bu halda iddiaçının mənzil hüququnun müdafiəsi daha üstün qoruma təminatı əldə edir. İddiaçının son 3 il ərzində mübahisəli evdə yaşamaması ilə bağlı cavabdehlərin dəlilinə münasibət bildirən məhkəmə hesab edir ki, əvvəla, bu halda iddiaçı tərəfindən məhkəməyə çağırılmış şahid ifadələri ilə təkzib olunur. Hətta iddiaçının son üç il ərzində mübahisəli evdə yaşamadığı qənaətinə gəlinsə belə, bu iddiaçının mübahisəli sahədən istifadə ehtiyacının avtomatik aradan qalxması kimi qiymətləndirilə bilməz. Bu halda şəxsin mübahisəli evi öz iradəsinə uyğun tərk edib-etməməsi məsələsi araşdırılmalıdır. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçı mübahisəli evdən zorla çıxarılıb və hazırda da oraya köçüb yaşamasına cavabdehlər icazə vermirlər. İddiaçının çehiz əşyalarının hazırda da mübahisəli evdə olması da, onun bu evdən istifadə ehtiyacının aradan qalxmadığını göstərən sübutlardan biridir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı və onun azyaşlı uşağı mübahisəli tikiliyə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı azyaşlı övladı X13 ilə birlikdə ünvan 7 ünvanına köçürülsün. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-2490/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2490/2020
06.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver