Məhkəmə qərarları › İş №2(010)-2491/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-2491/2021

05.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2491/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1-dən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 13, 43 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzil xüsusi mülkiyyət hüquqi üzrə tamamilə iddiaçıya məxsusdur. Cavabdeh onun qardaşı arvadıdır. Cavabdeh 1995-ci ildə qardaşı Məmmədov Elşənlə evləndikdən sonra qardaşının Əhmədli qəsəbəsindəki mənzilinə gəlin köçmüş və onlar 1999-cu ildə daimi yaşamaq üçün Almaniyaya köçənədək həmin mənzildə yaşamışlar. Cavabdeh 1999-cu ildən Almaniyaya köçəndən sonra bir daha Azərbaycan Respublikasına gəlməmişdir. Cavabdeh bir gün də olsa onun mənzilində yaşamamış, onunla mənzilinə istifadə hüququnun verilməsi, pasport qeydiyyatına salınması barəsində heç bir yazılı və şifahi razılaşma olmamışdır. Cavabdeh onun mənzilində qeydiyyatda olması yalnız 29.03.2021-ci il tarixdə mənzilin satılması ilə əlaqədar Asan xidmətdən arayış alarkən məlum olmuşdur. Bunun nəticəsində onun qanunla qorunan mülkiyyət hüququ, yəni əmlaka sahiblik, ondan istifadə etmək və sərəncam vermək hüququ məhdudlaşır. Tərəflərin izahatları İddiaçı iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, xəbərdar edilməsinə baxmayaraq özü və ya nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinə dair məhkəməyə məlumat verməmiş, eləcə də işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Şahid ifadəsi Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, o, İddiaçı anası, Cavabdeh isə qaynanasıdır. Cavabdeh onun gəlini olmaqla oğlu Elşənlə ailə qurduqdan sonra Əhmədli qəsəbəsindəki mənzilə gəlin köçmüşdür. Cavabdeh 1999-cu ilə kimi orada yaşamışdır. 1999-cu ildə Cavabdeh daimi yaşamaq üçün Almaniyaya köçüb getmiş və bir daha Bakı şəhərinə qayıtmamışdır. Cavabdeh həmin vaxtdan orada yaşayır. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmənin 05.05.2021-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş: RX seriyalı ******* saylı 30.03.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev13, mənzil 43 xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1853 nömrəli reyestr kitabının 170789 nömrəli vərəqində qeydiyyata alınmışdır. Asan 3 tərəfindən 29.03.2021-ci il tarixdə verilmiş "yaşayış yeri üzrə qeydiyyat haqqında" arayışdan görünür ki, ünvan 1-də İddiaçı, Cavabdeh və X1 pasport qeydiyyatındadır. 18.04.2021-ci il tarixli qonşuların iştirakı ilə yazılmış və 160 №-li MTK tərəfindən təsdiq edilmiş Aktdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 13, 43 saylı mənzildə heç vaxt yaşamamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmənin mövqeyi İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir”. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 13, 43 saylı mənzilin xüsusi mülkiyyətçisidir. Cavabdeh həmin mənzildə pasport qeydiyyatında olsa da, faktiki olaraq həmin mənzildə heç vaxt yaşamamış, qeydiyyatı formal xarakter daşımışdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu “şərti və qeyri-sabit xarakterli” etmiş olur. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 13, 43 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 244, 252, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1-dən istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdehin qeyd edilən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi onun həmin ünvandan pasport qeydiyyatından çıxarılmasına əsas verir. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 253-cü maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar