Məhkəmə qərarları › İş №2(010)-2560/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2560/2021

11.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2560/2021 11.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəlləsi, 19 saylı mənzildən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onların azyaşlı uşaqları X2, X3 valideynləri ilə birlikdə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanl rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəlləsi, 19 saylı mənzil 07.06.2013-cü ildən alğı-satqı müqaviləsinə əsasən onun xüsusi mülkiyyətindədir. Lakin, buna baxmayaraq, mənzilinə dair sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Mənzilin onun xüsusi mülkiyyətində olması barədə verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış verilmişdir. Evində qeydiyyatda olan, lakin orada yaşamayan keçmiş sakinlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onların azyaşlı uşaqları X2, X3 onun evində pasport qeydiyyatında qalmaları ona bir çox hallarda müəyyən maneələr yaradır. Onun cavabdehlərlə heç bir qohumluq əlaqəsi yoxdur və onların hal-hazırda harada yaşamaları barədə heç bir məlumatı yoxdur. Onların onun mənzilində pasport qeydiyyatında qalmaları onun artıq kommunal xərclər ödəməsinə səbəb olur. Məhz buna görə də hesab edir ki, mülkiyyətində olan evində cavabdehlərin pasport qeydiyyatında qalmalarına heç bir hüquqi əsas yoxdur. Bu səbəbdən də mülkiyyətində olan evindən cavabdehlərin istifadə hüququnun itirilməsi barədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hesab edir ki, cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, cavabdehlər mənzili satana qədər orada yaşayıblar, lakin mənzil ona satıldıqdan sonra köçüb getmişlər və hazırda faktiki olaraq harada yaşadıqlarını bilmir. Cavabdehlərlə əlaqə saxlayıb mənzildən qeydiyyatdan çıxmalarını istəsə də onlar buna vaxtlarının olmadığını bildirmişlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə cavabdehlərin məlum оlаn аxırıncı yаşаyış yeri üzrə müvаfiq icrа hаkimiyyəti оrqаnını məlumаtlаndırаrаq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci mаddəsinə əsаsən cаvаbdehin iştirаkı оlmаdаn işə bаxılmаsını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 07.06.2013-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1, Cavabdeh3 və X5 tərəfindən İddiaçı satılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil 25.06.2013-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 12.02.2020-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, cavabdehlər ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil aralarında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, cavabdehlər tərəfindən İddiaçı satılmışdır. Cavabdehlər hazırda həmin mənzildə yaşamır. Buna baxmayaraq, onlar bu mənzildən qeydiyyatdan çıxmamışdır. Hazırda isə iddiaçı cavabdehlərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmalarının onun mülkiyyət hüquqlarını pozduğunu bildirərək məhkəmədən cavabdehlərin müvafiq mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 572.1-ci maddəsinə əsasən, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olduğundan, bundan başqa, cavabdehlərin həmin mənzildə yaşamadığı iş materialları ilə müəyyən olduğundan və cavabdehlərin mübahisəli mənzil üzrə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının həmin mənzilə münasibətdə mülkiyyət hüququnun həyata keçirməsini pozduğundan iddia qismən təmin edilməlidir. Lakin nəzərə alınmalıdır ki, 29.05.2017-ci il təvəllüdlü X4 və 31.12.2018-ci il təvəllüdlü X5 da bu mənzildə qeydiyyatda olsa da bu yaşlı yetkinlik yaşına çatmayan uşaqların mülki hüquq və prosessual fəaliyyət qabiliyyəti olmadığından və yaşayış yeri onların valideynlərinin yaşayış yeri olduğundan onların məhkəmə qətnaməsi əsasında mənzildən istifadə hüququna xitam verilməsi qət edilə bilməz. Odur ki, valideynin mənzildən istifadə hüququnun olmaması uşağın da həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olduğundan iddia bu hissədə təmin edilməməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmil edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və yetkinlik yaşına çatmayan uşaqların ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar