Məhkəmə qərarları › İş №2(010)-2578/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2578/2023

18.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2578/2023 18.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 05 aprel 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 434449 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 05 aprel 2022-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 aprel 2022-ci ildə 22 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mahmudov, arvada Yusifli soyadı verilmişdir.

2. 7 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 05Q309-11 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh nikahın pozulması üçün müraciət etmədiyindən İddiaçı nikahın pozulması üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.

3. Bakı 3 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

İşin faktiki halları

4. İddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 05 aprel 2022-ci il tarixdə nikahın bağlanması və tərəflərin birgə nikahlarından uşaqlarının olmaması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

5. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 05 aprel 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində AZ İİ № 434449 nömrəsi ilə qeydə alınmış nikahın pozulması və Cavabdeh onun zəruri həyat tələbatlarının ödənilməsi üçün (yaşamağı üçün) hər ay ödənilməli olan sabit pul məbləği formasında alimentin alınaraq onun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Sonradan İddiaçı ərizə təqdim edərək, onunla Cavabdeh arasında 05 aprel 2022ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

8. Məhkəmə prosesində İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, 2022-ci il tarixdə rəsmi nikaha daxil olmuş və ailə qurmuşlar. Birgə nikahlarından uşaqları olmamışdır. Hazırda 1 ildən çoxdur ki, birlikdə yaşamırlar və cavabdehlə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən barışıq üçün vaxt verilməsinə ehtiyac yoxdur. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir.

10. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlər 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Odur ki, heç kəs iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilə bilməz. Maddə 17. Müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsi 17.1. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Maddə 19. Nikahın məhkəmə qaydasında pozulması 19.2. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Maddə 20. Ər (arvadın) razılığı olmadıqda nikahın məhkəmə qaydasında pozulması 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Maddə 21. Ər-arvadın qarşılıqlı razılığı olduqda nikahın məhkəmə qaydasında pozulması 21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

Məhkəmənin mövqeyi

11. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.

12. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

13. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 05 aprel 2022-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar və hal-hazırda iddiaçı ailə münasibətlərinin pozulmasını, nikahın formal xarakter daşımasını və ailənin bərpasının qeyrimümkünlüyünü əsas tutaraq nikahın pozulmasını xahiş edir.

14. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahdan uşaqları olmadığından, həmçinin cavabdeh nikahın pozulması ilə əlaqədar qeydiyyat şöbəsinə gəlmədiyindən, iddiaçı haqlı olaraq nikahın məhkəmə qaydasında pozulması ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında uzun müddətdir ki, ailə münasibətləri mövcud deyil və ailə faktiki olaraq dağılmışdır. İddiaçı nikahın pozulmasında israrlı olduğundan, cavabdeh isə məhkəmə iclaslarına gəlməyərək barışıq üçün hər hansı addım atmadığından, həmçinin tərəflərin birgə yaşaması və ailənin saxlanılması qeyri mümkün olduğundan məhkəmə barışıq üçün vaxt verilməsinə lüzum olmadığı qənaətinə gəlir.

Məhkəmə xərcləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

18. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 05 aprel 2022-ci il tarixdə 22 nömrə ilə qeydə alınmış nikah pozulmalıdır.

19. Məhkəmə, son olaraq, iş üzrə tərəflərə nikah pozulduqdan sonra onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən 3 illik iddia müddəti çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyini izah edir.

20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 05 aprel 2022-ci il tarixdə 22 nömrə ilə qeydə alınmış nikah pozulsun. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar