Məhkəmə qərarları › İş №2(3-9)-743/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-743/2026

13.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-743/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Tağızadə Lalə Kazım qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış ## ###### 2015-ci il tarixli** nömrəli nikah akt qeydinin pozulmasını, # ##### 2010-cu il tarixdə doğulmuş Axundov İbrahim Bəhruz oğlunun, ## #### 2011-ci il tarixdə doğulmuş X2 və ## #### 2019-cu il tarixdə doğulmuş X1 onun yanında yaşamalarının müəyyən edilməsini və həmin uşaqların yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün cavabdehdən onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli, cəmi 1,5 misli həddində sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2009-cu ildə Cavabdeh ilə toy edib ailə qurmuş, nikahlarını ## ###### 2015-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından # ##### 2010cu il tarixdə Axundov İbrahim Bəhruz oğlu, ## #### 2011 ci il tarixdə X2 və ## #### 2019cu il tarixdə X1 doğulmuşdur. Cavabdeh ilə əvvəllər normal yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün münasibətləri pozulmuşdur. Aralarında buna görə tez-tez mübahisələr baş vermişdir. O, bir müddət bunlara dözmüşdür ki, bəlkə zamanla düzələr. Lakin, Cavabdeh əməllərindən əl çəkməmişdir. Buna görə də, artıq bütün bunlara dözməyib cavabdehdən ayrılmaq qərarına gəlmişdir. Uşaqların hər üçü onun yanında yaşayırlar. Bundan sonra onların bir ailə kim bir yerdə yaşamaqları qeyri-mümkündür. Aralarında olan nikah onsuzda formal xarakterlidir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən Peşə Təhsil Mərkəzində işləyir, 450 manat əmək haqqı alır, təkbaşına uşaqların normal yaşaması və bütün ehtiyaclarını ödəmək üçün maddi cəhətdən çətinlik çəkir. Cavabdeh isə övladlarına heç bir maddi köməklik göstərmir. Cavabdeh həm “DOST İş Mərkəzi” MMC-də sosial işçi vəzifəsində işləyərək 400 manat əmək haqqı alır, həm də fərdi əmək fəaliyyəti ilə məşğul olur. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Elxan Əmirəliyev) iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ## ###### 2015-ci il tarixdə ** saylı akt qeydi əsasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan # ##### 2010-cu il təvəllüdlü Axundov İbrahim Bəhruz oğlunun, ## #### 2011-ci il təvəllüdlü X2 və ## #### 2019-cu il təvəllüdlü X1 İddiaçı yanında qalmalarının müəyyən edilməsi, nikahın pozulması dövlət qeydiyyatına alınarkən tərəflərin hər birindən 10 manat dövlət rüsumunun tutulması, ## ###### 2025-ci il tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan # ##### 2010-cu il təvəllüdlü Axundov İbrahim Bəhruz oğlunun, ## #### 2011-ci il təvəllüdlü X2 və ## #### 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə 3 uşağa görə cavabdehin aldığı 400 manat əmək haqqının ½ hissəsi miqdarında aliment və sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,175 misli həddində sabit pul məbləğində alimentin tutulması, qətnamənin aliment hissədə dərhal icraya yönəldilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəflərin birgə yaşamalarının və ailənin saxlanılmasının qeyri-mümkün olduğunu müəyyən etdiyi üçün hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Göytəpə şəhər inzibati ərazi nümayəndəliyində bağlanmış ## ###### 2015-ci il tarixli ** saylı nikah pozulmalıdır. Tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan # ##### 2010-cu il təvəllüdlü Axundov İbrahim Bəhruz oğlunun, ## #### 2011-ci il təvəllüdlü X2 və ## #### 2019-cu il təvəllüdlü X1 iddiaçı İddiaçı yanında qalması müəyyən edilməlidir. Ölkə üzrə minimum əmək haqqı 2025-ci il üçün hər ay 400 manat həddində müəyyən edilmişdir. ## ###### 2025-ci il tarixdən başlayaraq # ##### 2010-cu il təvəllüdlü Axundov İbrahim Bəhruz oğlunun, ## #### 2011-ci il təvəllüdlü X2 və ## #### 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə 3 uşağa görə cavabdehin aldığı 400 manat əmək haqqının ½ hissəsi miqdarında aliment və sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,175 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin (AM) 20.1-ci, 21.2-ci, 22.2-ci, 56-cı, 75ci, 76.1.3-cü maddələrinə, “Uşaq hüquqları haqqında” Qanunun 8-ci, 13-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək onun aliment hissəsində dəyişdirilməsini, həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə Cavabdeh üç uşağın saxlanılması üçün cəmi 410 manat aliment tutulması müəyyən edilmişdir. Bu məbləğ üç uşağa bölündükdə hər uşağa təxminən 136 manat düşür. Hazırkı dövrdə ərzaq, geyim, ayaqqabı, məktəb ləvazimatları, dərman, tibbi müayinə, nəqliyyat, internet, gigiyenik vasitələr və digər gündəlik yaşayış xərclərinin qiymətləri nəzərə alındıqda, hər uşaq üçün aylıq 136 manatın onların minimum ehtiyaclarını belə qarşılaya bilməyəcəyi açıq-aşkar görünür. Himayəsində olan uşaqlar məktəb və inkişaf yaşındadırlar. Onların gündəlik qidalanması, məktəbə getməsi, dərs ləvazimatları ilə təmin olunması, mövsümə uyğun geyim və ayaqqabı alınması, tibbi ehtiyaclarının ödənilməsi, gigiyenik vasitələrlə təmin edilməsi, sosial və psixoloji inkişafı üçün davamlı xərclər tələb olunur. Uşaqlar böyüdükcə onların ehtiyacları azalmaq əvəzinə artır. Xüsusilə, yeniyetmə yaşında olan uşaqların qida, geyim, təhsil və sosial inkişaf ehtiyacları daha yüksəkdir. Birinci instansiya məhkəməsi isə bu halları real şəkildə qiymətləndirməmiş, alimentin məbləğini müəyyən edərkən uşaqların faktiki yaşayış xərclərini, yaş xüsusiyyətlərini və gündəlik təminat ehtiyaclarını tam araşdırmamışdır. Birinci instansiya məhkəməsi uşaqların real ehtiyaclarını, üzərində olan faktiki yükü və cavabdehin həqiqi maddi imkanlarını tam müəyyən etməmişdir. Məhkəmə cavabdehin yalnız rəsmi gəlir göstəricilərinə əsaslanmış, onun əlavə qazanc imkanlarını, faktiki yaşayış səviyyəsini, qeyri-rəsmi gəlirlərinin olub-olmamasını, əmlak vəziyyətini və digər maddi imkanlarını araşdırmamışdır. Halbuki, aliment işlərində yalnız rəsmi əmək haqqına istinad edilməsi uşaqların hüquqlarının real müdafiəsini təmin etmir. Valideyn rəsmi gəlirinin az olduğunu göstərməklə uşaqlarının qanuni saxlanma hüququnu məhdudlaşdıra bilməz. Alimentin məqsədi valideynin rahatlığını deyil, uşaqların normal fiziki, mənəvi, psixoloji və sosial inkişafını təmin etməkdir. Üç uşağın saxlanılması üçün cəmi 410 manat aliment müəyyən edilməsi uşaqların hüquqlarının real müdafiəsi baxımından yetərli deyil. Bu məbləğ uşaqların yalnız çox məhdud bir hissə xərclərini qarşılaya bilər. Halbuki, uşaqların normal həyat səviyyəsi, təhsili, sağlamlığı və sosial inkişafı üçün daha yüksək təminata ehtiyac vardır. Ana olaraq uşaqların gündəlik qayğısını, məktəbə hazırlanmasını, qidalanmasını, geyindirilməsini, xəstəlik zamanı müalicəsini, dərslərinə nəzarəti, psixoloji və sosial inkişafını faktiki olaraq təkbaşına təmin edir. Bu fiziki və maddi yük məhkəmə tərəfindən yetərincə nəzərə alınmamışdır. Nikahın pozulması uşaqların həyat səviyyəsinin aşağı düşməsi üçün əsas ola bilməz. Valideynlərin ayrılması nəticəsində uşaqlar maddi cəhətdən zərər çəkməməli, onların əvvəlki təminat səviyyəsi mümkün qədər qorunmalıdır. Əgər uşaqlar ananın yanında saxlanılırsa, bu, atanın aliment öhdəliyinin minimum səviyyədə müəyyən edilməsi üçün əsas yaratmır. Əksinə, atanın uşaqların saxlanılmasında real və ədalətli şəkildə iştirak etməsi təmin olunmalıdır. Hazırkı sosial-iqtisadi şəraitdə üç uşaq üçün 410 manat aliment açıq-aşkar azdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, aliment məbləği çox azdır. Uşaqların təhsil, məktəb, hazırlıq, geyim və sağlamlıq xərcləri vardır. Uşaqlardan biri xəstədir. Cavabdehin aylıq 1000-1500 manat əlavə gəliri vardır. Belə ki, təsərrüfatla məşğul olaraq torpaq sahəsində əkin işləri görür, alüminium və mis satmaqla, habelə digər işlərdən gəlir əldə edir. Özünün 400 manat əmək haqqı olsa da, əmək haqqından tutulmalar aparıldıqdan sonra 354 manat məbləğdə vəsait qalır. Uşaqlar oxumaq istəyirlər, lakin maddi imkan buna kifayət etmir. Cavabdeh xalasının və nənəsinin həyətində yerləşən böyük sahədə əkin işləri ilə məşğuldur. Cavabdeh noyabr ayından hazırkı tarixədək 1680 manat ödəmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, aliment məbləğini ödəmək imkanında deyil, torpağı və əkin sahəsi yoxdur, təsərrüfatla məşğul olmur. Anası da onunla yaşayır. 400 manat məbləğdə əmək haqqı alır və tutulmalardan sonra 378 manat məbləğində vəsaiti qalır. Noyabr ayından 1680 manat aliment ödəmişdir, əlavə aliment borcu qalmışdırsa, onu ödəməyə maddi imkanının çatmır. AZ-II ****** saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahlarını ## ###### 2015-ci il tarixdə Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Göytəpə şəhər inzibati ərazi nümayəndəliyində qeydə aldırmışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında ** saylı qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Ağayeva soyadı verilmişdir. AZ-II ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Axundov İbrahim Bəhruz oğlu # ##### 2010-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. AZ-II ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ## #### 2011-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. AZ-IV ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ## #### 2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı “X3 Təhsil Mərkəzi” publik hüquqi şəxsində istirahət otaqlarına növbətçi vəzifəsində işləyir və 450 manat əmək haqqı alır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh “DOST İş mərkəzi” MMC-də sosial işçi - ictimai işlər vəzifəsində işləyir və 400 manat əmək haqqı alır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Konstıtusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. AM-in 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. ## ###### 1989-cu il tarixli “Uşaq Hüquqları Haqqında Konvensiya”nın (## ######## 1990-cı il tarixdə qüvvəyə minmişdir) 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. Həmin Konvensiyanın 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” # #### 2026-cı il tarixli Azərbaycan Respublikasının Qanununun 1.1.5-ci bəndinə əsasən uşağın üstün mənafeləri – bu Qanuna və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına uyğun olaraq uşağın rifahı, təhlükəsizliyi, sağlamlığı, təhsili və inkişafı ilə bağlı mənafeləridir. Qanunun 11-ci maddəsinə əsasən hər bir uşaq yaşamaq, fiziki, əqli, mənəvi, əxlaqi və sosial cəhətdən inkişaf etmək üçün zəruri olan yaşayış standartı və həyat səviyyəsi ilə təmin olunmaq hüququna malikdir. Dövlət bu hüququ iqtisadi, sosial-hüquqi və digər tədbirlər sistemi vasitəsilə təmin edir. Qanunun 24.1-24.2-ci bəndlərinə əsasən hər bir uşaq sosial təminat hüququna malikdir. Uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ vardır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər və hərtərəfli şəkildə araşdırmış, təyin edilmiş alimentin miqdarının hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.175 misli həddində sabit pul məbləğində müəyyən edilməsi işin faktiki hallarına uyğundur. Habelə “Hornsbi Yunanıstana qarşı” iş üzrə ## #### 1997-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, məhkəmə tərəfindən çıxarılmış hər hansı qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi hazırkı nəticə qanuni və əsaslıdır. Buna görə də, iddiaçının verdiyi apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Beləliklə, məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən, dispozitivlik və prosessual qənaət prinsiplərini rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar