Məhkəmə qərarları › İş №2(125)-7302/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7302/2025

10.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(125)-7302/2025 10.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSI Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, iddiaçı İsmixanova İlahə Polad qızının və cavabdeh İsmixanov Osman Aydın oğlunun etibarnamə üzrə nümayəndəsi İsmixanova Leyla Aydın qızının iştirakı ilə, İddiaçı İsmixanova İlahə Polad qızının cavabdeh İsmixanov Osman Aydın oğluna qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı İsmixanova İlahə Polad qızı cavabdeh İsmixanov Osman Aydın oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında Gəncə şəhər Nizami rayon VVADQ şöbəsi tərəfindən ##.##.2004-cü il tarixli, *** nömrəli aktla bağlanmış nikah qeydinin pozulması və cavabdeh İsmixanov Osman Aydın oğlu ilə birgə nikahlarından olan övladları ##.##.2010-cu il təvəllüdlü İsmixanova Sara Osman qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İsmixanova İlahə Polad qızı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə 2004-cü ildə ailə qurmuşlar. Birgə nikahlarından ##.##.2005-ci ildə Aydın və ##.##.2010-cu ildə Sara adlı uşaqları anadan olmuşdur. Aydın artıq yetkinlik yaşına çatmışdır. Qızları Saranın isə onun himayəsində qalması ilə bağlı mediasiya prosesində cavabdehlə qarşılıqlı razılığa gələrək barışıq sazişi bağlamışdırlar. Cavabdeh hazırda Rusiyadadır. Cavabdehin ailəsinə qarşı laqeyid münasibəti ailə münasibətlərinin pozulmasına səbəb olmuşdur. Barışıq üçün vaxt verilmədən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh İsmixanov Osman Aydın oğlunun etibarnamə üzrə nümayəndəsi İsmixanova Leyla Aydın qızı iddianı iddianı qəbul etdiklərini bildirərək, sonda iddianın təmin olunmasını xahiş etdi. Mülki işin materiallarında olan:- AZ İ ****** nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, tərəflərin nikahları ##.##.2004-cü ildə Gəncə şəhər Nizami rayon VVADQ şöbəsində 311 nömrə ilə qeydə alınmışdır. AZ-İ ****** nömrəli və AZ-II ****** nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından ##.##.2005-ci ildə Aydın və ##.##.2010-cu ildə Sara adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında mediasiya prosesində bağlanılmış ##.##.2025-ci il tarixli, MŞD/***//****- ***** nömrəli barışıq sazişindən görünür ki, tərəflər yetkinlik yaşına çatmayan ##.##.2010-cu il təvəllüdlü İsmixanova Sara Osman qızının yaşayış yeri və uşaqla ünsiyyətlə bağlı qarşılıqlı razılığa gələrək, barışıq sazişi bağlamışdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasının müəyyən edilməsi və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulmasının müəyyən edilməsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, ** nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çat mayan uşaqların valideynlərin hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ##.##.2016-cı il tarixli, *-*/**** nömrəli qərarının 8.4-cü bəndi yeni redaksiyada verilmiş, həmin bəndin 8.4-1-ci yarımbəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər Qeyd olunan qərarın 8.4-2-ci yarımbəndəində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdriyyəti(borclunun qəsmi iş yerinin olduğu halda işəgötürən,rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması nəticəsində tərəflərin birgə yaşamasının və ailənin qorunub saxlanmasının qeyri-mümkünlüyü müəyyən edildi. Belə olan halda tərəflər arasında olan nikah pozulmalı, ##.##.2010-cu il təvəllüdlü İsmixanova Sara Osman qızının yetkinlik yaşına çatanadək saxlanması üçün ##.##.2025-ci il tarixdən başlayaraq cavabdeh İsmixanov Osman Aydın oğlundan İsmixanova İlahə Polad qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2019-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Həmçinin həmin Qərarda məhkəmələrə nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyə edilmişdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında iddia tələbi mövcud deyildir. Buna görə də tərəflərə izah edilməlidir ki, onlar Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaqda haqlıdırlar. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı İsmixanova İlahə Polad qızı ilə cavabdeh İsmixanov Osman Aydın oğlu arasında ##.##.2004-cü ildə Gəncə şəhər Nizami rayon VVADQ şöbəsində 311 nömrə ilə qeydə alınmış nikah pozulsun. ##.##.2010-cu ildə anadan olmuş İsmixanova Sara Osman qızının yetkinlik yaşına çatanadək saxlanması üçün ##.##.2025-ci il tarixdən başlayaraq cavabdeh İsmixanov Osman Aydın oğlundan İsmixanova İlahə Polad qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Tərəflərə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququna malik olmaları izah edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar