Məhkəmə qərarları › İş №2(017)-2228/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2228/2025

15.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2228/2025 15.01.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların nikahından 3 uşaq olub, ikisi - xx.xx.2008-ci il tarixdə doğulmuş X4 və xx.xx.2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatmamışdır. Uşaqlar onun yanında qalır. Uşaqlardan xx.xx.2007-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatmışdır. İlk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan birgə yaşayışları mümkün olmamış, ailə münasibətləri pozulmuş və hazırda bir yerdə yaşamırlar. Barışıq üçün vaxt verilməsinə baxmayaraq aralarında barışıq əldə olunmamışdır. Ailənin bərpası mümkün deyildir. Ona görə də nikahın pozulması, uşaqların onun yanında saxlanması və hər ay hər uşağa görə cavabdehdən 235 manat aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, İddiaçı ilə faktiki nikaha daxil olmaqla ailə qurmuş, nikahlarını xx.xx.2008-ci il tarixdə rəsmiləşdirmişlər. Onların nikahından xx.xx.2007-ci il tarixdə X5, xx.xx.2008-ci il tarixdə X4 və xx.xx.2017-ci il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Uşaqlardan xx.xx.2007-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatmışdır. Uşaqlar anasının yanında qalır. İlk vaxtlar cavabdehlə münasibətləri yaxşı olsa da, sonradan birgə yaşayışları mümkün olmamış, ailə münasibətləri pozulmuş və hazırda bir yerdə yaşamırlar. Ailənin bərpası mümkün deyildir. Uşağın anasının yanında saxlanmasına etiraz etmir. Nikahın pozulmasına razıdır. Barışıq üçün vaxt verilməsinə baxmayaraq barışıq əldə olunmamışdır. Aliment ödəməyə maddi imkanı yoxdur. Ona görə də iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər xx.xx.2008-ci il tarixdə Ağcabədi rayon Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2008-ci il tarixdə X4 və xx.xx.2017-ci il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, tərəflərə barışıb ailəni bərpa etmələri üçün 3 ay vaxt verilmiş, lakin onlar bu müddət ərzində barışmamışlar və hazırda da iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinin tələbinə görə nikah pozulduqdan sonra məhkəmə yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qaldığını müəyyən edir. Məhkəmə təhqiqatı zamanı həmçinin müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 adlı uşaqları anaları İddiaçı yanında yaşayır və iddiaçı tərəf bundan sonra da uşağın anasının yanında qalmasını istəyir. Ona görə də həmin uşaqların anaları İddiaçı yanında qalması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. xx.xx.2008-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1, 20.1 və 20.2-ci maddələrini nikahın pozulmasına dair iddia tələbinin qanuni əsası kimi qəbul edərək hesab edir ki, iddia qismən təmin edilməli, ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkün olduğundan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Ağcabədi rayon Qeydiyyat şöbəsində bağlanmış, 367 nömrəli nikah akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalı, uşaqlar İddiaçı yanında saxlanmalı, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və uşağın mənafeyi ilə üzərinə aliment öhdəliyi qoyulan valideynin maddi imkanları arasında ədalət tarazlığına riayət olunması zərurəti nəzərə alınmaqla, tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh hər uşağa sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamənin aliment hissəsi dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Ağcabədi rayon Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2008-ci il tarixli, 367 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. X4 və X3 anaları İddiaçı yanında saxlanılsın. xx.xx.2008-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar