Məhkəmə qərarları › İş №2(010)-2581/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2581/2023

11.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2581/2023 11.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X11 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçınin Cavabdeh qarşı tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İşin halları:

1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisi ünvanında müqavilə əsasında ünvan 2tda olan X1 xx.xx.2015-ci il tarxidə aldığı 0,0230 ha torpaq sahəsi ona məxsusdur. Özü 2-ci qrup əlil olduğundan, övladları təhsil aldığı üçün indiyə qədər aldığı torpaq sahəsində heç bir iş görə bilməmişdir. Ona aid qanuni torpaq sahəsinə 2020-ci ilin sentyabr ayında baxış keçirdiyi zaman Biləsuvar rayonu, Ağayrı kəndinin sakini, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh tərəfindən qanunsuz tikintinin olduğunun şahidi olmuşdur.

İddiaçının tələbi:

2. Ona (iddiaçıya) aid olan qanuni torpaq sahəsinə baxış keçirilməsi, həmin torpaq sahəsinin sökülüb əvvəlki vəziyyətinə qaytarılması və söküldükdən sonra həmin torpaq sahəsinin yenidən ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək, ona aid torpaq sahəsində olan tikilinin sökülərək torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, izahatında qeyd etdi ki, mübahisəli ərazini 2015-ci il tarixdə almış, icarəyə götürmüşdür. Uşaqlarından biri kollecdə, biri Hərbi Akademiyada təhsil aldıqları üçün torpağı aldıqdan sonra həmin torpaq sahəsində tikinti işləri aparmağa imkanı olmamışdır. Həmin əraziyə baxış keçirərkən onun ərazisinin bir hissəsində tikili olduğunu, tikilinin üzərində “satılır” yazısı və nömrə olduğunu görmüşdür. Tikilinin üstündəki nömrəyə zəng etmiş, tikilinin yerləşdiyi ərazinin bir hissəsinin onun olduğunu bildirmişdir. Sonradan tikilinin üzərindəki “satılır” yazısı silinmiş, nömrə isə qalmışdır. Hətta onun ərazisinin qalan hissəsində də başqa şəxs tikinti işləri aparmış, o, İcra Hakimiyyətinə bu barədə torpaq sahəsinin çıxarışı ilə birlikdə ərizə ilə müraciət etdikdən sonra həmin tikili sökülmüşdür. Hazırkı halda isə sözügedən tikilinin sökülməsi üçün 3 ildən çoxdur Polis və digər dövlət orqanlara müraciət edir. Cavabdeh işığı, qazı yaxın zamanlarda çəkdirmişdir, belə ki, Abşeron Rayon Məhkəməsində hazırkı iş baxılanda işıq, qaz çəkilməmişdi. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, izahatında qeyd etdi ki, atası orda işlədiyinə görə mübahisəli ərazi 1991-ci il tarixdə ona verilmişdir, daha doğrusu 2011-ci il tarixdə bir neçə nəfərin payları bölündükdən sonra ona da tikilinin yerləşdiyi ərazi verilmişdir. Paylar bölündükdən sonra sədd çəkilmiş, onlara bildirilmişdir ki, həmin səddin yerləşdiyi əraziyə keçilməməlidir, çünki, o hissə İcra Hakimiyyətinə məxsusdur. 2012-ci il tarixdə imkanı olduqca tikinti işləri aparmışdır. Tikinti işlərini məhkəməyə təqdim etdiyi sənəd əsasında İcra və Polis orqanlarının icazəsi ilə aparmışdır. Həmin tikilidə 5 uşağı ilə birlikdə qalmışdır. Başqaları kömək edib quyu da qazılıb. İcra nümayəndəsi ona peçatsız kağız vermiş və bildirmişdir ki, kim narahat etsə bu kağızı göstər. Qışda həmin tikilidə, yayda ilanlar olduğuna görə uşaqları ilə birlikdə kənddə kirayəda yaşayıb. Xəstə olduğuna görə əvvəlcə evi satmaq istəmiş, sonra satmamaq qərarına gəlmişdir. Tikiliyə köçdükdən sonra heç kim onu naraat etməyib. Ona zəng gəlməyib, iddiaçı qonşuluqda torpaq aldıqdan sonra ona yaxınlaşaraq onu məhkəməyə verəcəyini, məhkəmədə torpağın onun olduğunu deməsi barədə ona hədə-qorxu gəlmişdir. Tikilidə qaz, işıq əvvəl olmayıb, qonşudan istifadə edib, keçən il qaz və işığı çəkdirmişdir. Həmin ərazidə əkin əkmişdir. Buna görə də, qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

İş materiallarına əlavə edilmiş:

6. İddiaçı ilə X2 etibarnamə üzrə nümayəndəsi X3 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 3M-04/1199 nömrəli müqavilədən görünür ki, X7 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş ********** saylı elektron arayışa, xx.xx.2014-cü il tarixdə 586 kitab, 74 vərəq, **********27 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli çıxarışa və xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 4129 saylı məktuba əsasən ona məxsus olan Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisi ünvanda yerləşən xx.xx.2013-cü ildən başlayaraq 99 illik 1.0 ha torpaq sahəsinin icarə hüquqlarından 0,0230 ha torpaq sahəsinin icarə hüquqlarını İddiaçı 5750 manata satmışdır. İddiaçı həmin icarə hüquqlarını almışdır. Müqavilə bağlananadək həmin torpaq sahəsinin hüququ yüklü edilən şəxs – Abşeron Rayon İcra Hakimiyyəti və başqa heç bir şəxs, idarə, təşkilatlarda yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Müqavilə Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu Sadıqov R.Z. tərəfindən təsdiq edilmiş, topaq sahəsinin daimi istifadə hüquqlarının X4 məxsus olması yoxlanılmışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixli 230 nömrəli icarə müqaviləsi və xx.xx.2015-ci il tarixli, 3M-04- 1199 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasında xx.xx.2013-cü il tarixindən başlayaraq 99 il müddətinə Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,023 ha torpaq sahəsi İddiaçı xeyrinə icarə hüququ əsasında yüklü edilmişdir. Hüququ yüklü edilən şəxs qrafasında Abşeron Rayon İcra Hakimiyyəti, hüququn əvvəlki yüklülüyü qrafasında X7, yüklü edilən əmlakın reyestr nömrəsi qrafasında **********84, qeydiyyat nömrəsi qrafasında **********, qeydiyyat tarixi qrafasında xx.xx.2015-ci il qeyd edilmişdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, **********84 reyestr nömrəli dövlətin mülkiyyətində olan Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,023 ha sahəsi olan torpaq sahəsinin hüquq sahibi Bakı şəhəri notariusu R.Z.Sadıqov tərəfindən təsdiq olunan, xx.xx.2015ci il tarixli 3M-04/1199 nömrəli torpaq sahəsinin istifadə (və ya icarə) hüququnun satılmasına dair alqı-satqı müqaviləsi əsasında İddiaçıdur.

9. Abşeron rayon Donuzkökəltmə sovxozunun 19.Vİİİ.1991-ci il tarixli, 108 saylı əmrindən çıxarışdan görünür ki, Abşeron RİK-nin 26.İİİ.1991-ci il tarixli, 47 nömrəli qərarına və sovxoz Həmkarlar İttifaqı Komitəsinin qərarına (16.Vİİİ.1991-ci il tarixli, 7 nömrəli protokol) uyğun olaraq fərdi ev tikdirmək üçün aşağıdakıların hər birinə 0,025 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır – İ. Cavabdeh.

10. Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yaşayan bir qrup sakin tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanan aktdan görünür ki, X5, X8, Hüseynov Mədət, Ağayeva Məhsəti tərəfindən akt tərtib edilmişdir, ondan ötrü ki, həqiqətən onlar 2010-cu ildən sonra bu ərazidə yaşayırlar və onlar bura köçərkən qonşuları Cavabdeh artıq tək bir ev şəklində burda yaşıyırdı.

11. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh, həqiqətən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda qeydiyyatsız yaşayır.

12. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3709/2022 saylı qərardadı ilə mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssislərinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılması qərara alınmışdır. Həmin qərardad əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, **********11 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən daş hasara alınaraq faktiki istifadəsində olan 0,0251 ha torpaq sahəsinin 79 kv.metr (0,0079 ha) hissəsi Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı Çıxarışa əsasən İddiaçı icarə müqaviləsi əsasında məxsus olan Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,0230 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində düşür.

13. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3709/2022 saylı qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 10/499 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********11 nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh tərəfindən daş hasara alınaraq faktiki istifadəsində olan 0,0251 ha torpaq sahəsinin 79 kv.metr (0,0079 ha) hissəsinin Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı Çıxarışa əsasən İddiaçı icarə müqaviləsi əsasında məxsus olan Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,0230 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində düşdüyü müəyyən olunmuşdur.

14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə ünvanlanan 15 may 2023-cü il tarixli sorğusuna Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin cavab məktubundan görünür ki, məhkəmə tərəfindən surəti təqdim edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli çıxarışa əsasən müəyyən edilmişdir ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən və kateqoriyası: “kənd təsərrüfatı təyinatlı torpaqlar” olan sözügedən 0,023 ha torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında vətəndaş İddiaçı ayrılmışdır. Təqdim olunan coğrafi koordinatlara əsasən (1. x-421647.00; y- 4476511.28, 2. x-421663,96; y-4476510.13, 3. x-421662.75; y-4476496.08, 4. x- 421647.17; y-4476497.18) sözügedən 0,023 ha torpaq sahəsinin yerləşdiyi ərazi Suraxanı rayonunun inzibati ərazisində yerləşir və hal-hazırda Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində saxlanılmışdır.

15. Cavabdeh tərəfindən "xxxx" QSC-yə ünvanlanan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh Xəzər, Binə qəsəbəsi ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinin öz şəxsi vəsaiti hesabına qazlaşdırılması və abunəçi kodunun açılmasına köməklik göstərilməsini xahiş etmişdir.

16. Cavabdeh və "xxxx" QSC arasında bağlanan müqavilədən görünür ki, "xxxx" QSC Cavabdeh məxsus Xəzər, Binə qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin qazlaşdırılması işlərini yerinə yetirmişdir.

17. xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzin surətindən görünür ki, abunə kodu **********40243 olan şəxs tərəfindən Azərişıqın hesabına 10 manat məbləğində kommunal ödəniş edilmişdir.

18. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Xəzər, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən torpaq sahəsində tikili inşa edilmişdir.

19. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)- 203/2023 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələbi barədə mülki iş ərazi məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

23. Azərbaycan Respublikasının 01 yanvar 1971-ci il tarixdən 01 aprel 1992-ci il tarixədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 20-ci maddəsinin 4-cü hissəsinə əsasən kənd xalq deputatları Sovetlərinin icraiyyə komitələri kolxozların, sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin, idarələrinin, təşkilatlarının istifadəsindəki torpaqların tərkibinə daxil olmayan kənd yaşayış məntəqələri torpaqlarından və bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada kənd xalq deputatları Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. 92-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən sovxozlar və digər dövlət kənd təsərrüfatı müəssisələri, idarələri və təşkilatları daimi işləyən fəhlələrə və qulluqçulara, habelə kənd yerlərində işləyən və sovxozun, yaxud digər dövlət kənd təsərrüfatı müəssisəsinin, idarəsinin, təşkilatının ərazisində yaşayın müəllimlərə, həkimlərə və başqa mütəxəssislərə həyətyanı sahələr üçün nəzərdə tutulan torpaqlardan, tikililərin yerləşdiyi sahə də daxil olmaqla, hə ailəyə 0,25 hektaradək, suvarılan torpaqlarda isə bunun yarısı qədər həyətyanı torpaq sahələri və ya bostanlar verirlər. Həyətyanı sahələr və bostanlar sovxoz və ya digər kənd təsərrüfatı müəssisəsi, idarəsi və təşkilatı müdiriyyətinin əmri ilə ayrılır.

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Məhkəmənin mövqeyi:

25. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır.

26. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,023 ha torpaq sahəsi 99 il müddətinə icarə hüququ üzrə xx.xx.2015-ci il tarixdə dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. İddiaçı 2020-ci ildə əraziyə baxış keçirərkən orada cavabdeh tərəfindən qanunsuz tikinti aparıldığını bildirərək, ona aid torpaq sahəsində tikilmiş tikilinin sökülməsini və torpaq sahəsinin ona təhvil verilməsi barədə iddia qaldırmışdır. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, onun istifadəsində olan ərazinin 1991-ci ildən Abşeron rayon İcraiyyə Komitəsi tərəfindən ona verildiyini, 2011-ci il tarixdə bir neçə nəfərin payları bölündükdən sonra ona da tikilinin yerləşdiyi ərazinin verildiyini, 2012-ci ildən imkanı olduqca tikinti işləri apardığını bildirmişdir. Məhkəmə tərəfidnən mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, həmin rəylə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən daş hasara alınaraq faktiki istifadəsində olan 0,0251 ha torpaq sahəsinin 79 kv.metr (0,0079 ha) hissəsi Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı Çıxarışa əsasən İddiaçı icarə müqaviləsi əsasında məxsus olan Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,0230 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində düşür.

27. Məhkəmə qeyd edir ki, cavabdehə fərdi yaşayış evinin tikintisi üçün 0,025 ha torpaq sahəsinin ayrılması barədə Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmri mövcuddur. Həmin əmr ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir.

28. Mülki Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

29. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli Qərarınada qeyd edilmişdir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma, Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Məhkəmə xərcləri:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

31. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. İddia rədd edildiyi üçün ödənilmiş 50 manat məbləğində məhkəmə-mühəndistexniki ekspertizasının keçirilməsinə sərf olunmuş xərc iddiaçıya aid edilməli və ondan tutularaq dövlət nəfinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

33. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ona aid olan torpaq sahəsindəki tikilinin sökülərək ona təhvil verilməsi barədə iddiası təmin edilməməli, ekspertizanın keçirilməsinə sərf olunmuş xərc iddiaçıdan tutularaq dövlət nəfinə ödənilməlidir.

34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı ona aid olan torpaq sahəsindəki tikilinin sökülərək, torpaq sahəsinin ona təhvil verilməsi barədə iddiası təmin edilməsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsinə sərf olunmuş 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar