Məhkəmə qərarları › İş №2(010)-2593/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2593/2020

10.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2593/2020 10.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı Çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanındakı mənzildən istifadə hüququnun olmaması (istifadə hüququna xitam verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia ərizəsinə dəqiqləşmə edərək, Cavabdeh ünvan 1 ünvanındakı mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı Çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvamndakı mənzili xx.xx.2016-cı ildə alqı-satqı müqaviləsi əsasında Cavabdeh almışdır. Alqı-satqı müqaviləsinin 16-cı bəndinə əsasən müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 60 (altmış) gün müddətinə müqavilə predmetini olan mənzildə qeydiyyatda olan şəxslərlə birlikdə (satdığı mənzildən) qeydiyyatdan çıxması barədə satıcının üzərinə düşən vəzifəsini bu günə kimi icra etməmişdir. Belə ki, Cavabdeh hal-hazırda adı çəkilən mənzildə qeydiyyatdadır. Cavabdehin həmin mənzildə qeydiyyatda olması ona əlavə kamunal xərclərə yol açır və evlə bağlı sənədləşmə işlərində maneələr yaradır. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul edərək bildirdi ki, o, mənzilin əvvəlki mülkiyyətçisidir və formal olaraq qeyd olunan mənzildə qeydiyyatda qalmışdır. Buna görə də iddia tələbini qəbul edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ona məxsus ünvan 1ünvanını İddiaçı satmışdır. Müqavilənin 16-cı bəndinə əsasən satıcı xx.xx.2016-cı il tarixdən qeydiyyatdan çıxmaq öhdəliyi götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1ünvanına məxsus 1/2 hissə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2017-ci il tarixdə, digər 1/2 hissə isə X1 adına xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 187 nömrəli reyestr kitabının 17234 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* №-li arayışından görünür ki, Cavabdeh ünvan 1ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, iddiaçı ünvan 1 ünvanını xx.xx.2016-cı il tarixdə almışdır. Qeyd olunan mənzil İddiaçı adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 187 nömrəli reyestr kitabının 17234 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hal-hazırda həmin ünvandakı mənzil onun xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Belə ki, alqı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdeh göstərilən ünvandakı fərdi yaşayış evində yaşamasa da, formal olaraq bu mənzildə bu günə kimi qeydiyyatda qalmışlar. Bununla yanaşı, mülki və mənzil qanunvericiliyi mənzildən istifadə hüququnun itirilməsinin qanuni və müqavilə rejimini nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsini, 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 87-ci maddəsində daimi yaşamaq üçün başqa yaşayış yerinə getdiyi halda icarədar və ailə üzvlərinin keçmiş yaşayış sahəsindən istifadə hüququnun itirilməsini, yeni Mənzil Məcəlləsinin 30.4-cü maddəsində mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda keçmiş ailə üzvünün həmin mənzildən istifadə hüququnun itirilməsi və s. kimi hallar nəzərdə tutulur. Eyni zamanda, Mülki Məcəllənin 386-cı maddəsi öhdəlik tərəfləri arasında bağlanmış müqaviləni öhdəliyin əmələ gəlməsi əsaslarından biri hesab edir. Həmin Məcəllənin 385.1.-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarından göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəliyi nəzərdə tutulmuş müddətdə yerinə yetirmədiyi üçün, iddiaçının bunu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış sahəsinə istifadə hüquqları itiriməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 2ünvanından istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar