Məhkəmə qərarları › İş №2(010)-2605/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2605/2022

23.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2605/2022 23.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, D yaşayış sahəsi, bina 30, mənzil 97-dən istifadə hüquqlarına xitam verilməsi, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, D yaşayış sahəsi, bina 30, mənzil 97-dən qeydiyyatdan çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, bina 30, mənzil 97 Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən tam pay hüququ ilə ona məxsusdur. Cavabdeh onun oğludur. 2008-ci ildə daimi yaşamaq üçün X7 köçüb getmiş, orada ailə qurmuş, hazırda da orada yaşayır. 2008-ci ildən sonra o, Azərbaycan Respublikasına, hazırda qeydiyyatda olduğu mənzilə qayıtmamış, mənzildən istifadə etməmişdir. Halhazırda da onun cavabdehlə əlaqəsi yoxdur. Sonuncu dəfə X4 keçirdiyi toy mərasimindən (2008-2009-cu illərdə) fotoşəkilləri göndərmiş və ondan sonra onunla əlaqə saxlamamışdır. Cavabdeh mübahisəli mənzildən uzun müddət (14 il müddətində) və davamlı olaraq könüllü istifadə etməmişdir, çünki onun mənzildəki yaşayış sahəsinə olan ehtiyacı olmamış və mənzillə bağlılığını da itirmişdir. 2008-ci ildən cavabdehin yaşayış yeri X2muşdur. Hazırda cavabdehin mənzilində qeydiyyatda qalması onun mənzilə mülkiyyətçi kimi sərəncam vermək, öz mülahizəsinə uyğun istifadə etmək hüquqlarını pozur. Belə ki, ona məxsus olan evini satmaq, bağışlamaq, ipoteka qoymaq və digər məqsədlər üçün cavabdehin razılığı tələb olunur, o isə artıq 14 ildir ki, onu görmür, 14 ildir ki, cavabdeh başqa ölkədə daimi yaşayır, cavabdehin mənzilə qeydiyyatda qalması onun mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından cavabdehin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını istəyir. İddia tələbinin dəqiqləşdirilməsi. Daha sonra iddiaçının vəkili ərizə ilə məhkəməyə müraciət edərək, yalnız cavabdehin mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh onun oğludur. Oğlu əvvəllər Bakıda yaşamış, lakin sonra Bakıya ingilis dili müəllimi kimi gəlmiş bir amerikalı qadınla tanış olmuşdur. Belə ki, oğlu da xarici vətəndaşlara azərbaycan dilini öyrətməklə məşğul olmuş, həmin qadınla da bu yolla tanış olmuşdur. Bir müddət sonra həmin qadın ABŞ-a qayıtsa da oğlu Zaur qadınla əlaqəni kəsməmişdir. Sonra ona demişdir ki, həmin qadınla evlənmək istəyir. O, buna razı olmasa da oğlu buna məhəl qoymamış, qadının arxasınca ABŞ-a getmiş, artıq çatması barədə ona məlumat vermişdir. Təxminən 1-2 ay sonra isə həmin qadınla evləndiyini demiş, lakin toya valideynlərini çağırmamışdır. Hesab edir ki, valideynlərini “özünə yaraşdırmamışdır”. Toydan şəkilləri də xeyli sonra onlara göndərmişdir. Bununla belə həmin vaxtlar az da olsa əlaqələri olmuş, birinci və ikinci uşaqları doğulduqdan sonra da onlara bu barədə məlumat vermişdir. 2011ci ildən etibarən isə əlaqələri tamamilə kəsilmişdir. Belə ki, mobil telefonuna nə vaxt zəng vursa, telefona cavab vermir, sadəcə ingilis dilində “mesajınızı qoyun” deyilir. Qızı (iddiaçının) da ona zəng edəndə həmişə “odboy verir”. Onun hazırda ailəsi, iki uşağı ilə birlikdə ABŞ-ın ya Texas, ya da Missuri ştatında yaşaması barədə məlumatı var. Həm də onlara NATO-da işləməsi barədə məlumat vermişdir. Lakin artıq onunla heç cür əlaqə saxlaya bilmir. Oğlu artıq uzun müddətdir ki, ABŞ-da yaşamasına, Azərbaycana qayıtmamasına baxmayaraq, hələ də onun mənzildə qeydiyyatdadır. Belə ki, bu mənzil hələ 1994-cü ildə onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, elə həmin vaxt da ailəsi, eləcə də oğlu ilə birlikdə bu mənzilə köçmüş, oğlu da ABŞ-a köçənə qədər həmin mənzildə yaşamışdır. Lakin 2008-ci ildən bəri onun bu mənzillə heç bir əlaqəsi qalmamışdır. Buna baxmayaraq, mənzildə formal da olsa qeydiyyatda qalmağa davam edir. Bu isə onun üçün bəzi çətinliklər yaradır. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh iddiaçının oğludur. O, 2008-ci ildə ABŞ-a köçmüş, bir daha geri qayıtmamışdır. Cavabdeh hazırda valideynləri ilə nə əlaqə saxlayır, nə də onların zənglərinə cavab verir. Cavabdehin uzun müddətdir Azərbaycanda olmamasını həm də onun şəxsiyyət vəsiqəsi təsdiq edir. Belə ki, o, vəsiqəni 2008-ci ildə almış, həmin vaxt 23 yaşı olmuşdur. Bu o deməkdir ki, artıq 25 yaşı olanda, yəni 2010-cu ildə yeni vəsiqə almalı idi. Hətta artıq onun köhnə vəsiqəsinin etibarlılıq müddəti də bitmişdir. Buna baxmayaraq, cavabdehin adına yeni vəsiqə verilməmişdir. Bundan başqa, onun uzun müddətdir ölkə xaricində olduğunu, qeydiyyatda olduğu mənzillə heç bir əlaqəsi qalmadığını təsdiq edən şahidlər də var. Buna baxmayaraq, cavabdehin iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarına müdaxilə təşkil edir, ona bununla bağlı problemlər yaradır. Bu səbəbdən hesab edir ki, cavabdehin heç bir əlaqəsinin qalmadığı bu mənzildən formal istifadə hüququna xitam verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X5 xüsusi mülkiyyəti kimi xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında X9, Cavabdeh, X1, X6 qeydiyyatdadırlar. 178 saylı MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, bina 30, mənzil 97-də yaşamır. Şahid ifadələri. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X1 bildirdi ki, o, iddiaçı X5 əri, Cavabdeh isə atasıdır. Oğlu Cavabdeh universiteti bitirdikdən sonra ABŞ-a getmişdir. Belə ki, o, Bakıda bir amerikalı qızla tanış olmuş, bir müddət sonra onunla evlənmək istədiyini demişdir. Oğlu özü bir neçə xarici dil bilmiş, elə qızla da xarici dil kursunda tanış olmuşdur. Zaur həmin qızla evlənmək istədiyini deyəndə onlar buna qarşı çıxmışlar. Bununla belə o, qızla evlənmək üçün ABŞ-a getmiş, gedəndə onlara bəlkə geri qayıda biləcəyini demişdir. Lakin bir daha geri qayıtmamış, 2010-cu ilin sonlarından etibarən isə tamamilə əlaqələri kəsilmişdir. Belə ki, ona nə vaxt zəng etsələr telefona “avtomat” cavab verir, özü isə zənglərini cavablandırmır. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X6 bildirdi ki, İddiaçı onun anası, Cavabdeh isə qardaşıdır. Qardaşı hazırda ABŞ-da yaşayır. Belə ki, o, 2008-ci ildə amerikalı bir qadınla tanış olmuşdur. Həmin qadın “conversation club” dil danışıq mərkəzində işləmiş, qardaşı da həmin klubda onunla tanış olmuşdur. Sonra, 2008-ci ilin yay aylarında qardaşı həmin qadınla birlikdə ABŞ-a getmişdir. O, ABŞ-a getdiyi ilk vaxtlar onlarla “facebook” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, onlara toy şəkillərini, uşaqlarının şəkillərini göndərmişdir. Lakin sonradan onu həm “facebook”dan, həm də “whatsapp”dan “bloka atmışdır”. Hətta atası əməliyyat olan vaxt başqa nömrədən ona atasının əməliyyata girməsi barədə yazmış, atası ilə beş dəqiqə danışmasını xahiş etmişdir. Lakin o, mesajı oxusa da cavab verməmişdir. Ondan əvvəl də anasının xərçəng xəstəsi olması barədə qardaşına məlumat yazmış, lakin o, heç bir reaksiya verməmişdir. Hal-hazırda onun “facebook” hesabı açıq olsa “blokda” olduğundan başqa hesabdan onun profilini izləyə bilir. Onun “instagram” profilini izləsə də oradan yazmır ki, onu oradan da “bloklamasın”. Çünki orada müxtəlif şəkillər və s. paylaşır və o da qardaşını izləyir. Bununla belə artıq 10 ildən artıqdır ki, heç bir əlaqələri qalmamışdır. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X10 bildirdi ki, iddiaçı X9 onun qayınanası, Cavabdeh isə qaynıdır. O, iddiaçının qızı ilə 2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Buna baxmayaraq, qardaşı Zauru heç vaxt görməmişdir. Əslində toydan əvvəl yoldaşının Zaur adında bir qardaşı olduğunu bilmişdir. Belə ki, yoldaşı ona bu barədə məlumat vermiş, qardaşının ABŞ-da bir xanımla ailə qurub orada yaşadığını demişdir. Bildiyinə görə Zaur orada hərbçi kimi işləmişdir. Lakin o, Zaurla heç vaxt tanış olmamış, ancaq onun şəkillərini görmüşdür. Bəzən həyat yoldaşı söhbət vaxtı ona qardaşının ailəsi ilə heç maraqlanmamasından gileylənmişdir. İşin faktiki halları. ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.1994-cü il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı həmin vaxtdan ailə üzvləri ilə birlikdə bu mənzildə yaşamış, həmin mənzildə İddiaçı başqa, onun ailə üzvləri – oğlu Cavabdeh, qızı X6 və əri X1 da yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edən İddiaçı oğlu Cavabdehovun 2008-ci ildən bəri ölkəni tərk etdiyini, ABŞ-a köçdüyünü, orada ailə qurduğunu, ailəsi ilə birlikdə hal-hazırkı tarixədək ABŞ-da yaşadığını, orada işlədiyini, dolayısı ilə Bakıda qeydiyyatda olduğu mənzillə heç bir əlaqəsi qalmadığını bildirərək, məhkəmədən oğlunun ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş şəxslər iddiaçının qeyd etdiklərini təsdiqləmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarı: 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982): Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarı: Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı, hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 53. İddianın dəyişdirilməsi. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi. İşin faktiki hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.1994-cü il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, iddiaçı həmin vaxtdan ailə üzvləri ilə birlikdə bu mənzildə yaşamışdır. Eyni zamanda, Cavabdeh da iddiaçının ailə üzvü (oğlu) kimi bu mənzildə iddiaçı ilə birlikdə yaşamışdır. Beləliklə, tərəflər arasında mübahisəli hüquq münasibətləri (cavabdehin evdən istifadə hüququ) 2000-ci ildən əvvəl yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mülki mübahisənin həlli üçün tərəflər arasında hüquq münasibəti yaranan vaxt qüvvədə olmuş, yəni 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi tətbiq edilməlidir. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsi (1982) isə yaşayış sahəsindən müvəqqəti başqa yerə gedənin yaşayış sahəsinin cəmi altı ay saxlanıldığını müəyyən etmiş, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməyi isə icarə müqaviləsinin pozulması, beləliklə, yaşayış sahəsinin itirilməsinin əsası kimi qiymətləndirmişdir. Burada həlledici məqam həmin Məcəllənin 87-ci maddəsində göstərilmiş “daimi yaşamaq üçün getmək” şərtinin müəyyən edilməsidir. Hazırkı işdən görünür ki, Cavabdeh evi könüllü şəkildə tərk etmiş, ABŞ-da ailə qurmuş, hazırkı tarixədək heç vaxt geri qayıtmamışdır. Bu səbədən məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində müəyyən edilmiş “daimi yaşamaq üçün getmək” şərti hazıkı işdə müəyyən edildiyindən Cavabdeh iddiaçının mülkiyyətindəki mənzildə olan yaşayış sahəsini itirmişdir. Odur ki, İddiaçı Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlı olmuşdur. Son olaraq o da qeyd edilməlidir ki, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 9). Odur ki, bu qətnamə Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar