Məhkəmə qərarları › İş №2(010)-2609/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2609/2021

17.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2609/2021 17.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, ünvan 1 fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh və uşaqları X3, X6, X1 Bakı şəhəri, ünvan 1 fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, şimal yaşayış sahəsi, 9-cu döngə, 16 saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının gəlinidir, oğlu bir ildən çoxdur ki rəhmətə getmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, cavabdeh hazırda Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatdadır. Cavabdeh övladları ilə birlikdə sözügedən evdə yaşayır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisəli evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ 2008-ci ildən mövcud olsa da, evin ilkin qeydiyyatı isə 2018-ci ildə baş tutmuşdur. Cavabdeh 2008-ci ildən həmin evdə yaşayır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbinə dair məhkəməyə məlumat verməmiş, eləcə də işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 25 may 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, o, iddiaçının oğlu ilə rəsmi nikahda olmuşdur. Əri bir neçə il öncə vəfat etmişdir. Ərinin sağlığında, yəni 2008-ci ildən iddiaçıya məxsus evdə yaşamış və hazırda da üç uşağı ilə birlikdə həmin evdə yaşayır. Sözügedən mənzildə 2018-ci ildən qeydiyyatdadır. Onun uşaqları ilə birlikdə başqa yaşayış yeri yoxdur. İş materiallarına əlavə edilmiş: RX seriyalı ******* saylı 28.01.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, 9-cu döngə, ev 16 İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Asan 4 xidmətinin 10.08.2020-ci il tarixli "yaşayış yeri üzrə qeydiyyat haqqında" ******* saylı arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, 9-cu döngə, ev 16-da X5, İddiaçı Azər qızı, X2, Cavabdeh, X3, X6, X4 pasport qeydiyyatındadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə hazırki mülki işlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında deyilir: Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə müəyyən edir ki, oğlunun Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, 9-cu döngə, 16 saylı ev tam pay hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının oğlu ilə rəsmi nikahda olmuş, lakin o, bir müddət öncə vəfat etmişdir. Cavabdeh ərinin sağlığında, yəni 2008-ci ildən mübahisəli evdə yaşamış və hazırda da övladları ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh və övladları sözügedən mənzildə 2018-ci ildən pasport qeydiyyatındadır. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin və övladlarının ona məxsus olan mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir, cavabdeh isə iddia tələbi ilə razılaşmır. Məhkəmə həmçinin müəyyən edir ki, cavabdehin yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən məhdud əşya hüququ notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eləcə də məhkəmə diqqətə çatdırır ki, Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarı) Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq müddəaları əsasında (15-17-ci fəsil) iddiaçı ilə birlikdə ona məxsus mənzildə yaşamaq və iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxslər sırasına daxil deyil, ona görə də o, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Cavabdehin iddiaçının mülkiyyətində olan əmlakın tərkib hissəsindən istifadə imkanını təmin edən məhdud əşya hüququ mövcud olmadığından, onun sözügedən mənzildə rəsmi qeydiyyatda olması məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmədiyindən, eləcə də iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxslər sırasına daxil olmadığından məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslıdır və təmin edilməli, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, 9-cu döngə, 16 saylı evdən çıxarılmalıdır. İddia tələbinin “cavabdehin övladlarının da onunla birlikdə mübahisəli evdən çıxarılması” hissəsinə münasibətdə məhkəmə vurğulayır ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehin övladları - 29.11.2007-ci il təvəllüdlü X3, 28.02.2009-cu il təvəllüdlü X6 və 24.05.2013-cü il təvəllüdlü X4 da anaları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, 9-cu döngə, 16 saylı evdən çıxarılmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, şəxsin yaşayış yerindən çıxarılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi həmin şəxsin qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və uşaqları X3, X6 və X4 Bakı şəhəri, ünvan 1 fərdi yaşayış evindən çıxarılsın. Tərəflərə izah edilsin ki, şəxsin yaşayış yerindən çıxarılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi həmin şəxsin qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar