Məhkəmə qərarları › İş №2(010)-2612/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2612/2023

29.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2612/2023 29.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 6 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 549 nömrəli nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. o, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə 6 saylı Bakı Asan Xidmət mərkəzində Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikaha daxil olmalarına baxmayaraq toy mərasimi keçirilməmiş və cavabdehlə aralarında ər-arvad münasibətləri olmamışdır, ümümiyyətlə bir yerdə bu günə kimi birlikdə bir evdə yaşamamışdırlar. Sadəcə validenlərinin təkidi ilə nikaha girsələr də, əslində heç birinin buna könlü olmamış və ailə qurub birlikdə yaşamaq fikrində olmamışdırlar. Nikaha girdikdən bir müddət sonra aralarındakı münasibətin alınmadığını görən valideynlər də onları evləndirməkdən və toy təyin etmək fikrindən əl çəkmişdirlər. Nikahda qalmaq formal xarakter daşıyır. Bu nikah onun qanuni hüquqlarını və maraqlarını pozduğu üçün qərara gəlmişdir ki, cavabdehlə bağlanmış nikah etibarsız hesab edilməlidir.

Tərəflərin izahatları

3. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda, məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 Leyla Bəhrəm qızının nikahın etibarsızlığı tələbini qəbul etdiyini, iddia tələbini etiraf edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə prosesində İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək nikahın etibarsız hesab edilməsini xahiş etdi.

İş materialları

5. AZ-İİ seriyalı 565601 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 549 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əhmədxanlı, arvada Əsədova soyadı verilmişdir.

6. Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, tərəflər arasında mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır.

İşin faktiki halları

7. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə nikahın bağlanması işin mübahisəsiz halıdır. Hazırda iddiaçı tərəf cavabdehlə nikaha daxil olsa da, lakin birlikdə yaşamadıqlarını və nikahın formal xarakter daşımaqla yalnız valideynlərinin təkidi ilə nikaha daxil olduqlarını qeyd edərək nikahın etibarsız sayılmasını xahiş edir. Cavabdeh tərəf də öz növbəsində iddia tələbi ilə razı olduğunu qeyd edir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlər 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Odur ki, heç kəs iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilə bilməz. Maddə 25. Nikahın etibarsız sayılması 25.1. Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3. Nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Maddə 26. Nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslər 26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); Maddə 28. Nikahın etibarsız sayılmasının nəticələri 28.1. Bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır.

9. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

Maddə 52.2. cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1 İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

Məhkəmənin mövqeyi

9. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.

10. Məhkəmə qeyd edir ki, tərəflər xx.xx.2023-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olsalar da, tərəflərin izahatı nəticəsində müəyyən edilmişdir ki, hər iki tərəfin nikaha daxil olmaq və ailə kimi bir yerdə yaşamaq niyyəti olmamışdır. Belə ki, iddiaçı bildirmişdir ki, onlar ailələrinin təkidi ilə nikaha daxil olmuşlar, sonradan isə nə onun, nə də cavabdehin ailə kimi bir yerdə yaşamaq fikri olmuşdur. Cavabdeh tərəfin nümayəndəsi iddiaçının dediklərini təsdiq etmişdir. Nikahın formal olması barədə tərəflər arasında mübahisə yoxdur. Eyni zamanda, cavabdeh tərəf iddia tələbini etiraf edir. İşin hallarına əsasən cavabdehin etirafı maddi və prosessual hüquq normalarının tələblərinə zidd deyildir, ona görə də, məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə tərəflər arasında bağlanmış nikah etibarsız hesab edilməlidir.

Məhkəmə xərcləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

12. Odur ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

13. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh Nobı̇ l oğlu arasında xx.xx.2023-cü il tarixdə 6 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 549 saylı nikah etibarsız hesab edilməlidir.

14. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh Nobı̇ l oğlu arasında xx.xx.2023-cü il tarixdə 6 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 549 saylı nikah etibarsız hesab edilsin. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar