Məhkəmə qərarları › İş №2(010)-2620/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-2620/2020

02.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2620/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili İsgəndərli Könül Teyyub qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus ünvan 1 ünvanında yerləşən 117 saylı mənzilə istifadə hüquqularının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 117 saylı mənzil 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdeh2 və digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ona məxsus ünvan 1 ünvanında yerləşən 117 saylı mənzildə qeydiyyatdadırlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ona məxsus mənzilin Cavabdeh2 əvvəlki mülkiyyətçiləridirlər və 1997-ci ildən bugünədək onun xüsusi mülkiyyətində olan mənzildə passport qeydiyyatındadırlar. Cavabdeh1 hazırkı mübahisəli mənzili xx.xx.1997-ci ildə Cavabdeh2 satmışdır. Həmin vaxt mənzildə qeydiyyatda olan cavabdeh buna razılıq vermişdir. Lakin mübahisəli mənzildən qeydiyyatdan bu günə kimi çıxmamışlar. Hazırda isə cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda olmaları mülkiyyətçi kimi onun hüquqlarını pozur. Cavabdeh2 ilə aralarında bağlanmış xx.xx.2020ci il tarixli AN-İ 089055 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 117 saylı mənzil onun xüsusi mülkiyyətinə keçmişdir. Həmin müqavilənin 13-cü bəndinə əsasən Cavabdeh2 qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq müqavilənin qeyd olunan bəndinin tələblərini kobud surətdə pozmuşdur. O, mənzili aldıqdan sonra əvvəlki mülkiyyətçi olan cavabdehlərlə əlaqə saxlamağa çalışsa da bu mümkün olmamışdır. Cavabdehlərlə hazırda əlaqəsi yoxdur, uzun müddətdir göstərilən ünvanda yaşamamalarına baxmayaraq, hələ də, ona məxsus mənzildə passport qeydiyyatından çıxmamışlar. Cavabdehlərin ona məxsus mənzilə olan qeydiyyatları formal xarakter daşıyır. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalmaları onun mülkiyyətçi kimi hüquqlarını pozur və o, əlavə olaraq kommunal xərcləri ödəməli olur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi İsgəndərli Könül Teyyub qızı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, iddia tələbini müdafiə edib onun təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi, həmçinin məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi, iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə məlumat verilmiş, lakin göndərilən məktublar geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qiyabi formada təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx xxx 2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən 117 saylı mənzil satıcı Cavabdeh2 tərəfindən alıcı İddiaçı satılmışdır. - Alğı-satqı müqaviləsinin aparılmasına dair notariat işinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 117 saylı mənzil 1996-cı ildə Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2020) surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 117 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. - “Elektron notariat” avtomatlaşdırılmış X1 görünür ki, ünvan 1 ünvanında yerləşən 117 saylı mənzildə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadırlar. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, ünvan 1 ünvanında yerləşən 117 saylı mənzil alğı-satqı müqaviləsi əsasında iddiaçının adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Qeyd edilən mənzil daha əvvəl Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. Mənzil hazırda mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və işə əlavə edilən sənədlərdə cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının saxlanılmasını göstərən hal yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, eləcə də tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən iddia tələbi qiyabi formada təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 117 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinin tələbinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onlrarın dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.3-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. Həmin Məcəllənin 241.4-ci maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdehin yeri məlum olmadığından, habelə iddiaçı tərəf işə qiyabi icrat qaydasında baxılmasına etiraz etmədiyindən işə qiyabi icraat qaydasında baxılmalıdır. Həmin Məcəllənin 244-cü maddəsinin tələbinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 117 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar