Məhkəmə qərarları › İş №2(010)-2622/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2622/2021

24.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2622/2021 24.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "ləyaqətsiz vərəsə hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "ləyaqətsiz vərəsə hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məhkəmə tərəfindən ləyaqətsiz vərəsə hesab edilməsinə və oğlu X3 vərəsəli sırasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlliləri Cavabdeh İddiaçı keçmiş gəlinidir. Cavabdeh onun oğlu X8 17.03.2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Oğlu ilə cavabdehin birgə nikahından 27.09.2013-cü il təvəllüdlü X7 və 16.08.2018-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Cavabdeh Ş.Faxrətzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1 maddəsi ilə təqsirli bilinmişdir. Belə ki, o, 2021-ci il tarixdən X8 ilə rəsmi nikahda olduğu halda ayrı-ayrı vaxtlarda öz təşəbbüsü ilə tanış olduğu kişi cinsli şəxslərlə cinsi əlaqədə olaraq mütəmadi intim münasibətlər saxlamış, əri Ruslan Faxrətov 14.07.2019-cu il tarixdə saat 23:50 radələrində yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5 b №-li evin 84 saylı mənzilinin yataq otağında Cavabdeh ailəsinə xəyanət etməsi barədə məlumatı olmasını ona bildirərək, yataq otağından onu qovmuş, 15.07.2019-cu il tarixdə saat 08:00 radələrində o, xəyanətin aşkarlandığı halda rüsvay olmasının qarşısını almaq və xəyanətini gizlətmək məqsədi ilə əri Ruslan Faxrətovu qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə mənzildə ümumi istifadə olunan mətbəx təyinatlı bıçaqla iki dəfə sonuncunun boyun və bel nahiyyəsindən zərbə vuraraq Ruslan Faxrətova sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bir ədəd döş qəfəsinin arxa səthinin kəsilmiş səthi yarası, sağlamlığa ağır zərərvurmaya aid olan boyunun bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti ilə müşaiət olunmaqla ölümünə səbəb olan yuxu arteriyasının zədələnməsi nəticəsində baş vermiş kəskin qan itirmə ilə nəticələnən xəsarətlər yetirməklə R.Faxrətovu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Sonra iddiaçı oğlunun cavabdehlə birgə nikahından anadan olmuş uşaqların mənşəyinin müəyyən edilməsi üçün DNT testi keçirtmiş və bu zaman müəyyən ounmuşdur ki, uşaqlardan yalnız 27.09.2013-cü il təvəllüdlü X7 oğlunun övladıdır, digər 16.08.2018-ci il təvəllüdlü X2 isə bioloji atasının başqa şəxs olması müəyyən olunmuşdur. Bütün bu hallar sübut edir ki, Cavabdeh özünü Azərbaycan qadınına xas aparmamış, ailəyə uyğun davranışlar nümayiş etdirməmiş və oğluna xəyanət etməklə ona əxlaqsız hərəkət etmiş və ağır cinayət törətmişlər. Bu səbəbdən hesab edir ki, Cavabdeh məhkəmə tərəfindən ləyaqətsiz vərəsə hesab edilməli və oğlunun vərəsələri siyahısından məhkəmə qaydasında çıxarılmalıdır. Tərəflərin izahatları İddiaçıiddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X6 öz izahatında iddianı qəbul edərək, bu barədə yazılı ərizə məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 17.03.2012-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X8 ilə X5 arasında nikah 17.03.2012-ci il tarixdə bağlanmışdır. Bakı Apellyasiya məhkəməsinin 01.03.2021-ci il tarixli 1(103)-464/2021 saylı hökmündən müəyyən olunur ki, Bakı Ağır Cinayətlər məhkəməsinin Cavabdeh Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə məhkum olunmasına dair 07 oktyabr 2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı nümayəndəsi X14 və məhkum Cavabdeh müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkəmənin mövqeyi Bakı Apellyasiya məhkəməsinin 01.03.2021-ci il tarixli 1(103)-464/2021 saylı hökmündən müəyyən olunur ki, Bakı Ağır Cinayətlər məhkəməsinin Cavabdeh Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə məhkum olunmasına dair 07 oktyabr 2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı nümayəndəsi X14 və məhkum Cavabdeh müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkəmə həmçinin müəyyən edir ki, cavabdehin nümayəndəsi həm izahatında, həm də yazılı ərizəsi ilə hazırki iddia tələbini qəbul etdiyini bildirmişdir. İddianın etirafı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinin tələblərinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər 3 hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 191.4-cü maddəsinə görə məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunan prosessual normalardan müəyyən olunur ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olub-olmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. Qeyd edilənləri rəhbər tutaraq məhkəmə iddianın etiraf edilməsini qəbul etmədən öncə iddiaçının sözügedən iddianı irəli sürməyə subyektiv hüququnun mövcud olubolmadığına, işdə cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsasların mövcud olub-olmadığına qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinin tələblərinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Məhkəmə işin hallarına və qeyd edilən maddi hüquq normasına münasibətdə hüquqi müəyyənlik prinsipinə əsasən hesab etmişdir ki, hazırkı işdə cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsaslar mövcuddur. Belə ki, hüquqi müəyyənlik prinsipi digər məsələlərlə yanaşı hüquqi məsələlərdə, onların təfsiri və tətbiqində müəyyən hüquqi aydınlığı nəzərdə tutur. MM-nin 1159.1 və 1159.1.1-ci maddələrinin tələblərinə görə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Eləcə də məhkəmə iddiaçının sözügedən normaya əsasən digər birinci növbədə vərəsələrlə bərabər pay hüquqlu vərəsə sayıldığını nəzərə alaraq hesab ki, onun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcuddur. Belə ki, Mülki Məcəllənin 1139-cu maddəsinə görə ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 1137-ci, 1159.1 və 1159.1.1-ci maddələrini təfsir edən məhkəmə hesab edir ki, qanun üzrə birinci növbəli vərəsələrin sırasına daxil olan şəxsin motivdən asılı olmayaraq qəsdən cinayət törətməklə mirasqoyanı qətlə yetirməsi onun qətlə yetirilmiş şəxsin əmlakına münasibətdə vərəsəliyə çağırılmasına səbəb olur. Fiziki şəxsin adi ölümü onun iradə ifadəsinin təbii yolla itirilməsi, şəxsin qətlə yetirilməsi isə onun məcburi şəkildə iradə ifadəsinə xitam verilməsidir. Göründüyü kimi, hazırkı işdə X3 qəsdən qətlə yetirilməsi sonuncunu bütün iradə ifadəsindən, o cümlədən xüsusi mülkiyyətində olan əmlak barəsində gələcəkdə edə biləcəyi iradə ifadəsindən məhrum etmiş, nəticədə bu hal cavabdehin həmin əmlak üzrə vərəsəliyə çağırılmasına əsas yaratmışdır. Miras qoyanın öldürülməsi, qəsdin səbəbindən asılı olmayaraq, onun son iradəsini həyata keçirməyə qəsdən törədilmiş maneə hesab olunduğundan və bunun nəticəsində miras qoyanı qətlə yetirmiş şəxsin özünün vərəsəliyə çağırılmasına şərait yaratdığından MM-nin 1137-ci maddəsinin tələblərinə əsasən həmin şəxs ləyaqətsiz vərəsə hesab olunmalıdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, qanunverici miras qoyanın son iradə ifadəsini yalnız miras əmlakla əlaqələndirməmiş, bunu geniş mənada iradə ifadəsinə maneə kimi dəyərləndirməklə, miras qoyanın son iradəsinə qarşı q əsdən cinayət törətməklə maneə törətmiş şəxslərin vərəsə ola bilməsini istisna etmişdir. Ümumiyyətlə, yuxarıda göstərilənlərlə bərabər məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qətlə yetirilmiş şəxsə məxsus əmlakın vərəsəlik qaydasında həmin cinayəti törətmiş şəxsin mülkiyyətinə keçməsi Mülki Məcəllənin 1137-ci maddəsinin mənasına və ümumi məzmununa, o cümlədən mülkiyyətin əldə edilməsinin sivil və dünyəvi qaydalarına ziddir. Belə ki, mülkiyyətçinin sağlığında əşyaya mülkiyyət hüququnun sivil və dünyəvi qaydada bir şəxsdən digər şəxsə keçməsi yalnız mülkiyyətçinin öz əmlakı barəsində könüllü sərəncamı, yəni iradə ifadəsi əsasında baş tuta bilər. Bu qaydadan kənar surətdə şəxsin mülkiyyətinə üçüncü şəxslər tərəfindən edilmiş hər hansı bir qəsd dövlət tərəfindən müdafiə edilir və qorunur. Bundan başqa qanunvericilik mülkiyyətçinin öz əmlakı barəsində sağlığında sərəncam verə bilmədiyi təbii olüm halında, yəni mülkiyyətçinin öz əmlakı barəsində heç bir sərəncam vermədən vəfat etdiyi halda da həmin əmlakın qanun üzrə vərəsəlik qaydasında onun vərəsələrinə keçməsi halını tənzimləyir. Bununla bağlı vərəsəlik münasibətlərini tənzimləyən normaların məzmunundan (Mülki Məcəllənin 1138-ci maddəsi) görünür ki, təbii ölümlə vəfat edən şəxs sağlığında əgər hər hansı bir sərəncam verməklə miras əmlakı barədə qanun üzrə vərəsələrinin hüquqlarını məhdudlaşdırmasa da qanunverici miras qoyana münasibətdə ailə hüquq münasibətləri üzrə üzərinə düşən vəzifələri yerinə yetirməkdən boyun qaçıran şəxslərin miras əmlak barəsində qanun üzrə vərəsəlik hüquqlarının həyata keçirilməsini istisna edir. Arvadın öz ərini öldürməsi isə yuxarıda qeyd edilən mülki hüquq pozuntularından daha kobud pozuntu olmaqla könüllülük prinsipləri əsasında qurulan və idarə edilən ailə hüquq münasibətlərinə qarşı qəsd formasında edilmiş cinayət əməlidir. İşin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın etiraf edilməsi hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Beləliklə, məhkəmə hesab edir ki, iddianın etirafı qəbul edilməli və iddia təmin edilməli, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməli və X3 vərəsələri sırasından çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ləyaqətsiz vərəsə hesab edilsin və X3 vərəsələri sırasından çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar