Məhkəmə qərarları › İş №2(010)-2628/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2628/2021

19.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2628/2021 19.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evində payın müəyyən edilməsi və naturada bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evində payın müəyyən edilməsi və naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən birgə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 297.8 m2 olan fərdi yaşayış evinin üzərində 1/2 hissədə hər birinin payının müəyyən edilməs və həmin 1/2 hissəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən iddianın verilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə əməl edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı həm fərdi yaşayış evi üzərində 1/2 hissədə payının müəyyən edilməsini, həm də payının naturada bölünməsini tələb edir. Halbuki, bu iki tələbə birlikdə baxılması qeyri-mümkündür. Belə ki, qanunla payın naturada bölünməsini yalnız paylı mülkiyyətçi tələb edə bilər. Yəni iddiaçı əvvəlcə ev üzərində payının müəyyən edilməsi ilə bağlı ayrıca tələblə məhkəməyə müraciət etməli, daha sonra əgər payı müəyyən edilərsə digər payçıya payının naturada ayrılmasını təklif etməli, payçı bundan imtina edərsə payının ayrılması tələbi ilə məhkəməyə müraciət etməlidir. Hazırkı vəziyyətdə isə iddiaçı bir iddia tələbi ilə həm payının müəyyən edilməsini, həm də payın naturada ayrılmasını tələb edir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, bu iki tələbə birlikdə baxmaq praktiki baxımdan da qeyri-mümkündür. Belə ki, məsələn, iddia ərizəsi icraata qəbul edilərsə gələcəkdə evin naturada bölünməsinin mümkünlüyü məsələsinin həlli ilə bağlı məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsi artıq iddianın payın müəyyən edilməsi ilə bağlı birinci hissəsinin təmin edildiyi mənasına gələcəkdir. Bu isə yolverilməzdir. Bu baxımdan məhkəmə hesab edir ki, bu iki tələbə birlikdə yox, ayrı-ayrılıqda baxılmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 149.3-cü maddəsinə əsasən, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Hazırkı iddia ərizəsindən isə görünür ki, iddiaçı birlikdə baxılması mümkün olmayan iki ayrı iddia tələbini bir ərizədə birləşdirməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-in 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evində payın müəyyən edilməsi və naturada bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar