Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2633/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və cavabdeh Qəzənfərova (Bağırova) Könül Akif qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Qəzənfərova (Bağırova) Könül Akif qızına və Cavabdeh2 qarşı “əsas və faiz borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Qəzənfərova (Bağırova) Könül Akif qızına və Cavabdeh2 qarşı “əsas və faiz borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19085,00 (on doqquz min səksən beş) manat məbləğində əsas borc, 7315,90 (yeddi min üç yüz on beş manat doxsan qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 26400,90 (iyirmi altı min dörd yüz manat doxsan qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "Aqrarkredif' QSC-nin xeyrinə ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan **-VP-*** dövlət qeydiyyat nişanlı, "VOLKSWAGEN PASSAT CC" minik markalı (buraxılış ili 2012, Ban- WVWZZZ3CZDE541924. rəngi - ağ) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin "Aqrarkredit' QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qızma qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh1 tutulub ‘‘Aqrarkredit” QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının törəmə müəssisəsi olan “X3 Edilməsi Agentliyi” MMC vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X3 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər S-AVK-1343 saylı 06.11.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında 30.04.2013-cü il tarixdə, 21 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə illik 17% tətbiq edilməklə, 36 ay müddətinə 32300 (otuz iki min üç yüz) manat məbləğində kredit verilmişdir. 21.05.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan **-VP-*** dövlət qeydiyyat nişanlı, "VOLKSWAGEN PASSAT CC” minik markalı avtomobili (buraxılış ili 2012, Ban-WVWZZZ3CZDE541924, rəngi - ağ) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin İpoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 01.05.2013-ci il tarixli, AA seriyalı, 082996 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nəsimi filialı ilə Cavabdeh2 arasında 30.04.2013-cü il tarixdə 17 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında Borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürür. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan'a 32300 (otuz iki min üç yüz) manat manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. "Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixdən başlanır. “Borcalan"a verilən vəsaitindən istifadə müddəti 36 aydır, kreditin vəsaitnin istifadə müddəti 30 aprel 2016-cı il tarixdə bitir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 17 faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan 19085,00 (on doqquz min səksən beş) manat məbləğində əsas borc, 7315,90 (yeddi min üç yüz on beş manat doxsan qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 26400,90 (iyirmi altı min dörd yüz manat doxsan qəpik) manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Suraxanı Rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli 2(010)-145/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Qəzənfərova (Bağırova) Könül Akif qızından ümumilikdə 22767,74 manat məbləğində kredit borcunun tutulub "AqrarKredit” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2(103)-7311/2020 saylı qərardadla iş baxılmamış saxlanılmışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. O, izahatında bildirdi ki, borclu 2018-ci ilin oktyabr ayında ödəniş etmişdir, buna görə də iddia müddətinin axımı həmin vaxtdan kəsilmişdir. Cavabdeh Qəzənfərova (Bağırova) Könül Akif qızının nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçı göstərilən tələblə məhkəməyə müraciət edə bilmək üçün qanunla müəyyən müəyyən olunan iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürmüşdür. Belə ki, iş materiallarına görə iddia tələbinin faktiki əsasını "xxxx" ASC Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış 30.04.2013-cü il tarixli 21 saylı kredit və ipoteka müqavilələri təşkil edir. Həmin müqavilələrə əsasən Bank tərəfindən cavabdehə illik 17 %-lə 36 ay müddətinə 32300 manat kredit verilmiş və bu kreditin təminatı kimi cavabdehin mülkiyyətində olan nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmiş, həmçinin, digər cavabdehlə eyni tarixli 17 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən verilən kreditdən istifadə və kreditin qaytarılma müddəti 36 ay (3 il) müəyyən edilməklə 30.04.2016-cı il tarixdə bitmişdir. Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə əsasən Bankın problemli aktivləri, o cümlədən qeyd edilən kredit üzrə tələb hüququ Bankdan İddiaçıya keçmişdir. İddiaçı analoji iddia tələbi ilə məhkəməyə 18.07.2019-cu il tarixdə müraciət etmiş, həmin iddia Suraxanı rayon məhkəməsinin 04.02.2020-ci il tarixli 2(010)-145/2020 saylı qətnaməsi ilə qismən təmin edilsə də, sonradan bu qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.10.2020-ci il tarixli 2(103)- 7311/2020 saylı qərardadı ilə ləğv olunaraq, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığına görə baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı 15.03.2021-ci il tarixdə tərtib edilmiş iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, sözügedən kredit müqaviləsi üzrə öhdəliyin 36 aylıq icra müddəti müəyyən edilməklə, həmin müddət 30.04.2016-cı il tarixdə başa çatmasına və hazırkı tələb üçün iddia müddətinin axımı həmin tarixdən başlamasına, eləcə də müqavilə tələbləri üzrə iddia müddəti 3 il olmasına və həmin müddətin 30.04.2019-cu il tarixdə bitməsinə rəğmən, İddiaçı bu müddəti hər hansı üzrlü səbəb olmadan buraxaraq məhkəməyə birinci dəfə iddia müddəti keçəndən 2,5 ay sonra, 18.07.2019-cu il tarixdə, ikinci dəfə isə 1 il 10 aydan artıq vaxt sonra, 15.03.2021-ci il tarixdə müraciət etmişdir. Odur ki, məhkəmədən iddiaçı "xxxx" QSC BOKT-un cavabdehlər Qəzənfərova (Bağırova) Könül Akif qızına və Cavabdeh2 qarşı "Kredit müqaviləsi üzrə əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə" iddiasının, həmin tələbin irəli sürülməsi üçün qanunla müəyyən olunmuş iddia müddəti keçdiyi üçün təmin edilməməsini xahiş etmişdir.. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 30.04.2013-cü il tarixdə, 21 saylı kredit müqaviləsindən görünür ki, "Azərbaycan Beynəlxalq Bank” ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borcluya illik 17 % tətbiq edilməklə, 36 ay müddətinə 32300 (otuz iki min üç yüz) manat məbləğində kredit verilmişdir. 30.04.2013-cü il tarixli 17 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. 30.04.2013-cü il tarixli 21 saylı ipoteka müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 öhdəliklərinin təminatı olaraq mülkiyyət hüququ ilə özünə məxsus olan **-VP-*** dövlət qeydiyyat nişanlı, "VOLKSWAGEN PASSAT CC” minik markalı avtomobili (buraxılış ili 2012, Ban-WVWZZZ3CZDE541924, rəngi - ağ) avtomaşını banka ipoteka qoymuşdur. İpoteka qoyulmuş əmlak 38000 manat məbləğində qiymətləndirilmişdir. 11.08.2015-ci il tarixli '‘Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair müqavilədən görünür ki, "Azərbaycan Beynəlxalq Bankı ASC" təhvil - təslim aktları əsasında (təhvil- təslim aktları bu müqaviləyə əlavə olunur) özünün balansında olan problemli aktivlər üzrə kredit qalığı (əsas borc və faizlər),akkreditivlər (əsas borc və faizlər), qarantiyalar (əsas borc və faizlər), borcların təminatı olan girov (ipoteka), zaminlik və sair müqavilər üzrə borclu şəxslərə qarşı özünün tələb hüquqlarını bu müqaviləyə əsasən İddiaçı QSC-yə güzəşt edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC – “Kreditor” və Cavabdeh1 – “Borcalan” olmaqla bağlanmış kredit müqaviləsi əsasında cavabdeh kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmış və nəticədə onun 30.04.2013-cü il tarixli kredit müqaviləsi üzrə 19085,00 manat əsas borc, 7315,90 manat faiz borcu yaranmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış 30.04.2013-cü il tarixli kredit müqavilələri üzrə yaranmış borcun tutulması tələbinə dair iddia tələbi iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında mövcüd münasibətlərin yarandığı vaxtdan uzun müddət keçdikdən sonra müraciət etmiş, cavabdeh isə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məsəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Həmin Məcəllənin 373.3.-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd olunan qanunvericiliyin tələbinə əsasən qeyd edir ki, tərəflər arasında bağlanmış 30.04.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə tərəflər arasında mövcud münasibətlərin yarandığı vaxtdan 8 ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Bu isə yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən ona dəlalət edir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Yuxarıda da göstərildiyi kimi tərəflər arasında bağlanılmış kredit müqavilələri üzrə öhdəliklər iddia müddəti çərçivəsində ən geci 30.04.2019-cu il tarixədək icra edilməli idi. Beləliklə də, son nəticədə məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malikdir, lakin cavabdeh Qəzənfərova (Bağırova) Könül Akif qızının nümayəndəsi və vəkili Vəkil müddətin tətbiqinə dair ərizəsi qəbul edilməli və iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəllənin 373-cü maddəsinin tələblərinə əsasən rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia müddətinin tətbiqinə dair cavabdeh tərəfin tələbinə iddiaçının nümayəndəsi etiraz edərək bildirmişdir ki, borclu 2018-ci ilin oktyabr ayında ödəniş etdiyindən iddia müddətinin axımı həmin vaxtdan kəsilmişdir. İddiaçının nümayəndəsi belə bir dəlil irəli sürsə də, bunu təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə aşağıdakılara əsasən Cavabdeh2 qarşı da iddia tələbinin əsassız olduğu qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu baxımdan, cavabdehlər Qəzənfərova (Bağırova) Könül Akif qızı və Cavabdeh2 qarşı irəli sürülmüş iddia tələbləri ilə bağlı məhkəmə qeyd edir ki, 30.04.2013-cü il tarixində "Azərbaycan Beynəlxalq Bank” ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 saylı kredit müqaviləsinin müddəti 30.04.2016-cı il tarixinə kimi müəyyən edilsə də, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində Cavabdeh2 qarşı iddia tələbi irəli sürülməmişdir. Bu hal isə yuxarıda qeyd olunan Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyini, bununla da cavabdehlər Cavabdeh2 qarşı irəli sürülmüş iddia tələbinin əsassız olmasına dəlalət edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Qəzənfərova (Bağırova) Könül Akif qızına və Cavabdeh2 qarşı “əsas və faiz borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2633/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2633/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver