Məhkəmə qərarları › İş №2(010)-2664/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2664/2020

09.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2664/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil Tərcüməçi X4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 10 saylı evin, 5 saylı mənzilindən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 10 saylı evin, 5 saylı mənzilə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmış, o vaxtdan da bu günədək həmin mənzil onun mülkiyyətində, sahibliyində və istifadəsindədir. Əvvəllər istinad edilmiş mənzildə onunla bərabər keçmiş ailə üzvləri X6, X9 və Cavabdeh qeydiyyatda olmaqla yaşamıdır. Sonradan qızları X6 və X9 ailə həyatı qurduqlarından sonra həyat yoldaşlarına məxsus yaşayış sahələrinə köçmüşlər. Onun həyat yoldaşı olmuş Cavabdeh ilə isə ailə münasibətləri 2012-ci ildən pozulmuş, rəsmi olaraq aralarındakı nikah qeydi xx.xx.2016-cı il tarixdən ləğv edilmişdir. O vaxtdan da Cavabdeh ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 10 saylı evin, 5 saylı mənzilində yaşamır, bu günədək də formal olaraq ona məxsus mənzildə qeydiyyatda qalmışdır. Cavabdeh 2016cı ildə Bakı şəhəri Suraxanı rayon Məhkəməsində İddiaçı qarşı mübahisə edilən mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə aralarında bərabər paylarla bölünməsinə dair iddia qaldırmış, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-8088/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 10, 5 saylı, 47 kv.m ümümi sahəli mənzilin ½ hissəsinə iddiaçının mülkiyyət hüquqları tanınmış olsa da, həmin qətnamədən verdiyi apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)-10179/2016 saylı qətnaməsi ilə təmin edilmiş, mübahisə ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2016-cı il tarixli, 2(010)-8088/2016 saylı qətnamə ləğv edilmiş, iddianın təmin edilməməsi haqda qətnamə qəbul edilmişdir. Daha sonra isə 2017-ci ildə X6, X9 və Cavabdeh qarşı mübahisə edilən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia qaldırmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli, 2(010)-845/2018 saylı qətnaməsi ilə iddia cavabdehlər X2 və X7 münasibətdə təmin edilmiş, mübahisənin predmeti olan mənzildən onların istifadə hüquqları itirilmiş hesab edilmiş, iddia Cavabdeh münasibətdə təmin edilməmiş, həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-cı il tarixli, 2(103)- 4287/2018 saylı qətnaməsi ilə təmin edilməmişdir. Qeyd edilmiş qətnamələrlə müəyyən edilmişdir ki, Cavabdeh ilə aralarındakı nikah qeydi ləğv edildikdən sonra ona (iddiaçıya) məxsus mənzildə 2016-cı ildən qətnamələr çıxarılan günədək yaşamamış, istifadə etməmişdir. Qeyd edir ki, cavabdeh o vaxtdan bu günədək də ona məxsus mənzildə yaşamır, istifadə etmir. Hal-hazırda harda və hansı ünvanda yaşaması barədə heç bir məlumatı və xəbəri yoxdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X12 öz ifadəsində bildirmişdir ki, İddiaçı onun qonşusudur. O, eyni blokda olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 10, 25 saylı mənzilində yaşayır. O, İddiaçı ilə 1975-ci il tarixindən bir yerdə işləmişlər. İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh 2016-cı il tarixindən rəsmi ayrıldıqdan sonra həmin mənzildə yaşamayıb. Məhkəmə iclasında şahid qismində dindirilən X8 öz ifadəsində bildirmişdir ki, İddiaçı onun qonşusudur. O, 1995-ci ildən eyni blokda yaşayırlar. İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh 2016-cı ildən həminBakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 10 saylı evin, 5 saylı mənzilində yaşamayıb. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2010-cu il tarixli ******* saylı çıxarışın təsdiq olunmuş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 10 saylı evin, 5 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli Arayışdan görünür ki, İddiaçı və Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 10 saylı evin, 5 saylı mənzilində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2016-cı il tarixdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 63 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh 2016-cı il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 10 saylı evin, 5 saylı mənzilində yaşamır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 8088/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, X3 iddiası təmin olunmuş, tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 10 saylı evin, 5 saylı mənzilinin ½ hissəsi X3, ½ hissəsi İddiaçı arasında bölünməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-10179/2016 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8088/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, X3 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 845/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X5 və X1 (azyaşlı övladı X10 ilə birlikdə) Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 10 saylı evin, 5 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab olunmasıqət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 10 saylı evin, 5 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə iclası gedişində müəyyən olundu ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 10 saylı evin, 5 saylı mənzilinin xüsusi mülkiyyətçisidir. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır və sözügedən mənzildə qeydiyyatdadır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-845/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, mübahisəli mənzildən Cavabdeh istifadə hüququna yalnız kompensasiya verməklə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, «Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin». Məhkəmə hesab edir ki, istifadə hüququnun xitamı zamanı, elə bir əvəzləşdirmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.3.-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, cavabdehin istifadə hüququna xitam verilməsi tələbi ilə bağlı olaraq artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, iş üzrə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilmədiyindən və iddiaçı tərəfindən iş üzrə başqa mötəbər sübutlar təqdim olunmadığından İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi” barədə iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 10 saylı evin, 5 saylı mənzilindən istifadə hüququ olmayan şəxs hesab olunması barədə iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar