Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2670/2022 08.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Qurbanov X3 Lamiyyə İlyas qızına qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 4 otaqlı ümumi sahəsi 58.09 kv.m-dən ibarət olan mənzil Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 21 oktyabr 2005-ci il tarixli, 509 nömrəli sərəncamına əsasən ona və ailə üzvlərinə verilmişdir. Oğlu X1 həyat yoldaşı olan cavabdeh razılığına əsasən həmin mənzilə qeydiyyata düşmüşdür. Onlar arasında olan nikah pozulmuş və sonuncunun həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır. Odur ki, cavabdehin mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddianın məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsini, cavabdehin sözü gedən mənzilə istifadə hüququnun itirilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin onların iştirakını təmin etmək mümkün olmamışdır. Belə olan halda, məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələbləri baxımından cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - 001711 saylı orderin surətindən görünür ki, Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 509 saylı sərəncamı ilə Bakı şəhəri, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 16 saylı evin 17 saylı mənzili İddiaçı ailə üzvləri ilə birlikdə yaşaması üçün verilmişdir. Ailə üzvlərinin sayı yeddi nəfər müəyyən edilmiş, onların arasında Cavabdeh adı qeyd edilməmişdir. 5105634 saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 16, mənzil 17 də qeydiyyatda olan şəxslər sırasında Cavabdeh da göstərilmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh X6 qarşı nkahın pozulması, uşağın ananın himayəsində qalması və aliment tələbinə dair iddiası təmin edilmiş, X7 ilə X8 arasında 15 dekabr 2006cı ildə Qaradağ rayon VVADQ şöbəsində 1066 saylı qeyd edilmiş nikah aktı pozulmuşdur. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, sözügedən mənzil order əsasında iddiaçıya ailə üzvləri ilə birlikdə yaşaması üçün verilmişdir. Həmin mənzildə cavabdeh də qeydiyyatdadır. İddiaçı, hesab edir ki, cavabdehin həmin mənzilə istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə gör mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülki Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün yuxarıda qeyd edilən orderdə onun da ailə üzvü kimi adının qeyd edilməsi zəruri idi. Lakin, belə bir hal mövcud deyildir. Cavabdehin mübahisəli mənzilə ailə münasibətlərinə əsasən də istifadə hüququnun yaranması müəyyən edilmir. Bu hüququnun yaranması üçün iddiaçı Mülki Məcəllənin 228-ci maddəsinə əsasən notarial qaydada razılıq verməli idi. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilməlidir ki, tərəflər arasında belə bir razılaşma yoxdur. Bundan başqa, iddiaçının özünün də həmin mənzilə mülkiyyət hüququ təsbit edilməmişdir. İddiaçının həmin mənzilə orderə əsaslanan istifadə (məhdud əşya) hüququ vardır. Məhkəmə toplanmış sübutlara yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, hazırkı işdə cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarının olması müəyyən edilmədiyinə görə istifadə hüquqlarının itirilməsi tələbi də müzakirə edilə bilməz. Belə ki, olmayan hüquq itirilə bilməz. Cavabdehin mənzilə qeydiyyatının olması isə onun istifadə hüquqlarının olması anlamına gəlmir. Çünki, mənzilə qeydiyyat özü-özlüyündə istifadə hüququnun olmasının göstəricisi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, iddiaçı tərəfin təqdim etdiyi sübutlarla cavabdeh tərəfin mənzilə istifadə hüququnun olması təsdiq edilmədiyinə görə istifadə hüququna xitam verilməsi barədə iddia tələbi də təmin edilə bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Əsgərova Lamı̇ yyə İlyas qızına qarşı cavabdehin ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2670/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2670/2022
08.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver