Məhkəmə qərarları › İş №2(010)-268/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-268/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-268/2025 21.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əşyaların sahibsiz elan edilərək, bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılmasına ödənilmiş xidmət haqqının tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “əşyaların sahibsiz elan edilərək, bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılmasına ödənilmiş xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus olan 19 avqust 2022-ci il tarixli anbara yüklərin təhvil- təsliminə dair №752, №3116, №751, №1923, №3138, №3140 saylı, 20 avqust 2022-ci il tarixli №3141 saylı təhvil təslim aktlanndakı əşyaların sahibsiz elan edilərək İddiaçı ASC-nin mülkiyyətinə verilməsi və əşyaların müvəqqəti saxlanılması üçün Bank tərəfindən "xxxx" MMC şirkətinə 26762.4 manat məbləğində edilmiş aylıq ödənişlərin və həmin əşyaların sahibsiz elan edilərək İddiaçı ASC-nin mülkiyyətinə verilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanədək saxlanılması üçün ediləcək ödənişlərin və 170.29 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 07 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırkı adı İddiaçı ASC) illik 25 faizlə 60 ay müddətinə 78000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh və X1 ümumi mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən, 11 otaqlı, 498.90 kv.m ümumi sahədən ibarət 29 saylı ev 07 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Borclu Cavabdeh kredit müqaviləsi üzrə borc öhdəlyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Bank tərəfindən borcun tutulması və tutulmanın Cavabdeh və X1 ümumi mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Suraxanı rayon məhkəməsinə müraciət olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2(010)-35/2018 saylı 16 may 2018-ci il tarixli qətnaməsi ilə Bankın iddia tələbi qismən təmin edilərək, 07 noyabr 2014-cü il tarixdə "xxxx" X8 ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi, Cavabdeh "xxxx" İKB-nin qarşısında 07 noyabr 2014-cü il tarxili kredit müqaviləsindən irəli gələn 68609.32 manat əsas borc, 40705.73 manat faiz borcu, 2000 manat dəbbə pulu, cəmi 111315.05 manat və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, kredit müqaviləsinin təminatı kimi 07 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və Cavabdeh və X2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən, 11 otaqlı, 498.90 kv.m ümumi sahədən ibarət 29 saylı evinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9080/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. Ali Məhkəmənin 2(102)-2527/2019 saylı 22 may 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Cavabdeh və X1 mülkiyyətində olmuş Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən, 11 otaqlı, 498.90 kv.m ümumi sahədən ibarət 29 saylı evinə Suraxanı Rayon Məhkəməsinin 2(010)-35/2018 saylı 16 may 2018-ci il tarixli qətnaməsi ilə tələb yönəldilmişdir. xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı ASC (əvvəlki adı "xxxx" İKB ASC olan) Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən, 29 saylı evi əldə etmişdir. Əmlaka dair İddiaçı ASC-nin (əvvəlki adı "xxxx" İKB ASC olan) mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış verilmişdir. xx.xx.2022-ci il tarixdə Suraxanı rayon İcra Şöbəsi tərəfindən Suraxanı Rayon Məhkəməsinin 2(010)-35/2018 saylı 16 may 2018-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən, 11 otaqlı, 498.90 kv.m ümumi sahədən ibarət 29 saylı evin boşaldılaraq banka təhvil verilməsi zamanı həmin mənzildə olan əşyalar saxlanılması üçün Yük Taksisi.AZ MMC şirkətinə təhvil verilmişdir. İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli malların anbarda saxlanılması müqaviləsinə əsasən Cavabdeh məxsus olan əşyaların müvvəqəti saxlanılması üçün Bank tərəfindən "xxxx" MMC şirkətinə aylıq ödənişlər edilir. Həmin əşyaları təhvil alması barədə Bank tərəfindən Cavabdeh xəbərdarlıq olunmasına baxmayaraq, Cavabdeh əşyaları təhvil götürməyərək, qəbul etməkdən imtina etmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq əşyaları təhvil almamış və bunun nəticəsində Bank əşyaların saxlanılması üçün xidməti haqqı ödəyərək əlavə xərcə düşmüşdür. Göründüyü kimi Cavabdeh əşyaları götürməyərək onlardan imtina etmişdir. Odur ki, Cavabdeh məxsus 19 avqust 2022-ci il tarixli anbara yüklərin təhvil-təsliminə dair №752, №3116, №751, №1923, №3138, №3140 saylı, 20 avqust 2022-ci il tarixli №3141 saylı təhvil təslim aktlarındakı əşyaların sahibsiz elan edilərək, həmin əşyalara dair sərəncam verilməsi üçün İddiaçı ASC-nin mülkiyyətinə verilməsi zərurəti yaranmışdır. Bundan başqa qeyd edilən əşyaların müvəqqəti saxlanılması üçün Bank tərəfindən "xxxx" MMC şirkətinə hal-hazıradək məbləğində edilmiş aylıq ödənişlər və həmin əşyalar sahibsiz elan edilərək İddiaçı ASC-nin mülkiyyətinə verilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək çəkiləcək xərclər və ödənişlər Cavabdeh İddiaçı ASCnin xeyrinə tutulmalıdır. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi X15 iddia tələbini müdafiə edərək, məhkəməyə "Elektron Məhkəmə" sistemi vasitəsilə xx.xx.2025-ci il tarixində elektron ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, aktda Cavabdeh məxsus əşya olmamışdır, iddiaçının da əşyaları çıxarmaq hüququ olmamışdır. Əmlakın hərracdan satılması və mənzilin boşaldılması barədə iddia olmuşdur. Məhkəmə həmin iddianı qismən təmin etmişdir. Mənzilin boşaldılması hissəsində təmin etməmişdir və bu hüququnun yeni mülkiyyətçiyə aid olacağını qeyd etmişdir. Hərrac keçiriləndən sonra əmlak bankın balansına keçmişdir. Hesab edir ki, ondan sonra bank təkrarən mənzilin boşaldılması tələbi ilə məhkəməyə müraciət etməli, icra məmuru da icra vərəqəsindən qeyd ediləni icra etməli idi. Qeyd edir ki, əşyaları özbaşına çıxarıblar, aktda borclular qismində cavabdeh olmayan şəxslər qeyd olunub. Bildirir ki, Cavabdeh Azərbaycanda olmayıb və hazırda da Riqadadır. Tərlana məxsus əşyaların yük taksisinə verilməsini sübut edən sənədin olmadığını, əmlakın sahibsiz olmadığını və əmlakı qəbul etdiklərini bildirmişdir. Hesab edir ki, qarşı tərəf məhkəmə qərarı olmadan çıxarılan əşyaları götürdükləri kimi yerinə qoymalıdırlar. Bildirir ki, cavabdeh iştirak edə bilmədiyinə görə əşyaların ona məxsus olub-olmadığını da aydınlaşdıra bilmir. İddianın rədd olunmasını xahiş edir. İş üzrə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. İş materialları. xx.xx.2022-ci il tarixli 38/22 saylı malların anbarda saxlama müqaviləsindən görünür ki, “Tapşıran” adlandırılacaq İddiaçı ASC ilə “Saxlayıcı” adlandırılacaq "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən Saxlayıcı (anbar sahibi) sifariş əsasında Tapşıranın ona verdiyi daşınar əşyaları özünə məxsus anbarda saxlamağı, Tapşıran isə bunun müqabilində bu Müqavilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürür. Tərəflər bu Müqavilə üzrə saxlanca verilmiş malları “Saxlayıcı”nın Abşeron ray., Xirdalan şəh., Bakı-Quba maqistral-12A avtomobil satış salonu, 5000 kv.m. ünvanında yerləşən saxlanc anbarında saxlamaq barədə razılığa gəlirlər. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli, KBD4103 nömrəli maliyyə arayışından görünür ki, borclu Cavabdeh əşyaları 1080 manat xidmət haqqı müqabilində saxlanmağa verilmişdir. Anbara yüklərin №752, №3116, №751, №1923, №3138, №3140 saylı, xx.xx.2022-ci il tarixli və 20 avqust 2022-ci il tarixli №3141 və xx.xx.2022-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, siyahıya alınmış daşınar əşyalar "xxxx" MMC-nin əməkdaşlarına təhvil verilmişdir. Malların sahibi (təhvil verən şəxs) qismində Ələkbərov Məmməd qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-35/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, borclu tərəfin - Cavabdeh qohumları X5, X4, X10 ünvanda olan əşyalarını könüllü olaraq götürmüş, evdə qızıl-zinət əşyaları aşkar olunmamışdır. Borclu tərəfin qohumları könüllü olaraq mənzili tərk edərək əşyalarını götürmüş və evi tələbkar İddiaçı ASC-nin nümayəndələrinə təhvil vermişdirlər. Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-35/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, iddiaçı "xxxx" İKB ilə Cavabdeh arasında bağlanmış 07.1.2014-cü il tarixli 24-G-1-0-10-4 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 68609.32 manat əsas, 40705.73 manat faiz, 2000 manat cərimə borcu, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün 10 manat və 20 manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" İKB-nə ödənilməsi, müvafiq ödənişin Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən tərdi yaşayış evinin ilkin satış qiyməti 180000 manat qiymətləndirilməklə açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin Cavabdeh qaytarılması qət edilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 498.90 kv.m. olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evi və torpaq sahəsinin ölçüsü 0.034270 ha olan dövlət istifadə hüququ ilə ona məxsus olan - yaşayış məntəqələrinin torpaqlarına tam pay olmaqla İddiaçı ASC (Qeydiyyat tarixi: xx.xx.2022-ci il) hüquq sahibidir. "xxxx" MMC tərəfindən verilən arayışdan görünür ki, tapşıran İddiaçı ASC ilə olan müqavilə üzrə, X6 məxsus ev əşyalarının saxlanılmasına görə xx.xx.2024-cü il tarixə qədər İddiaçı ASC tərəfindən 26762.4 manat məbləğində saxlanc xərci ödənilmişdir. Aylıq saxlama xərci 1080 manat təşkil etmişdir. İddiaçı ASC-nin X7, X4 və X3 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən ünvan 2-un boşaldılması zamanı İddiaçı ASC-yə müvəqqəti saxlanılması üçün verilmiş əşyaların təhvil alınması xahiş olunmuş və əks halda qanunvericiliyin tələbinə əsasən onlara məxsus olan əşyaların sahibsiz elan edilməsi və həmin əşyaların müvəqqəti saxlanılması üçün bank tərəfindən Yük Taksisi.AZ MMC-yə ödənilmiş pul məbləğinin tutulması ilə bağlı tərəflərindən məhkəməyə müraciət olunacağına dair xəbərdar edilmişdir. xx.xx.2022-xx.xx.2024-cü il tarixləri əhatə edən ödəniş tapşırıqlarından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə müxtəlif məbləğlərdə ödənişlər həyata keçirilmişdir. xx.xx.2022-xx.xx.2024-cü il tarixləri əhatə edən Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktlardan görünür ki, icraçı "xxxx" MMC tərəfindən sifarişçi İddiaçı ASC-yə müvafiq məbləğlərdə xidmət haqqı müqabilində anbar icarəsi xidmətləri göstərilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası.

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 181. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi əsasları 181.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxs mülkiyyətçisi olmayan əmlaka, mülkiyyətçisi məlum olmayan əmlaka və ya mülkiyyətçisinin imtina etdiyi və ya qanunda nəzərdə tutulmuş digər əsaslarla mülkiyyət hüququnu itirdiyi əmlaka mülkiyyət hüququ əldə edə bilər. Maddə 184. Sahibsiz daşınar əşyaya mülkiyyətin əldə edilməsi 184.1. Əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. 184.2. Əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Maddə 185. Mülkiyyətçinin imtina etdiyi daşınar əşya 185.1. Mülkiyyət hüququndan imtina etmək məqsədi ilə mülkiyyətçinin atdığı və ya digər şəkildə əl çəkdiyi daşınar əşyanı (atılmış əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə bilər. 185.3. Atılmış başqa əmlak ona sahibliyə başlamış şəxsin mülkiyyətinə o zaman daxil olur ki, bu əmlak həmin şəxsin ərizəsi ilə məhkəmə tərəfindən sahibsiz hesab edilir. Maddə 203. Mülkiyyət hüququnun itirilməsi növləri 203.2. Daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir. 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; 203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 203.3.5. rekvizisiya; 203.3.6. müsadirə. Maddə 204. Mülkiyyət hüququndan imtina 204.2. Daşınar əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina üçün mülkiyyətçi bu barədə yazılı elan verməli və ya həmin əmlaka hər hansı hüququnu saxlamaq niyyəti olmadan əmlaka sahiblik etməkdən, ondan istifadə etməkdən və ona dair sərəncam verməkdən kənarlaşmasını aşkar göstərən başqa hərəkətləri yerinə yetirməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 52. Borclunun əmlakının saxlanılması 52.1. Borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra - saxlayıcıya) verilir. Əmlakı saxlamaq üçün qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı həmin əmlakdan istifadə edə bilər. 52.2. Saxlayıcı borclunun özü və ya onun ailə üzvü (borclu hüquqi şəxs olduqda - onun işçisi) deyildirsə, əmlakın saxlanması üçün ona müvafiq haqq verilir. Bundan əlavə, saxlayıcının əmlakı saxlamaq üçün çəkdiyi xərclər, həmin əmlakdan istifadə olunmasına görə onun əldə etdiyi həqiqi fayda çıxılmaqla, ona ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda- 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqe. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. İşin faktiki halları ondan ibarətdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-35/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" İKB-nin (hazırda İddiaçı ASC) iddia tələbi qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli 24-G-1-0-10-4 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 68609.32 manat əsas, 40705.73 manat faiz, 2000 manat cərimə borcu, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün 10 manat və 20 manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" İKB-nə ödənilməsi, müvafiq ödənişin Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 180000 manat qiymətləndirilməklə açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin Cavabdeh qaytarılması qət edilmişdir. Borcun icrasının təminatı kimi ipoteka predmetinə yönəldilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərrac vasitəsilə satılmışdır. Hərrac nəticəsində ev xx.xx.2022-ci il tarixində İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir. 19 və 20 avqust 2022-ci il tarixlərində icra məmurunun iştirakı ilə həmin evdə olan əşyalar "xxxx" MMC-yə saxlanılması üçün verilmişdir. Cavabdeh həmin təhvil-təslimdə iştirak etməmiş, onun qohumları isə könüllü olaraq evi tərk etmişdirlər. İş materiallarında cavabdehə əşyaların çıxarılması və saxlanca verilməsi barədə xəbərdarlıq edilməsi barədə məlumat yoxdur. Hazırda, iddiaçı iddia edir ki, Cavabdeh məxsus qeyd edilən əşyalar müvəqqəti saxlanılması üçün Bank tərəfindən "xxxx" MMC şirkətinə təhvil verilmişdir və buna görə İddiaçı ASC tərəfindən aylıq ödənişlər edilmişdir. İddiaçı Cavabdeh məxsus olan və 19 avqust 2022-ci il tarixli təhvil təslim aktlarındakı əşyaların sahibsiz elan edilərək İddiaçı ASC-nin mülkiyyətinə verilməsi və əşyaların müvəqqəti saxlanılması üçün Bank tərəfindən "xxxx" MMC şirkətinə 26762.4 manat məbləğində edilmiş aylıq ödənişlərin və həmin əşyaların sahibsiz elan edilərək İddiaçı ASCnin mülkiyyətinə verilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanədək saxlanılması üçün ediləcək ödənişlərin cavabdehdən tutulmasını tələb etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdehə məxsus mənzil boşaldılarkən onun məlumatı olmamışdır və Suraxanı Rayon Məhkəməsinin 2(010)-35/2018 saylı qətnaməsində yalnız evin hərracdan satılması təmin edilmiş, evin boşaldılması və əşyaların çıxarılması nəzərdə tutulmamışdır. Məhkəmə iddia tələbinin əşyaların sahibsiz elan edilərək, bankın mülkiyyətinə verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən, əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa, məlum deyilsə və ya keçmiş mülkiyyətçi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, həmin daşınar əşya sahibsiz hesab olunur. Lakin, iş materiallarından görünür ki, əşyaların mülkiyyətçisi mövcuddur, onun şəxsiyyəti məlumdur və onun mülkiyyətdən imtina etməsi sübut edilməmişdir. Əşyaların mənzildən çıxarılması zamanı Cavabdeh məlumat verilməmiş, onun iştirakı təmin olunmamış və münasibəti öyrənilməmişdir. Təhvil-təslim aktlarında qeyd olunan əşyaların cavabdehə məxsus olubolmaması müəyyən edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, əşyaları sahibsiz elan etmək və İddiaçı ASC-nin mülkiyyətinə vermək tələbi hüquqi əsaslardan məhrum edilmişdir. Məhkəmə iddia tələbinin təhvil-təslim aktlarında qeyd olunan əşyaların saxlanılması üçün ödənilmiş xidmət haqqının cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, iş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-35/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə yalnız əmlakın hərracda satılması qət edilmiş, lakin iddia tələbində olmasına baxmayaraq mənzilin boşaldılması və əşyaların çıxardılması hissəsində təmin edilməmişdir və bu qətnamə ilə mənzilin boşaldılması və əşyaların çıxardılması nəzərdə tutulmamışdır. Bu qətnamə əsasında iddiaçının icra məmuru vasitəsilə evin boşaldılmasını həyata keçirmək hüququ olmamışdır. Sözügedən ev İddiaçı ASC-nin mülkiyyətinə keçdikdən sonra bank evin boşaldılmasını məhkəmə qaydasında tələb edə bilərdi, lakin bank bunu etməmişdir. Beləliklə, bankın əşyaları saxlanca vermək və saxlanc xərclərini cavabdehdən tələb etmək kimi heç bir subyektiv hüququ olmamışdır. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarında göstərilmiş mövqeyə əsasən, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan, iddia tələbinin saxlanca verilmiş əşyalarla bağlı hissəsində də təmin edilə bilməz. Beləliklə, İddiaçı ASC-nin Cavabdeh qarşı “əşyaların sahibsiz elan edilərək bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılması üçün ödənilmiş xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddiaçı ASC-nin Cavabdeh qarşı “əşyaların sahibsiz elan edilərək bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılması üçün ödənilmiş xidmət haqqının tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar