Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2690/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 (bundan sonra – cavabdehlər) qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması, cavabdehlərin mənzildən çıxarılması, mənzilin yenidən iddiaçı və onun ailə üzvlərinə verilməsi və orada iddiaçının yaşayışının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1948-ci il təvəllüdlü X7 ilə 2007-ci ildən vəfat etdiyi günədək rəsmi nikah münasibətlərində olmuşdur və bu nikahdan yeddi uşaq – X13, X4, X14, X19, X8, X20 və X15 dünyaya gəlmişdir. xx.xx.2007-ci ildə yoldaşı X7 vəfat etmişdir. Sağlığı dövründə X7 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Bahar” Neft yatağında çalışmışdır. Həmin işdə çalışdığı və çoxuşaqlı ailə olduğu üçün şirkət tərəfindən mənzillə təmin edilmişdir. ünvan 3, blok 3, etaj 4-də yerləşən mənzil xx.xx.1991-ci il tarixli, 020374 nömrəli order ilə yoldaşı və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. Həmin orderə əsasən, o, yoldaşı və yeddi uşağı üçün ünvan 3, blok 3, etaj 4də yerləşən 5 otaqlı 76.18 kv.metr mənzil yoldaşına verilmişdir. Həmin evdə yaşamaq onlara heç vaxt nəsib olmamışdır. 1993-cü ildə order rəsmi olaraq onlara verilən vaxt yoldaşı ilə həmin evə baxmaq üçün getmək qərarına gəlmişlər. Onlar mənzilə çatan zaman mənzilin tanımadıqları şəxslərlə dolu olduğunu görmüşlər. Mənzilə daxil olub vəziyyəti aydınlaşdıran zaman məlum olmuşdur ki, mənzili təxminən səkkiz nəfərdən ibarət ailə icazə olmadan zəbt etmişdir. Səbəb olaraq isə 1-ci Qarabağ müharibəsi nəticəsində işğal edilmiş ərazilərdən köçürülərək gəldiklərini və məcburi köçkün olduqlarını bildirdmişlər. Həmçinin, onlar qeyd etmişlər ki, gələcəkdə onlara ev verildiyi zaman və ya torpaqları işğaldan azad edildiyi zaman həmin mənzili tərk edəcəklər, hazırkı vəziyyətdə isə onlara aid olmayan, yoldaşının orderlə sahiblik etdiyi mənzildən çıxmayacaqlarını bildirmişlər. Yoldaşının vəfatından sonra onlar dəfələrlə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə müraciət edərək, onların evi ilə təmin edilibedilməməsi barədə məlumatlar əldə etmişlər. Bir dəfə hətta məlumata görə cavabdehlər Qobu ərazisində mənzillə təmin edilmiş, lakin oranı bəyənməyərək onlara aid olan mənzildə yaşamağa davam etmişlər. Dəfələrlə Suraxanı rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə müraciət edilsə də, heç bir nəticə əldə olunmamışdır. Eyni cavablar ilə süründürməçiliyə yol verilərək, onlara sadəcə “narahat olmayın, evlə təmin olunacaqlar” vədləri verilərək idarələrdən uzaqlaşdırılmışlar. Hətta, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi də Suraxanı rayon İcra Hakimiyyəti də bilir ki, orderlə həmin mənzilin sahibi onlar olmuş və həmin ev onların istifadə və sahibliyinə verilmişdir. Bir dəfə məlum olmuşdur ki, dəyərindən dəfələrlə ucuz qiymətə-2000 manata həmin mənzil satılıb. Suraxanı rayon İcra Hakimiyyətinə getdiyi zaman aydınlaşdırılmışdır ki, həmin ev onlarındır və nəticədə satılmamışdır. Artıq 32 ildir ki, bu gün–sabah deyə-deyə mənzil zəbt edilmişdir. Onun uşaqları artıq böyümüş və onların da uşaqları var, evə ehtiyacları var. Niyə onların mənzili ola-ola mənzilsiz qalmalıdırlar? 32 il ərzində cavabdehlərə verilən evlərə niyə köçürülməyiblər? Onların bu qanunsuz hərəkətlərinə son qoyulmalı, mənzil boşaldılmalı və mənzildən istifadəsinə şərait yaradılmalıdır. Hələ bu 32 il ərzində evdən istifadə nəticəsində həmin evə vurulan zərərləri sadalamır. Onun hazırkı tələbi mənzilin qaytarılmasıdır. Onlar çox uşaqlı ailə olaraq artıq evlərinə sığmırlar, əlavə mənzilə çox ehtiyacları var və yoldaşı illərlə əziyyət çəkərək işləmişdir ki, həmin mənzildə yeddi övladı və arvadı rahat yaşasın, lakin bu 32 il ərzində onlara heç nəsib olmur. Artıq cavabdehlərin aid olduqları Ağdam ərazisi də daxil olmaqla, ərazilər işğaldan azad olunub, kütləvi şəkildə məcburi köçkünlər dövlət tərəfindən həmin ərazilərə, öz doğma ata-baba yurdlarına köçürülür. Bəs bu ailə niyə getmir? Başqasının evini zəbt etmək bu qədər asandırmı? Hər kəsin olduğu kimi onların da mülkiyyətində əmlak vardır. Həmin əmlaka yoldaşından sonra onlar sahiblik etmişlər, lakin bu ərizənin predmetini təşkil edən həmin mənzilə - daşınmaz əmlaka qanunsuz maneələr nəticəsində sahiblik və istifadə edə bilmir. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ona məxsus mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, ailə üzvləri ilə birlikdə məcburi köçkün düşdüyü kənd dövlət tərəfindən yenidən bərpa edilməmiş və orada məskunlaşmaq üçün şərait yaradılmamışdır. Hazırda isə onun və ailə üzvlərinin yaşadıqları mənzildən savayı yaşayış sahələri yoxdur. Dövlət başçısı tərəfindən işğaldan azad olunmuş ərazilərdə yeni yaşayış sahəsi ilə təmin edildikləri halda mənzildən çıxmağa razıdırlar. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.1978-ci il tarixli, İ-JQ seriyalı, 452740 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 və X21 arasında xx.xx.1978-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 198 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 843 nömrəli sərəncamının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kirov küçəsi, ev 15, 3-cü giriş, 4-cü mərtəbədə yerləşən, yaşayış sahəsi 76.18 m2 olan, 5 otaqlı, 37 nömrəli mənzilin X2 verilməsi haqqında “Qum adası” NÇQİ-nin müdriyyəti və BK-nin xx.xx.1993-cü il tarixli, 90 nömrəli birgə qərarı təsdiq edilmiş və ona aşağıdakı tərkibdə order yazılması sərəncam verilmişdir: 1) X10, 2) İddiaçı, 3) X16, 4) X11, 5) X22, 6) X12, 7) X17, 8) X23 və 9) X18. 020374 nömrəli orderin surətindən müəyyən olunur ki, X2 Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 843 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kirov küçəsi, ev 15, 3-cü giriş, 4-cü mərtəbədə yerləşən, yaşayış sahəsi 76.18 m2 olan, 5 otaqlı, 37 nömrəli mənzil (yaşayış sahəsi) verilmişdir və sonuncunun ailə tərkibi aşağıdakı kimidir: ... İddiaçı... xx.xx.2012-ci il tarixli, AZ-İ seriyalı, 574019 nömrəli ölüm haqqında şəhadətnamənin (təkrar) surətindən müəyyən olunur ki, X9 xx.xx.2007-ci il tarixdə “Baş-beyin toxumalarına spontal qansızma” səbəbindən Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 125 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2014-cü il tarixli cavab məktubunun surətindən müəyyən olunur ki, qaçqınların və məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunduqları vaxt sözügedən mənzilə dair rəsmi sənəd təqdim edilməklə həmin mənzildə yaşamaq hüququnun əldə edilməsinin mümkün olduğu bildirilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Suraxanı rayonu üzrə bölməsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 626 nömrəli arayışın surətindən müəyyən olunur ki, Ağdam rayonundan məcburi köçkün olan Cavabdeh6 aşağıdakı ailə tərkibi ilə ünvan 2 ünvanında 1993-cü il tarixdən müvəqqəti məskunlaşmışdır: 1) Cavabdeh1, 2) Cavabdeh2, 3) Cavabdeh3, 4) Cavabdeh4 və 5) Cavabdeh5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş cavab məktubundan müəyyən olunur ki, ünvan 3 ünvanının qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş cavab məktubundan müəyyən olunur ki, Ağdam rayonunun Əlimədətli kəndindən məcburi köçkün X5 ailə üzvləri ilə birlikdə sözügedən mənzildə məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində özü və onun ailə üzvləri mənzillə təmin edilməmiş və onlara mənzil təklif olunmamışdır. Sözügedən ailənin adları məskunlaşdıqları ünvan üzrə qeydiyyata alınmışdır. Həmçinin cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq Ağdam rayonunun Əlimədətli kəndindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı həmin ailənin də öz doğma yurduna köçürülməsi həyata keçiriləcəkdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydası
4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarı.
2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını və işə əlavə edilən sənədləri araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin cavabdehin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin (mülkiyyətin müdafiəsi) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddi hüquq normasının dispozisiya şərtlərinə istinadən qeyd edilməlidir ki, müvafiq hüquq normasının istənilən mübahisəli hüquq münasibətinə tətbiqi üçün 3 şərt eyni anda mövcud olmalıdır - 1) mübahisə edilən əşya(lar) iddiaçıya (mübahisə edən tərəfə) məxsus olmalı (onun mülkiyyətində olmalı), 2) həmin əşyalar iddiaçının (mübahisə edən tərəfin) iradəsindən kənar qarşı tərəfin (iddia tələbinin yönəldiyi şəxsin) sahibliyinə keçməli və 2) bu sahiblik qanunsuz (qanuna zidd) olmalıdır. Həmçinin, həmin şərtlərin hər biri eyni zamanda mövcud olmalı və şərtlərin vəhdəti təmin edildikdə maddi hüquq normasının tələbləri mübahisəli hüquq münasibətinə tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 15 ünvanında yerləşən 37 nömrəli mənzil 020374 nömrəli order əsasında iddiaçının mərhum əri X3 verilmişdir. Həmin orderdən görünür ki, X2 Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 843 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kirov küçəsi, ev 15, 3-cü giriş, 4-cü mərtəbədə yerləşən, yaşayış sahəsi 76.18 m2 olan, 5 otaqlı, 37 nömrəli mənzil (yaşayış sahəsi) verilmişdir və sonuncunun ailə tərkibi aşağıdakı kimidir: ... İddiaçı... .Cavabdehlər Ağdam rayonundan məcburi köçkün olmaqla 1993-cü ildən mübahisəli mənzildə məskunlaşmışlar. İddiaçının həmin mənzildə mülkiyyət hüququnun olub-olmaması ilə bağlı hissədə qeyd edir ki, mübahisə predmetini təşkil edən mənzil iddiaçının ərinə order əsasında verilmiş və iddiaçının əri xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Bununla da, həm iddiaçının, həm də orderdə adları qeyd edilən digər ailə üzvlərinin müvafiq order əsasında mənzil üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmalarından irəli gələn qanuni gözləntiləri yaranmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci və eyni məzmunlu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi də daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçının mərhum ərinin sağlığında həmin mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınması imkanı istisna edilmədiyi kimi, iddiaçının ərinin vəfatından sonra orderdə adı qeyd edilən ailə üzvlərinin, eləcə də iddiaçının mərhumun qanun üzrə vərəsələri olmaları və bundan irəli gələn gözlənilən mülkiyyət hüquqlarının mövcudluğu heç bir halda istisna edilə bilməz. Həmçinin, cavabdehlərin 1993-cü il tarixdən etibarən mübahisəli mənzildə yaşamaları və hazırda həmin mənzildə yaşamağa davam etmələri, yaşayışlarını təmin edəcək digər sahənin olmaması iddiaçı və onun ailə üzvlərinin qanunla gözlənin mülkiyyət hüquqlarına qanunsuz müdaxiləyə heç bir əsas vermir və haqq qazandırmır. Məlum olduğu kimi, 1992-1993-cü illərdə ölkədə baş vermiş hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir. Hal-hazırda həmin hadisələrin üzərindən 30 ildən artıq müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda əvvəllər zəbt olunmuş mənzillərdən məhkəmə qaydasında çıxarılan şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi prioritet vəzifə kimi qəbul edilmişdir. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, məcburi köçkünlər və mənzil mülkiyyətçiləri arasında olan bu tipli mübahisələr üzrə Avropa Məhkəməsinin konkret məhkəmə təcrübəsi və həmin təcrübə əsasında formalaşmış hüquqi mövqe mövcuddur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli, “Cəfərov Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli, “Gülməmmədova Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli və digər buna bənzər işlər üzrə qərarlarında formalaşdırılmış hüquqi mövqe ondan ibarətdir ki, mənzil mülkiyyətçisinin razılığı olmadan məcburi köçkünlərin ona məxsus mənzildə yaşamağa davam etməsi, mənzil mülkiyyətçisinin “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüququnun pozulması deməkdir. Yuxarıda da qeyd edildiyi kimi, həmin maddəyə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin qərarlarda məcburi köçkünlük amili ilə bağlı Azərbaycan Respublikasının daxili qanunvericiliyinə istinad edilərək (hansı ki, hazırkı qətnamənin də tətbiq edilən hüquq hissəsində istinad olunmuşdur) qeyd edilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçının mərhum ərinə məxsus mənzildə məskunlaşması və mənzildən bugünədək çıxmamaları iddiaçının gözlənilən mülkiyyət hüquqlarını pozur. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqdında” Azərbaycan Respublikası Qanununun 5-cü maddəsinə istinadən Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Cavabdehlərin məcburi köçkün statusunda olması, onların həmin mənzildən başqa yaşamaqları üçün mənzilin olmamasını bəyan etmələri onlara hüquq müəyyənedici sənəd əsasında mənzil əldə etmiş iddiaçının hesabına öz mənzil problemini həll etməyə əsas vermir. Ən əsası nəzərə alınmalıdır ki, xüsusi mülkiyyət hüququ və onun toxunulmazlığı Azərbaycan Respublikasının Konstitusiyası ilə tanınır və qorunur. Mülkiyyətçinin razılığı olmadan başqalarının ona məxsus mənzildən istifadə etməsi mülkiyyət hüququnun pozulması deməkdir. O da qeyd edilməlidir ki, mülkiyyət hüququnu pozmuş şəxslərin məcburi köçkün statusu daşıması mülkiyyət hüququ pozuntusunu qanuniləşdirmir və ona haqq qazandırmır.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 15 ünvanında yerləşən 37 nömrəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 15 ünvanında yerləşən 37 nömrəli mənzildən çıxarılsın və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva