Məhkəmə qərarları › İş №2(010)-2695/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2695/2020

11.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2695/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə İddiaçı və onun vəkili X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı övladları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin fərdi yaşayış evindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh ilə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamışdır. Ailədə hər gün söz söhbət olduğu üçün getdikcə gərginləşmiş və bu səbəblə evdən ayrılmaq məcburiyyətində qalmışdır. Artıq bir ailə kimi birlikdə yaşamaları qeyri mümkündür. Hal-hazırda nikahları formal xarakter daşıyır və ailənin bərpası mümkün deyil. Bu əsasla nikahın pozulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ilə ailə qurduqdan sonra Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən fərdi yaşayış evinə gəlin gəlmiş, 2020-ci ilin əvvəllərinədək həmin ünvanda yaşamışdır. Ailə münasibətləri pozulduqdan sonra fiziki və psixoloji təzyiqlərə tab gətirməyərək evi tərk etmək məcburiyyətində qalmışdır. Ona məxsus olan cehiz əmlakları hal-hazırda həmin mənzildədir. Həmin ev onun həyat yoldaşı Cavabdeh tərəfindən tikilmişdir. Evin sənədləri mövcud deyil və özbaşına tikilidir. Onun hazırda yaşamağa başqa yeri olmadığından iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən fərdi yaşayış evi onun xalasının adındadır. Həmin evin sənədləri yoxdur. İddiaçı ilə evləndikdən sonra onlar adı çəkilən evdə kirayədə yaşayıblar. İddiaçıya məxsus cehiz əmlakları halhazırda həmin evdədir. Həmin evin ona məxsus olmadığını bildirərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2015-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Zeynalov”, arvada “Zeynalova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 700266 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 399014 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Suraxanı RPİ tərəfindən verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı ünvan 1 mənzil 14 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Qəbələ rayonu, Uludaş kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyəti başçısının Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 4 saylı Asan Xidmətinə ünvanlanmış məktubdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən 3 otaqlı fərdi yaşayış evdə 2020-ci ilin fevral ayına qədər qeydiyyatsız yaşamışdır. Beləliklə, təqdim olunmuş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2015-ci ildə rəsmi olaraq nikaha daxil olmuş və Suraxanı rayonu, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən fərdi yaşayış evinə -özbaşına tikiliyə gəlin köçmüşdür. Birgə nikahdan iki övladları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X6 anadan olmuşdur. Mübahisəli fərdi yaşayış evi qanunsuz tikilidir. Cavabdeh tərəfindən mübahisəli evin qanunla müəyyən olunmuş qaydada əldə edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya evin tikintisi üçün lazımi icazələrin alınması barədə sübutlar təqdim edilmədiyini, tərəflərin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan hüquqlara malik olmadıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2015-ci ildən həmin mənzildə yaşadığından və cavabdehlə birgə təsərrüfat apardığından cavabdehin yaşadığı mübahisəli mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasıın tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 14 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, mübahisəli ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Məhkəmə hesab edir ki, hazırkı qətnamə ilə bağlı olaraq iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi təmin olunsa da, həmin qətnamə iddiaçının mübahisəli mənzilə istifadə hüquqlarının yaranmasına və müvafiq dövlət orqanı tərəfindən onun mənzilə qeydiyyata alınmasına əsas ola bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı azyaşlı övladları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Vurğulanmalıdır ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə qaydasının hansı qaydada müəyyən olunması ilə bağlı olaraq sübut təqdim olunmadığından iddia ərizəsi həmin hissədə təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı azyaşlı övladları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar