Məhkəmə qərarları › İş №2(010)-2729/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2729/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2729/2022 31.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndələri X2, X6 və X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 500 (iyirmi iki min beş yüz) manat məbləğində pulun və 157.5 (yüz əlli yeddi manat əlli qəpik) manat rüsumun alınıb İddiaçı MMC-yə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 2018-ci ildə Şəki şəhərində restoran açaraq işlətmək qərarına gəlmişdir. Bununla əlaqədar Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən 740 kv/mlik 2 mərtəbəli binanı təmir etdirməyə başlamışdır. Restoranı işə salmaq üçün Muharrem Aydəmir adlı Türkiyə vətəndaşı olan tanışı ilə məsləhətləşmələr etmişdir. Muharrem Aydəmir ona iş üzrə Cavabdeh məsləhət bilmişdir. Muharrem ona demişdir ki, Yavuz hal-hazırda Qəbələ şəhərində restoran işlədir və restoran işini yaxşı anlayır. Bundan sonra Muharrem vasitəsilə Yavuzla görüşmüş, restoranın necə işə salınması və digər məsələlərlə bağlı müzakirələr aparmışlar. Söhbət əsnasında ona aydın olmuşdur ki, Yavuzun Qəbələ şəhərindəki “Köşəm” restoranı üzrə müqaviləsi sona yaxınlaşır. 2018-ci ilin sonlarında Yavuz ilə görüşmüş və öz aralarında restoranın işlədilməsi şərtlərini danışmışlar. Yavuz əvvəlcədən ona 20000 manat pul verməsini demişdir. Lakin Yavuza bu qədər pulunun olmadığını, ona avtomobil verə biləcəyini demişdir. Yavuz isə o zaman ona avtomobil və 3000 manat da pul verməsini demişdir. Bu şərtlə razılaşmış və başqa şirkətə məxsus 21000 manat dəyərində olan, buraxılış ili 2013-cü il olan, ağ rəngli, Brilliance V5 modelli avtomobili Cavabdeh adına rəsmiləşdirmiş, bununla yanaşı ona əvvəlcə 2500 manat, 2019-cu ilin yanvarın sonunda isə razılaşdırılmış 3000 manat pulun qalıq məbləği olan 500 manat pul vermişdir. Beləliklə, Yavuza müqavilə üzrə nəzərdə tutulmuş 3000 manatı tamamilə ödəmişdir. Cavabdeh ilə onun arasında 01 dekabr 2018-ci il tarixdə Əməkdaşlıq Sazişi (tərəfdaşlıq) bağlanmışdır. Müqavilənin müddəti 2 il müəyyən olunmuş və onun müddəti 01 dekabr 2020-ci il tarixinədəkdir. Onunla cavabdeh arasında olan razılaşmaya əsasən restoranın gəlirlərinin 33%-i Yavuzun, 33 %-i onun, 33 %-i isə şirkətin olmalı idi. Müqavilə imzalandıqdan sonra Yavuz bir neçə dəfə restorana gəlib tikinti-təmirlə bağlı müəyyən göstərişlər, dizaynlar vermiş və Türkiyəyə getmişdir. Təmir-tikinti işləri onun (yəni Nizami Düııyamalıyevin) nəzarəti altında həyata keçirilmişdir. Yəni bütün tikinti materialları və bunun üçün sərf edilən bütün vəsaitlər onun tərəfindən qarşılanmışdır. Əvvəlcə avtomobili Yavuza etibarnamə əsasında vermək istəmişdir. Lakin Yavuz avtomobili rəsmi olaraq onun adında olmasa sərhədi keçərək Türkiyəyə gedə bilməyəcəyini demişdir. Yavuza inandığından, ona etibar etdiyindən avtomobilin onun adma rəsmiləşdirilməsinə razılıq vermişdir. Cavabdeh Türkiyədən 2019-cu ilin fevral aymda qayıtmişdır. 2019-cu ilin mart ayında Yavuza oturum almış və bunun üçün 1300 manat xərci çıxmışdır. Təxminən mart aymda restoranın mətbəxində olarkən görmüşdür ki, mətbəxə isti su çəkilməmişdir. Bundan, sonra Yavuzun iş bacarmadığı ona məlum olmuşdur. Belə ki, restoranda bütün dizayn işlərinə Yavuz rəhbərlik edirdi. Restoranın açılışı gecikdiyindən, Yavuza müvəqqəti olaraq Oğuz rayonu Xal-Xal kəndində olan obyektini işlətməsini təklif etmiş, o da təklifi qəbul etmiş və 2019-cu ilin aprel-may aylarında həmin obyekti işlətməyə başlamışdır. Cavabdeh may ayında ona demişdir ki, ailəsini də Türkiyədən Azərbaycana gətirmək istəyir, bunun üçün ona 900 manat pul lazımdır. Buna görə də ona 900 manat pul vermişdir. Ümumiyyətlə, Yavuz onun yanında işlədiyi müddətdə 300-500, digər xırda və böyük məbləğlər olmaqla toplam 6300 manat ona borc pul vermişdir. Bundan başqa, 2019-cu ilin iyun ayında ondan 2000 manat borc pul istəmiş, o da 2000 manatı cavabdehə vermişdir. 06 iyun 2019-cu il tarixdə ailəsində toy olmuş, cavabdeh də həmin toyda iştirak etmişdir. Toydan sonra Yavuzu tapa bilməmişdir. Belə ki, cavabdehin yerini bilməmiş, zəng etdikdə isə zənginə cavab verməmişdir. Nəhayət 2019-cu ilin iyul ayında onu Bakı şəhərində dəniz kənarında tapmışdır. Bildirmişdir ki, cavabdehlə aralarında olan müqavilənin müddəti başa çatmamışdır, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyibdir. Buna görə də müqavilənin şərtləri üzrə ona maddi ziyan dəymişdir. Cavabdehə həddən çox inanmış, ona etibar etmişdir. Buna görə də cavabdehlə hər hansı əmək müqaviləsi bağlamamış, ümumiyyətlə aralarında əmək haqqı ilə bağlı söhbət belə olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər arasında əməkdaşlıq müqaviləsi olmuşdur. İddiaçı tərəfindən cavabdehə həmin əməkdaşlığa müvafiq olaraq müəyyən məbləğdə pul vəsaiti verilmiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra olunmamış və alınan pul məbləği də həmçinin geri qaytarılmamışdır. Hətta Ali Məhkəmənin qərarındada qeyd olunubki, verilən borc məbləği ilə bağlı şübhə yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə aramızda həmin işin görülməsi ilə bağlı sövdələşmə olmuşdur. Dizayn işi və təşkilatçılıq ona tapşırılmışdı. Qızımın toy ərəfəsi olduğundan başım qarışıq olmuş, cavabdeh bundan sui-istifadə edərək öz işini lazımi qaydada yerinə yetirməmişdir. Aramızda olan sövdələşməyə əsasən, mən ona müxtəlif vaxtlarda ümumilikdə 7500 manata yaxın borc pul və 15 min manat dəyərində maşın vermişəm ama qaytarmayıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib əlavəsinin olmadığını bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məluma verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Əməkdaşlıq Sazişindən görünür ki, Tərəf 1 - "xxxx" MMC-nin təsisçisi X2 və Tərəf – 2 Cavabdeh arasında məhsulların satışının genişləndirilməsi, müştəri bazasının artırılması məqsədilə 2 il müddətinə qarşılıqlı əməkdaşlıq sazişi bağlanmışdır. Sazişin 3.1-ci bəndindən görünür ki, Tərəf 1. O.N.Dünyamalıyev "xxxx" MMC-yə məxsus olan və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 6 ünvanda yerləşən 740 kvadrat metr olan 2 mərtəbəli restoranı işlətmək və gəlirin tərəflər arasında bu müqavilənin 6.1-ci maddəsində göstərilən şərtlərlə bölüşdürülməsi üçün tərəf 2-yə verir. Sazişin 3.2-ci bəndinə əsasən, bütün idarəçiliyi Tərəf 2 aparır: işçiləri qəbul edir, onların əmək haqqını müəyyən edir, gəliri, mədaxili, məxarici müəyyənləşdirir. Restoranın bütün xərcləri gəlirdən çıxıldıqdan sonra təmiz gəlir müəyyən olunur və yalnız bu məbləğ tərəflər arasında bölünür. Restoranda həyata keçirilən təmir və tikinti işləri Tərəf 1-in nəzarəti altında Tərəf 2 həyata keçirir. Dövlət orqanları ilə münasibətləri Tərəf 2 həyata keçirir. AR qanunveriicliyində tələb olunan Dövlət Miqrasiya Xidmətində lazım olan sənədləşmə və rüsumların ödənilməsini Tərəf 1 öz öhdəsinə götürür. Tərəf 2 AR ərazisində yaşamaq və onun ərazisində işləmək hüququndan məhrum olduqda bu müqavilə ilə bağlı öhdəliklərini hər hansı ölkədə olsa da yerinə yetirir. Tərəf 2 hər hansı qanunsuzlu törətdiyi halda, şəxsi məsuliyyət daşıyır. Sazişin 6.1-ci maddəsinə görə, restoranın gəlirindən 67% pay Tərəf 1-ə, 33% pay isə Tərəf 2-yə düşür. Sazişin 6.2-ci maddəsinə görə, bu müqavilə üzrə Tərəf 1 Tərəf 2-yə buraxılış ili 2013-cü il olan, ağ rəngli, “Brilliance V5” modelli, BAN nömrəsi LSYYDBDB2DC051289 olan avtomaşını (qiyməti 15.000 manat) və 3 min manat nağd şəklində ödəniş edir. Sazişin 6.3-cü maddəsinə görə, bu müqavilənin 6.2-ci bəndində göstərilən ümumi məbləğ 18.000 manat restoranın mənfəətindən Tərəf 2-yə məxsus olan 33%dan borc olaraq Tərəf 1-in xeyrinə tutulur. Sazişin 6.4-cü bəndinə əsasən, müqavilənin müddəti bitdikdən sonra Tərəf 2-nin ödənilməmiş borcu qalarsa, Tərəf 1 həmin borcun ödənilməsini birbaşa tələb edə bilər. Sazişin 7.1-ci maddəsinə görə bu müqavilənin hər bir bəndinin pozulmasına görə, təqsirli tərəf 150% məbləğində pul digər tərəfə ödəyir və bütün zərərləri tam təzminat edir. İş materiallarında olan AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6022/2021 saylı qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 31 may 2020-ci il tarixli, 2(075)-136/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim C.İmanov) İddiaçın Cavabdeh qarşı “əməkdaşlıq sazişinin ləğv edilməsi, əsas məbləğin, vurulmuş zərər məbləğinin və avtomobilin geri qaytarılması” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı MMC ilə cavabeh Cavabdeh arasında 01 dekabr 2018-ci il tarixdə bağlanmış Əməkdaşlıq Sazişinin (tərəfdaşlıq) ləğv edilməsi, Cavabdeh cəmi 1300 (min üç yüz) manatın alınaraq "xxxx" MMC-nin nümayəndəsi X1 verilməsi qət edilmiş, iddianın Cavabdeh Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə ödənilmiş 1300 manat pulun, əməkdaşlıq sazişinin şərtlərinə əsasən cəmi 27000 manat pulun, cavabdehə verilmiş avtomobilə görə əldən çıxan faydaya görə 16440 manat pulun, qiyməti 21500 manat olan “Brilliance V5" modelli avtomobilin geri qaytarılmasına dair hissəsi, habelə iddia tələbinin cavabdehdən tələb edilən 6300 manat pul vəsaitinin 5000 manat hissəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- G.Abbasov (sədrlik edən və məruzəçi), E.Hüseynov və M.Hüseynov) 04 sentyabr 2020-ci il tarixli, 2(107)-1528/2020 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli 2(075)-136/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) 2(102)-1138/2021 nömrəli iş üzrə 23 fevral 2021- ci il tarixli qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1528/2020 nömrəli iş üzrə 04 sentyabr 2020-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni məhkəmə baxışına göndərilməsi, qətnamənin iddiaçının kassasiya şikayətinə əsasən ona aid qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və İ.Şükürov) 16 iyun 2021-ci il tarixli, 2(107)- 968/21 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(075)-136/2020 nömrəli qətnaməsi qismən “3000 manat məbləğində pulun təmin edilməməsi hissəsində” ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin bu hissədə təmin edilməsi, Cavabdeh 3000 (üç min) manat məbləğində pulun alınaraq “Şəki Tikinti-4 MMC-nin nümayəndəsi X1 verilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, tərəflər saziş bağladıqdan altı ay sonra artıq birgə fəaliyyətlə bağlı münasibətlər pozulmuşdur. Birgə fəaliyyətin pozulması halında iddiaçının vermiş olduğu 18.000 manat pulun cavabdehdə qalmasını şərtləndirən başqa hallar yoxdur. Bu məsələ ilə bağlı məhkəmənin əsaslandırması işin hallarına uyğun gəlmir. Cavabdeh iddiaçının tapşırığı ilə ona məxsus olan başqa restoranlarda işlədiyini, əmək haqqı almadığını, iddiaçının ona borclu olduğunu bildirsə də, bununla bağlı sübutlar təqdim etməmiş və tələb irəli sürməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, nə qədər ki, mübahisəli avtomobil cavabdehin xüsusi mülkiyyətindədir, avtomobillə bağlı tərəflər arasındakı razılaşma mübahisələndirilməyib, həmçinin iddia tələbində avtomobilin dəyərinin qaytarılması tələb edilməyib, onda mülkiyyət hüququ ilə cavabdehə məxsus avtomobilin geri qaytarılması absurd bir tələb olardı. Kollegiyanın qənaətincə bu ayrıca bir iddianın predmeti ola bilər. Bu səbəbdən də kollegiya belə qənaətə gəlmişdir ki, cavabdehə verilmiş 3000 manat məbləğində pul vəsaiti işin mübahisəsiz halı olduğundan iddia tələbi bu hissədə təmin olunmalıdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki qeyd olunan qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 968/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələnidirlən hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasına xx.xx.2018-ci il tarixli Əməkdaşlıq Sazişi imzalanmışdır. Sonradan, tərəflərin iş birliyi baş tutmamışdır. İşin müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında qeyd edilən əməkdaşlıq sazişi ilə bağlı əvvəllər də məhkəmə mübahisələri olmuş və məhkəmələr məsələyə belə hüquqi qiymət vermişlər ki, tərəflər arasında birgə fəaliyyətlə bağlı saziş olmuş, bu saziş əsnasında 18000 manat pul (pulun 15000 manat hissəsi avtomobilin verilməsi şəklində nəzərdə tutulur.) iddiaçı tərəfindən cavabdehə verilmişdir. Əvvəlki məhkəmə aktları ilə qeyd edilən məbləğ üzrə 3000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Hazırkı tələbdə iddiaçı 15000 manat pulu avtomobilin dəyəri kimi tələb edir. Tələb edilən qalan məbləğ isə iddia tələbində əsaslandırılmasa da, iddiaçının nümayəndəsinin izahatından aydın olur ki, bu müqavilə şərtinə əsasən cərimə məbləği kimi tələb edilir. Cavabdeh əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarda iddia tələbini qəbul etməmiş, əksinə ididaçının onu ziyana saldığını bildirmiş, eyni zamanda avtomobilin ona müqavilə şərti olaraq verildiyini, hazırda da onda olduğunu, bildirmişdir. Mülki-Prosessual Məcəllənin (bundan sonra MPM) 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-nin qeyd edilən maddəsinə əsaslanaraq məhkəmə bildirir ki, yuxarıda qeyd edilən məhkəmə aktları hazırkı iş üzrə preyudisial xarakter daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən, 15000 manatın qaytarılması hissəsində əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Tərəflər arasında bağlanmış sazişin 6.3-cü bəndində qeyd edilir ki, bu müqavilənin 6.2-ci bəndində göstərilən ümumi məbləğ 18000 (on səkkiz min) restoranın gəlirindən olan mənfəətin əldə edilməsindən Tərəf -2 yə məxsus 33%-dan borc olaraq Tərəf-1 in xeyrinə tutulur. Göründüyü kimi, müqailənin bu şərtinə görə restoran işə düşəndən sonra 18000 manat pul cavabdeh tərəfindən onun restoranın gəlirindəki payının hesabına iddiaçıya qaytarılmalı idi. 18000 manatın 15000 manatı avtomobilin verilməsi şəklində, qalan 3000 manatı isə nağd pul şəklində verilmişdir. Lakin, iş materiallarından göründüyü kimi restoran işə düşməmiş və tərəflərin iş birliyi uğurlu olmamışdır. Tərəflər arasında daha əvvəl olmuş məhkəmə mübahisəsi zamanı işə baxan apellyasiya instansiyası məhkəməsi də müqavilənin qeyd edilən bu şərtinə hüquqi qiymət verərkən bildirmişdir ki, hətta tərəflər arasında müqavilə öhdəlikləri yerinə yetirilmiş olsaydı belə, qeyd olunan vəsaitin (yəni 18000 manatın) cavabdeh tərəfindən iddiaçıya qaytarılması əvvəlcədən şərtləndirilmişdir. Daha sonra qeyd edilmişdir ki, 18000 manatın cavabdehdə qalmasını şərtləndirən başqa hallar yoxdur. Bu məbləğin 3000 manatı məhkəmə qaydasında tutulmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 15000 manatın qaytarılması öhdəliyi mövcuddur. Çünki, həmin məbləğin əvəzi kimi ona iddiaçı tərəfindən avtomobil verilmişdir və bu məbləğ ona sonradan qaytarılmaq şərti ilə verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qalan 7500 manat pul məbləğinin tələb edilməsi hissəsində əsaslı deyildir. Belə ki, iddiaçı tələbin bu hissəsi ilə bağlı iddia tələbində hər hansı bir əsaslandırma verməmiş, yalnız ümumi olaraq Sazişin 7.1-ci bəndinə əsaslanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bu hissədə formal mülahizələrə əsaslanmış və tələbin əsaslı olduğunu göstərən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. AR MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin istinad edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Keşkekçı̇ Yavuz Fevzı̇ oğlundan iddiaçı "xxxx" MMC-nin xeyrinə 15.000 (on beş min) manat məbləğində pul tutularaq ödənilsin. İş üzrə ödənilmiş 157.50 manat dövlət rüsumunun 135 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar