Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2730/2022 08.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Kazımova Leyla Fərhad qızının katibliyi, İddiaçı Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə dair iddiaları üzrə mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə köçürülməyi, evdən maneəsiz istifadə etməyinə (evə sərbəst girib-çıxmaq) şərait yaradılması, eləcə də evdən istifadəsinə mane olan hərəkətlərin cavabdehlərə qadağan edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan X5 Mahirə və Osmanlı Amin adlı 3 övladı dünyaya gəlmişdir Digər Cavabdeh1 həm onun doğma xalası, həm də qayınanasıdır. Onlar, Cavabdeh2la birlikdə 2013-cü ildə birgə qazancları hesabına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini satın almışlar. Evi aldıqdan sonra o uşaqları və cavabdehlərlə birlikdə həmin evə köçüb orada yaşamağa başlamışdır. Həmin evdə cavabdehlərlə yaşadıqları ilk dövrlər münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuşdur. Cavabdehlər ona həmin evdə yaşamağa imkan vermədilər və onu uşaqları ilə birlikdə evdən qovdular. O, uşaqları ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək birgə nikah dövründə aldıqları evə uşaqları ilə birlikdə köçürülməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 evi nikah dövründə aldığını, ümumilikdə cavabdehin uşaqlar ilə birlikdə mübahisəli evdə yaşamasına qarşı olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 digər cavabdehlə razı olduğunu bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən, evə köçürülmə hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AZ-İ 808 812 № li nikah şəhadətnaməsindən görünür ki, Cavabdeh2 ilə X1 xx.xx.2012-ci il tarixində nikaha daxil olmuşlar. -AZE 11937670 № li şəxsiyyət vəsiqəsinin surətindən görünr ki, X2 xx.xx.2012-ci ildə anadan olmuşdur. Atası Cavabdeh2, anası İddiaçıdür. - AZE 18150775 № li şəxsiyyət vəsiqəsinin surətindən görünr ki, X4 xx.xx.2013-cü ildə anadan olmuşdur. Atası Cavabdeh2, anası İddiaçıdür. - AZE 18150776 № li şəxsiyyət vəsiqəsinin surətindən görünr ki, X6 xx.xx.2017-ci ildə anadan olmuşdur. Atası Cavabdeh2, anası İddiaçıdür. - Suraxanı RİHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfinən verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Osmanov X3 qəsəbəsi, Mirmühdi Seyidzadə küçəsi, döngə 2, ev 7 ünvanında qeydiyyatdadır. Həmin evdə qeydiyyatda olan şəxslər sırasında İddiaçı da var. İş üzrə iddiaçı və cavabdeh tərəfin izahatlarından müəyyən edilir ki, fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə tikilmişdir və evin hüquqmüəyyənedici sənədi yoxdur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, mübahisəli yaşayış evi qanunsuz tikili olmaqla, tərəflərin birgə nikahı dövründə tikimişdir. Hazırda cavabdehlər həmin evdə yaşayırlar. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer - onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Hazırkı işdə müəyyən edilir ki, dövlət qeydiyyatına alınmayan mübahisəli yaşayış evi tərəflərin nikahı dövründə tikilmişdir. Tərəflərin izahatlarına əsasən ev Cavabdeh2 tərəfindən tikilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»na istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı övladları ilə birgə mübahisəli fərdi yaşayış evinə köçmək və orada yaşamaq hüququ vardır. Çünki, həmin ev birgə nikah dövründə tikildiyindən iddiaçının həmin yaşayış sahəsindən burada yaşayan cavabdehlərlə bərabər surətdə istifadə etmək hüququ vardır və belə olan halda mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. İddia tələbinin evdən maneəsiz istifadə etməyinə (evə sərbəst girib-çıxmaq) şərait yaradılması, eləcə də evdən istifadəsinə mane olan hərəkətlərin cavabdehlərə qadağan edilməsi hissəsini məhkəmə əsaslı saymır. Belə ki, iddia tələbi bu hissədə əsaslandırılmamış, mübahisənin nədən ibarət olduğu qeyd edilməmişdir. Həmçinin, fərdi yaşayış evinə köçürülmə həmin evdə yaşamaq hüququnu ehtiva etdiyindən, hüquq sahibinə evə sərbəst girib-çıxmaq hüququnu da verir. Başqa sözlə, evə sərbəst giribçıxmaq hüququ evə köçürülmə (evdə yaşamaq) hüququ ilə əhatə olunduğundan, bu hissənin iddia şəkilində əlavə olaraq təmin edilməsinə zərurət yoxdur. Ona görə də, tələb bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı azyaşlı övladları - xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 50 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2730/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2730/2022
08.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver