Məhkəmə qərarları › İş №2(010)-2742/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2742/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2742/2021 26.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, X13 qızının katibliyi ilə, İddiaçı Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun ləğv prosesində olan "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə, Cavabdeh4 ASC-nə qarşı “hərracın nəticələrinin etibarsız hesab olunması, müqavilənin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərracın yekunları barədə Y-455 saylı yekun protokolun və hərracın nəticələrinin etibarsız hesab edilməsi, hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə müqavilənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, "NBCBank” ASC cavabdehlər X7, İddiaçı və X8 qarşı "borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X10 ilə "xxxx" ASC arasında 12.08.2015-ci il tarixli 11/OÖO1/OBK saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 23% ödəmək şərti 27500 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin üsulu kimi NBCBank"ASC ilə X2 və X11 ilə zaminlik müqaviləsi bağlanmış, 12 avqust 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən, X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Suraxanı rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş və 24,368,85 ABŞ dolları əsas borc, 8964,37 ABŞ dolları faiz borcu olmaqla, cəmi 33,333,22 ABŞ dolları borcun, habelə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi, ev 5b, mənzil 10 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərrac yolu ilə satılması, mənzilin dəyərinin 55.000 manat müəyyən edilməsi, mənzilin satılmasından əldə olunacaq məbləğdən iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Suraxanı rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 07.03.2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. Sonradan Suraxanı rayon İcra Şöbəsinin sifarişi ilə "xxxx"MMC tərəfindən hərrac təşkil olunmuş və daşınmaz əmlak 35063 (otuz beş min altmış üç) manata "xxxx" ASC tərəfindən alınmışdır. Sonradan tanımadıqları şəxslər yaşadığı mənzilə gələrək evin onlara məxsus olduğunu bildirmişdir. Halbuki onun hərracın gedişindən xəbəri olmamışdır. Məhz bundan sonra araşdırma aparmış və "xxxx" MMC-yə gedərək hərracla bağlı materialları əldə etmişdir. Onun keçirilmiş hərracdan xəbəri olmamış və beləliklə də hərracda iştirak etmək, etiraz və təkliflərini bildirmək imkanından məhrum olmuşdur. "xxxx" MMC tərəfindən ona bildiriş göndərildiyi deyilsə də, belə bir bildiriş ona təqdim edilməmişdir. Bu da onu təsdiq edir ki, hərracın keçirilməsi barədə ona məlumat verilməmiş və onun hərracın keçirilməsindən xəbəri olmamışdır. Cavabdeh "xxxx" ASC digər cavabdeh "xxxx" MMC ilə əlaqəyə girib belə bir qeyri-qanuni hərrac keçirməsi barədə protokol tərtib edilməklə alqı-satqı müqaviləsi bağlanmış və alqı-satqı müqaviləsi əsasında cavabdehə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 01.04.2019-cu il tarixli, ******* saylı, RX seriyalı dövlət reyestrindən Çıxarış verilmişdir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun ləğv prosesində olan "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, borclu banka olan öhdəliyini yerinə yetirmədiyindən məhkəməyə müraciət olunmuş və mübahisəli mənzilin açıq hərracdan satılması barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Həmin qətnamə icraya yönəldilmiş və hərracın keçirilməsi zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Hərrac tərəfindən cavabdehlərə qanunla müəyyən olunmuş qaydada bildiriş göndərilmişdir. İddiaçı hərrac barədə məlumatlı olmuş, lakin hərraca gəlməmişdir. Artıq uzun müddətdir ki, qanuni qüvvəyə minmiş məhkəmənin qətnaməsi icra olunmur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş 10.08.2018-ci il, 24.08.2018-ci il, 14.09.2018-ci il və 28.09.2018-ci il tarixli “Açıq hərracın keçirilməsinə dair bildiriş”lərin surətindən görünür ki, X7 və X8 açıq hərracın keçirilməsinə dair bildirişlər Zəngilan rayonu, Muğanlı kəndinə göndərilmişdir. İşə əlavə edilmiş AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01.04.2019-cu il tarixli RX ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 5b saylı evin 10 saylı mənzili "xxxx" ASC-nin adına xüsusi mülkiyyət hüququ üzrə rəsmiləşdirilmişdir. İşə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 07.03.2018-ci il tarixli 2(103)- 2578/2018 saylı qətnamədən müəyyən olunur ki, X5, İddiaçı və X6 müştərək qaydada 24368,85 ABŞ dolları əsas borcun, 8964.37 ABŞ dolları faiz borcu, cəmi 33333.22 ABŞ dolları məbləğində pul vəsaitinin (borcun alınacaq gündə ABŞ dollarının Aərbaycan manatına məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə) iddiaçı "NBCBank” ASCnin xeyrinə tutulması, cavabdehlər X5, İddiaçı və X6 müştərək qaydada tutulmalı olan cəmi 33333.22 ABŞ dolları məbləğində borcun iddiaçı "NBCBank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 5b saylı evin 10 saylı mənzilinə yönəldilməsi və həmin mənzil açıq hərracda satılaraq iddiaçıya olan borcun ödənilməsi, ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 5b saylı evin 10 saylı mənzilinin ilkin satış qiyməti 55000 manat müəyyən edilməsi, cavabdeh İddiaçı 31 manat dövlət rüsumunun və bank xidmət haqqının "NBCBank” ASC-nin xeyrinə tutulması və ekspertiza tədqiqatının dəyəri 50 manat pul vəsaitinin cavabdehlər X5, İddiaçı və X6 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 15.11.2018-ci il tarixli “hərracın yekunları barədə” Y-455 saylı protokolu və "xxxx" MMC ilə "xxxx" ASC arasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 5b saylı evin 10 saylı mənzilinin alqı-satqısına dair bağlanmış 15.11.2018-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsinin surətindən görünür ki, İddiaçı oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 5b saylı evin 10 saylı mənzili 35063 manat məbləğ qarşısında "xxxx" ASC-yə satılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1.-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Bu Məcəllənin 415.2.-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.3.-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin 416.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2.-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30.12.2008-ci il tarixli qərarında Plenum vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız «İpoteka haqqında» 09 iyun 2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. “İpoteka haqqında” Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İpoteka haqqında” Qanunun 43.7, 43.7-1. və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Mülki Məcəllənin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2.-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 340.2.-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Bu Məcəllənin 337.3.-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Təqdim olunmuş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən 10.08.2018-ci il, 24.08.2018-ci il, 14.09.2018-ci il və 28.09.2018-ci il tarixli “Açıq hərracın keçirilməsinə dair X7 və X8 Zəngilan rayonu Muğanlı kəndinə bildiriş”lər göndərilmiş, ipoteka qoyan İddiaçı isə açıq hərracın keçirilməsinə dair bildiriş ümumiyyətlə göndərilməmişdir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə hesab edir ki, ipoteka qoyan hərracda alıcı qismində iştirak etmək hüququna malik olsa da, o bu hüquqdan məhrum edilmiş və ona bununla bağlı olaraq rəsmi qaydada məlumat verilməmişdir. Bununla da hərrac müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin 15.11.2018-ci il tarixli “hərracın yekunları barədə” Y-455 saylı protokolu və hərracın nəticələri etibarsız hesab edilməli, "xxxx" MMC ilə "xxxx" ASC arasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 5b saylı evin 10 saylı mənzilinin alqı-satqısına dair bağlanmış 15.11.2018-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 01.04.2019-cu il tarixli, ******* saylı RX seriyalı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ləğv olunmalıdır. Bundan başqa 15.11.2018-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqaviləsi üzrə tərəflərin əqd üzrə aldıqları müəyyən olunduğundan tərəflərin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı normalar tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 5b saylı evin 10 saylı mənzilinin alqı-satqısına dair ödənilmiş 35063 manat "xxxx" ASC-yə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" MMC-nin 15.11.2018-ci il tarixli “hərracın yekunları barədə” Y-455 saylı protokolu və hərracın nəticələri etibarsız hesab edilsin. "xxxx" MMC ilə "xxxx" ASC arasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 5b saylı evin 10 saylı mənzilinin alqı-satqısına dair bağlanmış 15.11.2018-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 01.04.2019-cu il tarixli, ******* saylı RX seriyalı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ləğv olunsun. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 5b saylı evin 10 saylı mənzilinin alqı-satqısına dair ödənilmiş 35063 (otuz beş min altmış üç) manat "xxxx" ASC-yə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar