Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2773/2021 11.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı övladları 09.11.2010cu il təvəllüdlü X4 və 18.08.2012-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 10 V saylı evin 83 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o cavabdehlərin mərhum oğlu X5 ilə 27 mart 2009-cu il tarixində el adəti ilə ailə qurmuş, lakin rəsmi nikaha 26.12.2016-cı il tarixində daxil olmuşdur. Onların birgə nikahlarından azyaşlı övladları 09.11.2010-cu il təvəllüdlü X4 və 18.08.2012-ci il təvəllüdlü X6 adlı uşaqları dünyaya gəlmişdir. Toydan sonra Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 10 V saylı evin 83 saylı mənzilinə gəlin köçmüş və cehiz əşyalarını da məhz həmin evə yerləşdirmişdir. Həmin vaxtdan evdən qovulan vaxta kimi yəni 2021-ci ilin mart ayına kimi həmin evdə yaşamışdır. Həyat yoldaşı X5 14.02.2018-ci il tarixdə qəflətən kəskin ürək damar çatışmamazlığı səbəbindən vəfat etmişdir. O üç ilə yaxın müddət ərzində cavabdehlərlə heç bir problem olmadan yaşasa da, sonradan onun baldızı evdə mübahisələr yaratdığından münasibətləri pisləşmişdir. Həyat yoldaşının vəfatından sonra qaynanasının və qaynatasının ona və nəvələrinə qarşı münasibətləri dəyişmişdir. Evdə mübahisə yarandığından 05 mart 2021-ci il tarixində onu və nəvələrini yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 10 V saylı evin 83 saylı mənzilindən qovmuşlar. Onun və azyaşlı övladlarının yaşamağa başqa yerləri yoxdur. Hal-hazırda mübahisəli mənzil order əsasında Cavabdeh1 adınadır və həmin mənzildə o və azyaşlı övlaları pasport qeydiyyatındadırlar. Bu səbəbdən onu azyaşlı övladları 09.11.2010-cu il təvəllüdlü X4 və 18.08.2012-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 10 V saylı evin 83 saylı mənzilinə köçürülməsini məhkəmədən xahiş etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 10 V saylı evin 83 saylı mənzili 1987-ci ildə order əsasında ona və ailə üzvlərinə yaşamaq üçün verilmişdir. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 10 V saylı evin 83 saylı mənzilinə 2009-cu ildə gəlin köçmüş və 2018-ci ildə həmin evə pasport qeydiyyatına alınmışdır. Onun oğlu X5 14.02.2018-ci il tarixdə qəflətən kəskin ürək damar çatışmamazlığı səbəbindən vəfat etmişdir. O gəlini evdən qovmamış, lakin İddiaçı 16.02.2021-ci il tarixdə evdən özü çıxıb getmişdir. Onun gəlini ilə münasibətləri heç zaman pis olmamışdır, lakin onu məhkəməyə verdiyindən hal-hazırda onunla bir evdə yaşamaq istəmir. Buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı onun oğlu ilə 2009-cu ildə nikaha daxil olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 10 V saylı evin 83 saylı mənzilinə gəlin köçmüş və onlarla birlikdə təsərrüfat aparmışdır. 2018-ci ildə onun oğlu X5 qəflətən vəfat etmiş və o iddiaçıya bundan sonra da onlarla yaşamasına etiraz etmədiyini bildirmişdir. Lakin 16.02.2021-ci il tarixdə İddiaçı ondan icazəsiz öz qohumları ilə birlikdə evdən çıxıb getmişdir. Hazırda onlar arasında mübahisə yarandığından o Elnarənin həmin evə qayıtmasına və onlarla birlikdə yaşamasına etiraz edir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Suraxanı rayon Mənzil-Kommunal Təsərüfatı Birliyi 103 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 15.03.2021-ci il tarixli, 237 saylı arayışdan müəyyən olunur ki, İddiaçı, 09.11.2010-cu il təvəllüdlü X4 və 18.08.2012-ci il təvəllüdlü X6 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 10 V saylı evin 83 saylı mənzilində yaşayırlar. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X5 26.12.2016-cı il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Muradov”, arvada “Muradova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 09.11.2010-cu il tarixdə anadan olmuşdur. X2, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 18.08.2012-ci il tarixdə anadan olmuşdur. X2, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş Nizami rayon X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş 248399 saylı 15.10.1987-ci il tarixli orderin surətindən müəyyən olunur ki, Hövsan qəsəbəsi, 10V saylı evin 83 saylı mənzili yaşaması üçün Cavabdeh1 və onun ailə üzvlərinə verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 14.02.2018-ci cu il tarixdə ölmüşdür. Beləliklə, təqdim olunmuş sübutlar və verilmiş izahatlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı X5 ilə 2009-cu ildə faktiki olaraq nikaha daxil olmuş və nikahlarını 26.12.2016-cı ildə rəsmiləşdirmişlər. İddiaçı 2009-cu ilin mart ayında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 10 V saylı evin 83 saylı mənzilinə köçərək orada yaşamış və birgə nikahdan iki uşaqları doğulmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 10 V saylı evin 83 saylı mənzili 15.10.1987-ci il tarixdə order əsasında Cavabdeh1 və onun ailə üzvlərinə yaşaması üçün verilmişdir. İddiaçı 2009-cu ilin mart ayından 2021-ci ilin mart ayına kimi həmin mənzildə yaşamış və ona məxsus əmlaklar hazırda həmin mənzildə yerləşir. Sonradan tərəflər arasında mübahisə yarandığından iddiaçı evi tərk etmək məcburiyyətində qalmışdır. Cavabdehlər tərəfindən iddiaçının mənzilə daxil olmasına, orada yaşamasına və istifadə hüququnun həyata keçirilməsinə maneə yaradılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası MM-nin 27.3-cü madddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 2009-cu il tarixdə yarandığından həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa catmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin ücüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından cıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köcürmək ixtiyarına malikdir. Həddi-büluğa catmamış uşaqların öz valideynlərinin yanına köcürülməsi ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köcmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Azərbaycan Respublikası qanununun 2-ci maddəsinin tələbinə görə şəxsi yaşayış yeri–tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Vurğulanmalıdır ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı cavabdehlərin razılığı ilə 2009-cu ilin mart ayından həmin mənzilə gəlin köçərək orada cavabdehlə birlikdə fasiləsiz yaşadığından, onlarla birgə təsərrüfat apardığından və onun həmin mənzildən istifadə hüququ yarandığından iddia tələbi təmin edilməli, İddiaçı azyaşlı övladları 09.11.2010-cu il təvəllüdlü X4 və 18.08.2012-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 10 V saylı evin 83 saylı mənzilinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. İddiaçı azyaşlı övladları 09.11.2010-cu il təvəllüdlü X4 və 18.08.2012-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 10 V saylı evin 83 saylı mənzilinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-2773/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2773/2021
11.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver